Source: Meydan.TV

"Günah özündədi" - bullinq qurbanları adətən öz problemləri ilə təkbaşına qalır

"Günah özündədi"

Səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharından sonra çoxu üçün yeni anlayış olan “bullinq” ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrildi.

162 saylı məktəbin 14 yaşlı şagirdi tənəffüsdə özünü məktəbin üçüncü mərtəbəsinin binasından atıb. Bundan bir neçə dəqiqə əvvəl Elina dərsdə, parta arxasında öz dəftərində məktub yazıb:

“Qəbrimin üstünə gəlməyin. Deməyin ki, məni sevirsiz, görmək istəyirsiz, belə olmamalıydı. Məni qucaqlamaq, öpmək istəyirsiz. Bu sözlər mənə sağ olanda lazım idi. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.

“Özləri həll edər”

Elina pəncərədən özünü atandan iki gün sonra xəstəxanada aldığı zədələrdən həyatını itirib. Dəfndən dərhal sonra yaxınları bildirib ki, qız uzun müddət sinif yoldaşları tərəfindən şiddətli bullinqə məruz qalıb və bu, onun ilk intihar cəhdi olmayıb.

Elina ilə eyni məktəbdə oxuyan xalası qızı Diana danışır ki, 162 saylı məktəbə Elina beşinci sinifdə gəlib. Sinif yoldaşları əvvəldən onu sevməyib, aşağılayıb, təhqir ediblər:

“Bir dəfə bir qız kapron qabdakı suyu bütün sinif yoldaşlarının yanında Elinanın başına tökmüşdü. Bütün qabı Elinanın başına boşaltmışdı.

Uşaqlar da Elinanın bu vəziyyətinə gülmüşdülər. Bu, Elinaya çox pis təsir etmişdi, ağlamışdı. Elina gedib, sinif rəhbəri Çimnaz Hacıyevaya şikayət eləsə də, müəllimə üstünə acıqlanmışdı, demişdi, yəqin bir təqsirin olub, cəzalandırıblar”.

Elina Hacıyeva

Elina Hacıyeva

Source: Meydan.tv

Məktəb rəhbərliyinin qızcığazın şikayətlərinə səhlənkar münasibəti barədə nənəsi də danışıb:

«Məktəbə getdiyi ilk aylardan problemləri başladı. Əvvəlcə onunla eyni sinifdə oxuyan bir qız Elinaya çox sataşırdı, aşağılayırdı. Elina gəlib bunu evdə deyəndə mən özüm məktəbə getdim, direktorla görüşdüm».

Amma nənənin şikayəti də heç bir nəticə verməyib. Diana da deyir ki, direktor da, məktəb psixoloqu da hesab edirdi ki, günah elə Elinanın özündədir, sinif yoldaşları ilə dil tapa bilmir.

Elinanın intiharından sonra başqa şagirdlərin valideynlərindən də şikayətlər gəlməyə başladı ki, onların bullinqə məruz qalan övladları müəllimlərdən “problemi özün həll elə” məsləhətləri alır.

«Qızım üçüncü sinifdə oxuyanda sinif yoldaşları onu ələ salmağa, təhqir etməyə başladılar,» - Bakı məktəblərdən birində yeddinci sinifdə oxuyan şagirdin anası Elnarə Hüseynova deyir:

“Əvvəlcə bir neçə qız niyəsə onu sevmədi, sonra da başqaları ona qoşuldu. Qızım evdə şikayət edirdi, məktəbə getmək istəmirdi. Dəfələrlə məktəb direktorundan bu problemi həll etməyi xahiş etmişəm. O da deyirdi, uşaqdılar, özləri yoluna qoyacaq, böyüyəndə keçəcək”.

Elnarənin qızını incidən uşaqların valideynləri də eyni fikirdə idi. Hətta qızın niyə buna görə valideynlərinə, pedaqoqlara şikayət etdiyinə təəccüblənirdilər. Amma bir gün qızı dərsdən qayıdandan sonra qəti şəkildə bildirəndə ki, daha bu məktəbə getməyəcək, Elnarə Hüseynovanın onu başqa məktəbə keçirməkdən başqa bir çarəsi qalmadı.

Elina Hacıyevanın anası

Elina Hacıyevanın anası

Source: Meydan.TV

Uşaqlar kimi və niyə sıxışdırır?

2019-cu ilin yanvar ayına olan məlumata görə, Azərbaycan məktəblərində 9-10 yaşlarında olan hər dördüncü ibtidai sinif şagirdi təhqir və qorxudulmaya məruz qalır. Bu məlumatlar UNESCO-nun son “Rəqəmlərin arxasında nə dayanır? Məktəbdə zorakılıq və qorxudulmanın kökünün kəsilməsi” adlı hesabatında verilir.

Hesabatda qeyd olunur ki, bu və ya digər şəkildə başqalarından fərqlənən uşaqlar daha tez-tez bullinqə məruz qalır. Sıxışdırma və aşağılamanın ən geniş yayılmış səbəbi məhz xarici görünüşdür.

Həkim-psixoterapevt Azad İsazadə isə hesab edir ki, istənilən uşaq bullinq qurbanı ola bilər. “Bullinqə səbəb hücumlara məruz qalan uşağın xüsusiyyətləri deyil. Səbəb kollektivdə uşaqlar arasında münasibətlərin xarakterindədir”, - psixoterapevt izah edir.

Həkim deyir ki, qısnama zamanı insan ciddi psixoloji travma alır: “Bullinq onun həyatında dərin iz qoya, emosional və sosial inkişafına təsir edə bilər. Bu, qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər”.

UNESCO-nun hesabatında qeyd olunur ki, bullinq uşaqların psixi sağlamlığına, məktəbdə oxumasına və ümumilikdə həyat səviyyəsinə mənfi təsir edir. Daha çox təhqirlərə məruz qalanlar təxminən üç dəfə daha çox məktəbdə özlərini autsayder hiss edir, iki dəfə artıq dərs buraxmağa meyilli olur.

Adətən məktəb müəllimləri bullinq qurbanlarının başqa uşaqlar tərəfindən sıxışdırılmasının günahını onların özlərində görür

Adətən məktəb müəllimləri bullinq qurbanlarının başqa uşaqlar tərəfindən sıxışdırılmasının günahını onların özlərində görür

Source: Meydan.TV

Bundan əlavə, orta məktəbi bitirəndən sonra təhsili dayandırmaq qərarını da daha çox bullinq qurbanları verir:

“Təcrübəmdə belə bir hal olub – birinci sinif şagirdləri sinif yoldaşlarından birinin arxasınca ancaq anasının gəldiyini görəndə ona gülüb, lağ eləməyə başlayıblar. Qızın atasının olmadığını düşünüblər,” – adının hallanmasını istəməyən məktəb psixoloqu danışır:

“Bir müddət uşaqla işlədim, onun sinif yoldaşları ilə söhbət etdim. Əslində qızın atası varıymış, sadəcə bütün günü işləyirdi, anası isə evdar qadın idi, buna görə də məktəbə ancaq ana gəlirdi. Vəziyyət bu cür olanda isə ata vaxt tapıb, bir-iki dəfə qızını məktəbə özü gətirib-apardı, bəlkə də buna görə sinif yoldaşları qızdan əl çəkdi”.

Bu hadisədə məktəb psixoloqunu daha çox təəccübləndirən isə sinif rəhbəri və başqa valideynlərin uşağın bu şəkildə sıxışdırılmasına biganə münasibəti oldu:

“Analardan biri hətta məni tamamilə özümdən çıxaran bir cümlə də işlətdi: məktəbdə uşaqların arasında olanlar elə məktəbdə də qalmalıdır. Birinci dəfə idi ki, belə bir şey eşidirdim”.

Layiqli cəza

«Uşaqların məktəblərdə sıxışdırılması halları həmişə olub, sadəcə əhəmiyyət verən olmayıb,» - Azərbaycan “Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyir.

“Uzun illərdir ki, uşaqlarla işləyirəm. Bir dəfə məktəbdə sıxışdırılan qızın valideynləri bizə müraciət etdi. Uzun müddət onunla işlədik, sonra da başqa məktəbə keçməkdə kömək etdik. Amma təəssüf ki, valideynlər uşaqların problemləri barədə danışmamağı üstün tutur,” - Kəmalə Ağazadə deyir. O, həm də qeyd edir ki, Azərbaycanda bullinq haqqında qanun yoxdur:

“Hazırda müvafiq sənəd üzərində işləyirəm, bullinq haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış etmək istəyirəm. Bu istiqamətdə

geniş maarrifləndrimə işi aparmaq lazımdır”.

Elinanın intiharından sonra məktəb direktoru işdən çıxarılıb, daha sonra isə barəsində ev dustaqlığı qətiimkan tədbiri seçilib. Ona qarşı “təhlükədə qoyma” və “səhlənkarlıq” maddələri üzrə ittihamlar irəli sürülüb. İş orasındadır ki, məktəb direktoru Sevinc Abbasova təcili tibbi yardım maşınını Elina pəncərədən özünü atandan bir neçə saat sonra çağırıb. Direktor müavini, psixoloq və sinif rəhbəri də işdən azad edilib.

Elina Hacıyeva illüstrasiyası

Elina Hacıyeva illüstrasiyası

Source: Meydan.TV

“Məktəb direktoru və psixoloq vaxtında problemə ciddi yanaşsaydılar, belə bir şey də olmazdı”, - hadisəni şərh edən Milli Məclisin deputatı Çingiz Qənizadə deyib. Deputat ölkədə ayrıca bullinq haqqında qanunun qəbul edilməsinə ehtiyac duymur:

“Məktəblərdə zorakılıq halları həmişə olub, bizim vaxtımızda da olub bunlar. Amma yenə də demək olmaz ki, bütün məktəblərdə vəziyyət acınacaqlıdır".

2016-cı ilin ikinci yarısı-2017-ci dərs ilində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində “Məktəblinin dostu” pilot layihəsi də start götürüb. Hazırda layihə 139 “məktəblilərin dostu”nun iştirakı ilə Bakının 35 məktəbində həyata keçirilir. Təhsil Nazirliyi və FHN-nin təlimələrini keçən gənc könüllülər problemli vəziyyətləri üzə çıxarmaq üçün uşaqlarla söhbət edir, lazım olduqda müəllimlər və valideynlərə məlumat verirlər. Layihə çərçivəsində həm də psixoloji mərkəz fəaliyyət göstərir. “Məktəblilərin dostları” işlərinin nəticələrindən razıdırlar və bildirirlər ki, bu müddət ərzində uşaqlarla sıx ünsiyyət qura bilirlər. Amma nəzərə alaq ki, ölkədə 4434 ümumtəhsil orta məktəbi var, layihə məktəblərin çox az hissəsini əhatə edir.

Mərhum Elinanın nənəsi isə 14 yaşlı nəvəsinin problemlərinə vaxtında biganə yanaşanların layiqli cəzalarını almasını istəyir: “Xahiş edirəm, bunları necə lazımdır cəzalandırsınlar. Elə olmasın ki, direktoru işdən qovacaqlar, gedib, başqa məktəbdə işləyəcək, orada da kiminsə uşağını bədbəxt edəcək”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/wrvm5m

Most Viewed