Anar Məmmədli

Source: Foto: arxiv

Caption: Anar Məmmədli

“Hakimiyyət seçkinin ümummilli hadisəyə çevrilməməsinə çalışır”

Anar Məmmədli: Hər şey siyasi qrupların konsolidasiya qurmasından asılıdır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərilə bağlı söhbətləşdik.

- Anar bəy, mövcud ictimai-siyasi durum seçkidə iştirak və boykot qərarı verənlər üçün hansı mənzərəni diktə edir?

- Əvvəla, seçkidə iştirak etmək istəyənləri alqışlayıram, çünki indiki mühitdə prosesə qatılmaq çətindir. Ən azından seçkidə iştirakı təqdir etmək lazımdır. Həqiqətən ictimai-syasi şərtlər 2010-cu illə müqayisədə çox ağırdır. Boykot edənləri isə anlayışla qarşılayıram. Çünki seçkidə iştirak çox ağır prosesdir, bunun üçün maddi-texniki resurslar olmalı, təqibləri göz önünə almalısan, həmçinin, bütün seçki dövründə müxalif partiya üzvləri çox ciddi təzyiqlərə məruz qalıblar. İstər aksiyalar, istərsə də seçki təşviqat və təbliğat kampaniyaları dövrü olsun. Dəfələrlə Azərbaycan kimi ölkələrdə seçkilərdə iştirakın risk olduğunu göz önünə almağın vacibliyini vurğulamışam. Bura siyasi, maddi, texniki resurslar daxildir. Partiyaları kənara qoyaq, ayrıca namizəd olan müstəqil vətəndaşın durumuna baxaq, onun qalib gəlməsi ədalət yarışının nəticəsinə yox, hakimiyyətin münasibəti məsələsinə çevrilir. Ona görə hər kəsə uğurlar arzulamaq qalır.

- Hazırda vəziyyət belədir, Milli Şura, Demokratiya və Rifah Hərəkatı seçkiləri boykot edir, Müsavat, ReAL, Ümid partiyaları prosesə qatılır. Bu baxımdan hansı tərəfin arqumentlərini əsaslı sayırsınız?

- Arqumentlər arasında xüsusi müqayisə aparmaqdansa, fərqli yanaşmanı sərgiləməyə üstünlük verərdim. Bu, ondan ibarətdir ki, boykot və seçkidə iştirak edən tərəflərin strategiyaları varmı? Yəni niyyət və hədəf nədir? Boykot edənlər bildirir ki, seçkidə iştirakın ziyanları və çətinlikləri var, indiki şəraitdə seçkidə iştirak olmaz. Bəs təklifləri nədir, seçkini boykot etmək, prosesdən kənarda qalmağın üstünlükləri nədir, strateji olaraq bu xəttin məqsədi nəyə nail olmaqdır? Yaxud seçkidə iştirak edən təşkilatlar hazırlıqları necə qurublar? Əgər ölkəboyu milli səviyyəli kampaniya aparılmayacaqsa, bu, artıq seçkidə milli səviyyədə iştirak sayılmır. 125 dairənin heç olmasa yarısından çoxunda milli səviyyəli kampaniya aparılmalıdır. 65 dairədən namizəd irəli sürmək, milli səviyyəli kampaniya aparmaq Azərbaycan üçün ciddi siyasi hadisə yaradacaq.

- Milli səviyyə deyəndə nələri nəzərdə tutursunuz?

- Bələdiyyə və parlament seçkiləri milli seçkilərdir. Azərbaycanda bu proses nəticəsində seçkili hakimiyyət orqanları formalaşır. Amma hakimiyyət istəyir ki, bütün seçkiləri tələsik və gizli formada keçirsin. Hətta prezident seçkilərində real alternativ namizəd görmək istəmirlər. Belə olan halda partiyalar seçkini ölkəmiqyaslı hadisəyə çevirməlidir. Söhbət Azərbaycan xalqının hakimiyyət formalaşmasında iştirak haqqını qaytarmaqdan gedir. Ona görə də elə bir proqram irəli sürülməli və onu həyata keçirmək lazımdır ki, xalq bu prosesə qoşulsun. Hesab edirəm ki, boykot tərəfdarları ilə yanaşı seçkidə iştirak edənlərin də xüsusi planı, yaxud proqramı yoxdur. Təbii ki, ayrı-ayrı şəxslər fərdi qaydada çalışmaq istəyirlər, onları anlayıram. Çünki onlar öz yaşadıqları dairədə tanındıqlarını düşünür və seçkiyə qatılmaq istəyirlər, normal iddiadır. Amma üzərində siyasi öhdəlikləri, proqramları və məqsədləri olan qruplar, partiyalar prosesə belə yanaşmalıdırlar: onların seçkidə iştirakı vətəndaşların da prosesə qatılmasına təsir edəcəkmi? Bu istiqamətdə addımlar atılmalıdır, təəssüf ki, hələlik bu, müşahidə olunmur.

- O zaman 9 fevral növbədənkənar parlament seçkilərindən iştirakçılar, yoxsa boykotçular qazancla çıxacaqlar?

- Mənim üçün Azərbaycan xalqının qazancı önəmlidir. Çünki hamı ölkənin övladıdır və fakt odur ki, bu məmləkətdə hakimiyyət mənimsənilir. İqtidarda olanlar seçkiləri siyasi ömürlərini uzatmaq üçün keçirir. Seçkiləri tələsik keçirmək heç də hakimiyyətin xalqa qaytarılması məqsədi daşımır. Parlament seçkilərində yenə öz siyahıları olacaq və maksimum bu siyahının gerçəkləşməsinə çalışacaqlar. Bu mənada boykot və iştirak edənlərin bir hədəfi olmalıdır: hakimiyyəti xalqa necə qaytaraq. Əks təqdirdə korporativ maraqlar ortaya çıxır. Seçkilər hakimiyyətlə xalq arasında ən mükəmməl vasitədir ki, bunun alternativi yoxdur. Xalq əgər hakim siyasi qüvvəylə seçkidə dialoqa girə bilmirsə, yəni xalq dairələrdə istədiyi namizədə səs verə bilmirsə, o zaman nəticə yoxdur. Əgər xalq istədiyi namizədə səs verir və hökumət də bunu tanıyırsa, artıq dialoq yaranır və güvən olur. Əgər bunu gözardı edib başqa məqsədlər güdülürsə, artıq eqosentrik maraqlar önə çıxır, belə olanda xoş niyyətdən danışmağa dəyməz və belə siyasi qüvvələrin perspektivi yoxdur.

- Ümumiyyətlə, hər seçki başlayanda ictimayyətin alt şüuruna təlqin olunur ki, bu, Azərbaycan üçün sonuncudur, əgər normal seçki keçirilməyəcəksə, gələcək yoxdur, yaxud daha pis olacaq və s. Siz bu barədə nə düşünürsünüz?

- Mən belə düşünmürəm və son deyə bir şey yoxdur. Bu, ifrat pessimizdir, sonu heç kim görə bilməz. Siyasi son deyə bir şey iddia etməkdən ötrü ölkənin resursları təhlil olunmalıdır. Əvvəla, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, siyasi dəyişikliklər və demokratiya “küləkləri” bizi vurur. İkinci, ölkədəki insan resursu Orta Asiya ölkələrindən və hətta İran İslam Respublikasından fəqlidir. Bu resursla dəyişikliklərə nail olmaq mümkündür və mən pessimist deyiləm. Ki, bu seçki də artıq sondur. Adi bir misal, 1990-cı ildə İttifaq Müqaviləsi referendumu keçirildi, amma üstündən bir il keçmədi ki, SSRİ çökdü. Tarixi öncədən proqnozlaşdırmaq olmur. Ona görə xalqın iradəsi hər şeydən önəmlidir. Əsas məsələ xalqa düzgün mesajların verilməsidir, xalqı prosesə düzgün qoşmaqdır və normal iştirakı təmin etməkdir. Əks təqdirdə, xırda eqosentrik maraqlarla nəyəsə nail olmaq mümkün deyil. Ümumiyyətlə, mövcud vəziyyətdə Şərqi Avropa ölkələrinin təcrübələrindən yararlanmaq lazımdır. Xüsusən konsolidasiyaya nail olmaq çox önəmlidir. Amma Azərbaycanda demokratik qüvvələr arasında çox ciddi şəkildə marginallaşma gedir, sanki siyasi səhnədən çıxdaş olunurlar. Əlbəttə, bu gedişatda hakimiyyətin uzun illərdir apardığı siyasətin də rolu var. Ancaq eyni zamanda siyasi qruplar da bir-birinə olduqca antoqonist yanaşırlar, nəticədə loyallıq və qarşılıqlı etimad itir. Bu cür qarşıdurmalar xalqa da mənfi təsir edir.

- Marginallaşma boykot tərəfdarlarında gedir, yoxsa seçkidə iştirak edənlərdə?

- Marginallaşma elə bir prosesdir ki, seçkidə iştirakla, yaxud boykotla bu məsələ həllini tapmır. Marginallaşma odur ki, siyasi qüvvəyə hakimiyyət tərəfindən bir yol, meydança biçilir, ordan kənara çıxmaq imkanı qoymurlar. Mən yalnız müxalifətin günahkar olduğunu düşünmürəm, bu şəraitin yaranmasında birmənalı şəkildə hakimiyyət məsuliyyət daşıyır. Amma demokratik və müxalif qüvvələr hansısa yolla marginallaşma prosesindən çıxmalıdırlar. Marginallaşmadan çıxmağın yolu boykot, yaxud seçkidən iştirak tərəfdarı olmaq deyil. Aydın proqrama malik olmaq lazımdır, yəni kim nələri vəd edir. Mən seçkidə iştirak edənlərin kampaniyalarını, çıxışlarını heç də loyal görmədim, antoqonizm var, məsələni elə şəkildə qoyurlar ki, hətta iştirak etmək istəyən də tərəddüd edir. Vəziyyətdən çıxmağın yolu sosial mediada paylaşımlar deyil, seçicilərin qapısına getmək lazımdır, tədbirlər, toplantılar keçirilməlidir. Ritorika çox önəmlidir. Azərbaycanda vacib problemlərdən biri demokratik qüvvələr arasında normal dialoq mühitinin olmamasıdır. Dialoq imitasiyası var, gerçək yoxdur. Tənqidə qarşı çox dözümsüzdürlər, istənilən tənqidi kəskinliklə qarşılayırlar və çox sərt reaksiyalar verirlər. Belə olanda qarşıya qoyulan məqsədlərə çatmaq və əməkdaşlığa getmək, koalsiyalar qurmaq imkanları məhdudlaşır. Hakimiyyət onsuz da elə mühit yaradıb ki, heç bir siyasi qüvvə 60-dan artıq namizəd ortaya çıxarda bilmir. 60 rəqəmi şərtidir, bəlkə də heç 40 nəfərdən artıq namizəd çıxarda bilməyəcək.

- Ancaq ReAL hələlik 43, Müsavat 70 namizəd, Ümid 72 nəfərdən çox namizəd irəli sürəcəyini bəyan edib…

- Mən söhbətin əvvəlində dedim ki, ölkə səviyyəsinə milli seçkiyə nail olmaq üçün müxalifətin heç olmasa 125 dairənin yarıdan çoxunda namizədi olmalıdır. Və namizədlər seçilərkən onların həqiqətən seçki dairələrini silkələyəcək gücə malik olduqları əsas götürülməlidir. Adlarını çəkdiyiniz partiyalara hörmətim var, amma seçki canlanmasına nail olmaq üçün namizədlər qatıldıqları dairələrdə effektiv kampaniya qura bilməlidir. Birinci bu suala cavab verilməlidir ki, bu keyfiyyətə malik 60-dan çox namizəd varmı? Əsas məqsəd bu olmalıdır, təəssüf ki, mən bu məsələdə bədbinəm.

- O zaman hakimiyyətin yaratdığı gedişat nə vəd edir?

- Əlbəttə, mövcud şərait diktə edir ki, siyasi maraqlardan daha çox, insan hüquq və azadlıqları uğrunda mübarizə aparaq. Hikmət Hacızadə demişdi ki, problemimiz ondadır ki, siyasi maraqlar uğrunda mübarizə aparanda imkanlarımızın tükəndiyini unuduruq. Ona görə insan hüquqları üçün mübarizə aparmalıyıq. Məncə, daha ciddi şəkildə mübarizəmiz insan hüquq və azadlıqları uğrunda olmalıdır. İnsan Hüquq və Azadlıqları Konvensiyasının bütün maddələri gündəmə gətirilməlidir. Bu gün hakimiyyət uğrunda mübarizə gerçək səslənmir. Heç kim hakimiyyətə ayrıca qüvvənin gəlmək potensialını yüksək qiymətləndirmir. Söhbət ondan gedir ki, Azərbaycanda minimum azadlıqlar təmin olunmalıdır. Elə bir mühit yaranmalıdır ki, həqiqətən fərqli siyasi platformalar təmisl edən insanların öz baxışlarını yaymaq imkanları olsun, onlar marginallaşma çərçivəsindən kənara çıxa bilsinlər. Hədəf belə götürülməlidir: necə edək ki, ifadə, söz, insan hüquq və azadlıqları məsələsi hakimiyyətlə xalq arasında mübahisəyə çevrilsin. Fakt budur ki, Azərbaycanda 100-dən artıq siyasi məhbus var və onlar fərqli siyasi baxışlarına görə azadlıqdan məhrum ediliblər. Fakt odur ki, Azərbaycanda işgəncə, insanların şərəf və ləyaqətini alçaldan hallar var. Belə ölkədə hansı siyasi mübarizədən söhbət gedə bilər? Ümumiyyətlə, belə ölkədə hansısa siyasi liderin və təşkilatın çox populyar olmasının nə əhəmiyyəti var? Əhəmiyyətli olsaydı, hakimiyyət həmin siyasi liderdən və təşkilatdan çəkinib işgəncələrə yol verməz, kütləvi şəkildə insan haqlarını pozmazdı. Sual yaranır, əgər ölkədə ciddi siyasi hərəkat varsa, hakimiyyət niyə bundan çəkinmir? Deməli, belə bir hərəkat yoxdur və biz ilk növbədə buna nail olmalıyıq. Bu prosesdə hər kəs iştirak etməlidir.

- Azərbaycan hazırda ilk dəfədir iki seçki dönəmi yaşayır: 23 dekabrda bələdiyyə, 9 fevralda parlament seçkiləri keçiriləcək. Bu, bir-birinə yaxın dövrləri əhatə edən seçkilərdə iştirak edənlər üçün hansı çətinliklər və fürsətlər yaradır?

- Bəli, ilk hadisədir və mənim üçün də gözlənilməz oldu ki, iki seçkini ardı-ardıya keçirtdilər. Bu, ciddi tələskənliyin göstəricisidir. Hakimiyyətdə çox ciddi tələskənliyin olduğu hiss olunur. Əsas ağırlıq seçki komissiyalarına düşəcək. Siyasi qüvvələrə gəldikdə, parlament seçkiləri onlar üçün bələdiyyə seçkilərindən daha populyardır. Onsuz da bələdiyyə seçkiləri Azərbaycanda ciddi şəkildə keçirilmirdi, bu baxımdan parlament seçkiləri ilə müqayisədə diqqətdən yayınacaq. Amma ilk dəfə gənclər və siyasi fəallar arasında bələdiyyə seçkilərinə maraq göstərənlərin olduğunu gördüm, bu, müsbətdir. Parlament seçkiləri ilə bağlı vəziyyəti hələ qiymətləndirmək tezdir. Çünki namizədlərin irəli sürülməsi yeni başlayıb, təminən bir aya prosesin hansı istiqamətə doğru getdiyini biləcəyik.

- Siz hakimiyyətin tələsdiyini bildirdiniz, elə suallardan biri də odur, hara və nə üçün tələsirlər?

- Bu barədə mütləq mənada danışmaq çətindir, yalnız ehtimallar irəli sürmək olar. Müxtəlif nüanslar var, bəziləri gələn ilin noyabrında seçkilərin keçirilməsinə sosial-iqtisadi vəziyyətin problem yaradacağını güman edir. Amma düşünürəm ki, tələskənliyin məğzində seçkini tez keçirməklə ciddi siyasi hadisəyə rəvac verməmək məqsədi güdülür. Hakimiyyət maksimum çalışır ki, seçki ümummilli hadisəyə çevrilməsin. Bu, ümumiyyətlə bütün seçkilərdə görünür.

- Seçki qanunvericiliyinə görə seçki kampaniyasının dövrü 2 ay, təbliğat isə 23 gündür, 2015-ci il seçkilərində isə efir vaxtı tamamilə ləğv olundu. Bu mənzərə də boykot qərarı verənlərin arqumentini gücləndirirsə, onların haqlı olduğunu üzə çıxartmırmı?

- Qanunda efir vaxtı yalnız seçki bloklarına verilir. Seçki bloku yaratmaq üçün minimum 65 dairədə namizəd olmalıdır. Müxalifətin 65 dairədə namizədini qeydə alacaqlarmı, bax, bu sual açıq qalır. Yaxşı olardı, müxalif qüvvələr 65 yox, 100 dairədən namizəd irəli sürərdi. Efir vaxtının olmamağı necə təsir edəcək? Bəzi media ekspertləri sosial medianın öz gücünü artırdığı düşüncəsindədir, ola bilər ki, sosial media ilə ünsiyyət quranlar məqsədlərini ortaya qoyacaqlar. Mənə elə gəlir ki, namizəd səs almaq üçün birinci növbədə seçicinin qapısına getməlidir. Ölkə səviyyəsində seçki kampaniyası yaratmaq üçün seçki bloku yaratmaq lazımdır.

- Seçki komissiyaları da hakimiyyətin nəzarətində olduğundan müşahidəçilər üçün çətinliklər olacaq. Vətəndaş cəmiyyəti əvvəlki gücündə deyil, elə sizin təşkilat götürək, özünüz də ölkədə deyilsiniz. Bu mənada müşahidə sistemi necə qurulacaq?

- Biz son 15 ildə keçirilən bütün seçkilərdə müşahidəçi olmaq istəyənlərə yardım etməyə çalışmışıq. Bəzən 50, bəzən də 100 nəfər müraciət edib və onlara qeydiyyatdan keçməyə dəstək olmuşuq. Qeydiyyatdan keçənlərin də məlumatını analiz etməyə çalışmışıq. Yenə əvvəlki qaydada iş quracağıq. Amma indi maddi imkanlarımız yoxdur ki, əvvəlki qaydada təşkil edək. Hər şey yenə də insan amilinə bağlıdır, əgər insanlarda seçki müşahidəçiliyinə maraq olacaqsa, məmnuniyyətlə əməkdaşlıq edəcəyik. Bütün mənzərəni, vəziyyəti və nəhayət, faktları araşdırıb seçkinin nəticələrini qiymətləndirəcəyik. Bu məsələdə mövqeyimizdən çəkinməyəcəyik, amma əvvəlki kimi resurslarımız yoxdur.

- Anar bəy, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiləri müşahidə edəcəyini açıqlayıb, bundan gözləntiniz nədir?

- ATƏT-in iştirakı vacibdir, çünki seçkilərə beynəlxalq ekspert qrupu qiymət verir. Mənim üçün bu gözlənilən idi və vaxtın buna imkan verdiyi qənaətindəydim. Xüsusən hakimiyyət maneə yaratmasa, ATƏT rahat şəkildə işləyə bilər. Nəzərə alın ki, ATƏT-in rəyi çox önəmli sayılır və beynəlxaq miqyasda ciddi qəbul edirlər. Onlar siyasi tərəfkeşlik tutmayacaqlar, sadəcə, seçki öncəsi vəziyyəti, insan hüquqlarının durumunu, siyasi imkanları qiymətləndirəcəklər. Ona görə ATƏT-lə sıx əməkdaşlıq etmək lazımdır.

- Nəhayət, siz özünüz seçki öncəsi durumu necə qiymətləndirirsiniz?

- Hazırkı vəziyyət, seçkiyə maraq gözlənildiyi qədər deyil. Bugünkü vəziyyəti son illərin seçkiləri ilə müqayisə edək, söhbət 2010 və 2015-ci illərin seçkilərindən gedir. Situasiya 2015-ci ilin parlament seçkilərindən xeyli yaxşıdır, həmin vaxt repressiya dalğaları vardı. Amma indiki vəziyyət 2010-cu ildən yaxşı deyil, siyasi canlanma o dövrdəki kimi deyil. Hesab edirəm ki, siyasi prosesi qat-qat canlandırmaq olar, hər şey siyasi qrupların konsolidasiya qurmağından asılıdır. Mənim üçün 9 fevral seçkilərinin milli hadisəyə çevrilməsidir. Qarşısına bu məqsədi qoyan siyasi qüvvə çox şeyə nail ola bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/57wrzu

Most Viewed