“Hakimlər azı 10 min manat maaş almalıdır”

Siyavuş Novruzov mülki ziyan vuranların həbsdə saxlanmasına qarşıdır

Source: Meydan TV


Parlament məhkəmə-hüquq sahəsi üzrə qanunvericilik paketini müzakirə edib

“Hakimin evi yoxdursa, evlə təmin olunmalı, avtomobili yoxdursa, xidməti avtomobil verilməlidir. Hakimlər azı 10 min manat maaş almalıdır”.

Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev belə deyib. O, hakimlərin tam müstəqilliyinə nail olmaq üçün bunların vacib olduğunu söyləyib:

“Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası vəzifəsindən necə uzaqlaşdıra bilər?”

Deputat əlavə edib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə:

“Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.


Özəl ekspertiza institutu yaradılır

İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Prezident Fərmanının icrası üzrə hazırlanmış ikinci qanunvericilik paketi müzakirə edilib. Paketə daxil olan layihələrdən biri də “Məhkəmə Ekspertizası Fəaliyyəti Haqqında” qanundur. Layihəyə əsasən, Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılacaq. Bundan sonra mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair məhkəmə prosesinin iştirakçıları həm dövlət, həm də özəl məhkəmə ekspertlərinə müraciət edə biləcək. Tərəf öz təşəbbüsü və öz hesabına ekspertizanın aparılmasını sifariş verə, nəticələrini məhkəməyə təqdim edə bilər.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Layihəyə əsasən, özəl ekspertizalar cinayət işlərinə aid edilməyəcək. Cinayət işlərində məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçiriləcək.


“Həbsdən çıxıb müxalifətə qoşulan elə adamlar var ki…"

Deputat Siyavuş Novruzov bildirib ki, məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib, hazırlanmalıdır:

“Həbsdən çıxıb, müxalifətə qoşulan elə adamlar var ki, vaxtilə mindən artıq məhkəmə qərarını pozub. Həmin qərarları icra etməyib. Hansı ki, o, Azərbaycan vətəndaşını işə bərpa etməyib və insanları dövlətdən narazı salıb. İndi haqq, ədalətdən danışır. Avropa Məhkəməsinin 5 qərarını yerinə yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub”.

S. Novruzov məhkəmələrin ixtisaslaşmasını zəruri saydığını deyib:

“Məsələn, dünyada uşaqlarla bağlı məhkəmələr tamamilə ayrıdır. Eyni orqanın həm həbs etməsi, həm istintaq aparıb, qərar verməsi ədalətli deyil. Biz istintaq idarələrini də mərkəzləşdirməliyik”.

Siyavuş Novruzov
Siyavuş Novruzov


Siyavuş Novruzov mülki ziyan vuranların həbsdə saxlanmasına qarşıdır

S. Novruzov deyib ki, xarici ölkələrdə belə insanlar həftənin 5 günü işləyir, şənbə və bazar həbsxanada olur. Bu yolla vurduğu ziyanın ödənməsi təmin edilir:

“Ancaq bizdə həbsdə saxlayırlar. Vurulan zərər isə ödənilmir. Penitensiar Xidmət tikinti şirkətləri, digər qurumlarla müqavilə bağlaya bilər. Həmin şəxslər işləyərək həm vurduqları ziyanı ödəyə, həm də ailələrinə kömək edə bilərlər”.

Qəbul olunduğu təqdirdə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək paketə 12 normativ hüquqi akt, o cümlədən, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar Məcəllələrinə, “Məhkəmələr və Hakimlər Haqqında”, “Məhkəmə-Hüquq Şurası Haqqında”, “Dövlət Məhkəmə Ekspertizası Haqqında”, “İnzibati İcraat Haqqında”, “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Ana səhifəSiyasət“Hakimlər azı 10 min manat maaş almalıdır”