Hanı bu seçkinin paltaryuyanı, soyuducusu?!

Mənim qəzəbim bu cavan namizədlərədir

Foto: Meydan TV


Mənim qəzəbim bu cavan namizədlərədir

Mən YAP deputatlarının seçki kampaniyasını heç bəyənmədim. Birincisi, ona görə ki, çox komplekslidirlər. Belə abırlı olmaqla heç inanmıram ki, bu yazıqlar yenidən deputat seçilə bilsinlər. Məsələn, Səyavuş Novruzov ortalıqda heç görünmür, gecəquşu kimi utancaqdır. O qədər utancaq ki, kampaniya da aparmağa “arlanır”, deyir, xalq məni seçməsə də, seçsə də, sağ olsun möhtərəm Prezidentimiz…

Ya da olanların komplekslə əlaqəsi yoxdu, “sağ əlin verdiyini sol əl bilməz” prinsipinə əməl etdiklərindən seçicilərə bazarlıq-filan etsələr də, bunu açıq etmirlər. El-oba var, nə deyər, indi o boyda “kişilər” bu yaşında etdiyi yaxşılığı kamera qarşısında reklam edəcək qədər düşməyiblər ki?!

Amma məsələnin başqa tərəfi də var. YAP və bir çox “bitərəflərin” bazarlıq etməməsi, eləcə yaşlı qadın görən kimi tutub əlini öpməsi, başını ayağına vurması məni əndişələndirib. Əməllicə utanmışam da… Sən demə, illərdir biz boşuna bu adamların haqqına girmişik. Yazıqlar bir həsirdir, bir də Məmmədnəsir. Bir kilo ət alıb seçicinin evinə qonaq getmək yerinə əl öpməyə üstünlük veriblər.

Tahir Kərimovun halısa lap ürəyimi incitdi. Əlindən tutub qürurla yürüdüyü nənəyə bir ayaqqabı ala bilməyəcək qədər kasıbmış demə, biz də fantaziyalarımızı işə salıb deyirik ki, nə bilim Lənkaranın yarısını Hadi Rəcəbli alıb, Qəbələnin də yarısını Fəttah Heydərov…

Bu yazıqlarınsa əl öpməkdən başqa heç bir şeyi yoxmuş.

Varını verən utanmaz. Əl öpməksə, əl öpmək, baş əyməkdirsə, baş əymək…

Amma daha ağıllı olanlar da var. Əl öpməyin əlasını öyrəniblər. Məsələn, Azər Həsrət adlı “bitərəflər” heç bir yaşlının əlini öpmür. Deyir, yüz əl öpməkdənsə, elə bir əli öpmək daha səmərəlidir. Qınayanlarsa paxıllığından edir. Ömründə bir dəfə əl öpməyənlər indi gəlib belə “istedadlı” adamlara ağıl öyrədir.

Çəkiləsi dərd deyil!

***

Hələ mən kasıb-kusubun açdığı çay süfrəsində ucuz konfetlə necə ürəkdən, illərdir konfet görməmiş kimi, çay içdiklərini demirəm. Nankor adamlarıq. Düşündünüzmü belə səliqəli, qalstuklu, kostyumlu adamlar nə qədər sadə və təvəzokardılar ki, kasıbı da adam sayıb heç olmasa seçkidən seçkiyə seçicinin süfrəsindəki ucuz konfetdən yeyir? Siz düşündünüzmü, villada, sarayda yaşayan, evində ayaqqabı ilə gəzəcək qədər “müasir” biri üçün o kasıb daxmaya ayaqqabısını çıxarıb girmək nələrin hesabına başa gəlir?

Bir düşünün, bu qədər nankor olmayın. Böyük məşəqqətdi. Hadi Rəcəbli kimi baxımlı bir adam müəllim də olsa, dərsdən sonra bənna işləyən adamın qaba əlini o yupyumşaq əlinə necə alır?!

Niyə heç Aqil Abbas kimi yazıçının soğan əkən kəndlinin kirli-paslı əlini tutmasındakı mənəvi və psixoloji məqamları hiss edib dəyərləndirmirsiniz?

Hələ o Çingiz Qənizadəyə edilən haqsızlıqdan danışmıram. İmişli-Beyləqan camaatı lap ağını çıxarıb, yazığın üzünə deyirlər ki, nə etmisən indiyə qədər, nə bilim, yaşlısan, qoy cavanlar işləsin. Ayıbdır, yaşlıdırsa, bu yazıq yaşlı adam sizə nə etməlidir ki? Adamın üzünə heç deyərlər ki, yaşlısan?

Bir də yaşın deputatlıqda nə fərqi? İllərdir yeməyib, içməyib, Allah bilir bir dəfə kosmetoloji baxıma, dincəlməyə getməyib, sizin üçün işləyib yaşlanıbsa, əvəzini belə qaytarırsız?

Bu seçki xalqımın bir çox keyfiyyətlərini üzə qoyduğu kimi, namizədlərin də kimliyini tanıtdı. Hələ mən əl öpərkən edilən jestləri, nümayiş etdirilən “kübarlığı, əsaləti” demirəm. Nəydi o Musa Musayevin əl öpərkən nümayiş etdirdiyi əsalət? Gözlərim yaşarmışdı və dedim ki, ey Allahım, saraylara layiq lordun bu əsalətini kasıb- kusub necə anlayacaq?

Sonra da deyirik ki, İlham Əliyev yaxşı Prezident deyil. Ay adamlar, buraxaq o da bizim kimi cahil olsun, belə adamları seçdirməsin, Milli Məclis qalsın qaba, əsaləti olmayan, əl öpməyi bacarmayanların ümidinə?

Ayıbdır axı, imicimiz, hələ erməni boyda da düşmənimiz var.

***

Yəni sözüm bu yaşlı nəsilə deyil. Yaşadığım ərazidə baxacam, kim yaxşı əl öpməyi bacarırsa, ona da səs verəcəm.

Kim kimin əlini öpür, ayağını yalayır, bunu müzakirə etmək mənə düşməz.

Adət-ənənəmiz var. İndi mən durub 80 yaşlı birinə necə irad tutum ki, niyə əl öpənsən? Ay adam, əl öpdürənin, dodaq öpənin, bizə nə?

Məsələ Milli Məclisdirsə də, bizə nə? Qanun qəbul edildi, edilmədi də, nə işimizə? Sənə qanun, onun işləməsi lazımdır?

Ona görə çox da şey etməyin. Qoyun doya-doya öpsünlər, yaşlı adamlardı. Gözləri açıq getməsin. O əli öpülən nənələr ani də olsa xoşbəxt olsun bari, bəlkə də ömürlərində bir dəfə də olsun kimsə onların əlindən öpməyib?!

Bir də əsas Qarabağ, müharibə şəraitində yaşadığımız, şəhid ailələri deyil? Başqa vaxtı “vətən, Qarabağ” deyib durursunuz. Namizədlər də əsas bunu edir. Şəhid ailələrini ziyarət edir. İndi biri durub deyəcək ki, deputat olanda niyə yadlarına düşmürdü? Hələ paxıl biri də çıxıb yazacaq ki, şəhid ailələrini o Milli Məclisin qabağında polis sürüyəndə, döyəndə bunlardan səs çıxmayıb.

Vallah, onlarda günah yoxdu. O Milli Məclisin, Prezident Administrasiyasının binası qəliz binadı, o qədər qalındılar ki, xalqın səsi gedib oralara çıxmır.

Allah Prezidentimizin canını sağ eləsin ki, parlamenti buraxdı. Yoxsa, biz deputatların təkrar namizəd olub özünü “buraxdığını” necə izləyəcəkdik?

***

Bir sözlə, mənim iradım ümummilli öndərdən yadigar qalan ümummilli deputatlarımıza deyil.

Mənim qəzəbim bu cavan namizədlərədir.

Bunlara nə olub?

Hansının fotosuna, yazdığına baxırsan, səs verməkdən-filan danışır. Axı sənin nə üzün var səs istəməyə? İllərdir Milli Məclisdə can cürüdən, “qanun ovlayıb, pul quşlayan” deputatların qabağına nəylə çıxacaqsan? Quru-quru sözlə, nə bilim plantforma ilə seçkimi olar? O qədər xəsis, simicdirlər ki, birinin əlini çibinə saldığını görmədim. Hətta özünü “kəndin adamı” elan edən o Cavid Qara var, seçici ondan 5 manatlıq kontur istəyib, onu belə vurmayıb ki, saxtakarlıqdı. Ay Cavid Qara, namizədin əli cibində, dili yalanda olmalıdır. Necə yəni, bu gün 5 manatlıq kontur vurmayan namizəd sabah deputat olsa, kim bilir necə xəsis olacaq?

Özlərini demokrat, solçu, feminist, liberal adlandırırlar, amma biri demir ki, buranın öz qaydaları var. Mən yeni nəsil namizədlərdən kreativ kampaniyalar gözləyirdim.

Məsələn, özünü feminist adlandıran Rəbiyyə Məmmədova adlı bir namizəd var. Deyir, qadınların haqqını qoruyur. Yaxşı, sən belə qadın haqqı qoruyansan, get hər qadın seçicinə bir paltayuyan, nə bilim qabyuyan, soyuducu al… Biz də əməli bir iş görək… Onun-bunun ailə işlərinə qarışıb aldığınız qrantları hara xərcləyirsiz?

Bunlar hamısı qrant almaq üçün oyunlardı.

Hələ mən solçuları demirəm. Toğrul Vəliyev pulsuz təhsildən danışır. Bir ölkədə pullu təhsil olmadı, universitetə girən uşağın valideyni bankdan kredit çəkib külli miqdar faizlə onu geri ödəmədi, daha nə oldu? Vətəndaşı harınlaşdırmaqdı bu… Vətəndaşın qəsdinə durmaqdı. İstəyirlər ki, vətəndaş arxayın olsun ki, pulsuz oxuyacaq uşağı… Rahatlaşsın, tənbəlləşsin, bütün günü işləməsin, kökəlsin, dinclikdən, toxluqdan min cür xəstəlik tapsın.

Bunların hamısı da kommunistlərin oyunlarıdı.

Hələ mən kapitalizmin oyunlarını demirəm. Liberallardan filan danışmıram. Necə yəni, hamı bərabər olmalıdır, kimsə kimsənin dedi-qodusunu etməməldir? Bəs çayxanada oturan kişilər, həyətdə oturan qadınlar kimi çəkişdirib, kimin qeybətini edəcək?

Deyirsiz heç xalq Xoşqədəmin, Zaurin, Elgizin verlişinə də baxmasın? Savadlı olub başımıza “haqqım” deyib bəla kəsilsin? İllərdir hakimiyyətin verdiyi “tərbiyədən” öyrəndiyiniz elə budu?

Yazıqlar olsun!

Cavanlar korlanıb. İlham Əliyev düz deyir, qoymaq olmaz ağ saqqalılarımız, ağ birçəklilərimiz sıradan çıxsın. Avropaya inteqrasiya da etmək lazım deyil.

Oturun oturduğunuz yerdə…

Baxın Ata Abdullayevə, görün necə işıqlı, nurlu “gəncdi”… Bari ondan bir şey öyrənin. Onda heç Prezident sizi dinləsin deyə küçəyə çıxmağa da ehtiyac qalmayacaq. Hətta möhtərəm dövlət başçımız sizinlə əl tutub şəkil də çəkdirəcək.

Əsas olan da budu!

Məndən deməsi!

Ana səhifəXəbərlərHanı bu seçkinin paltaryuyanı, soyuducusu?!