Source: Meydan TV

Göyçay sakini: Polis müstəntiqi şikayətimi geri götürməyimi tələb edir

“Dələduzluğa məruz qalmışam, polis araşdırma aparıb tədbir görməkdənsə, özümü məhkəməylə hədələyir”

“Müstəntiq deyir, istəsəm, günü bu gün işi bağlayaram, ondan sonra əlin hara çatır, şikayət elə, xeyri yoxdur. Mənimlə kobud davranır, söyüşlə danışır ki, cana doyub ona cavab qaytarım, tutub özümü məsuliyyətə cəlb eləsin”.

Göyçay rayon sakini Cavid Məmmədovun şikayəti Göyçay Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Pünhan Şükürlüdəndir. Onun iddiasına görə, dələduzluğa məruz qalmasıyla bağlı polisə şikayət edib, polis isə qarşı tərəfi himayə edir.

“Qarşı tərəfin əməllərini ört-basdır etməyə çalışır”

Cavid Məmmədov deyir, bir neçə ay əvvəl üzərində yarımtikili olan torpaq sahəsini almaq üçün Hüseyn Feyzullayev adlı şəxsə ödəməli olduğu 4500 manatdan hissə-hissə olmaqla cəmi 2800 manat ödəyib. Ancaq nəticədə nə torpağa sahib ola bilib, nə də pulu geri qaytarılıb. Cavid Məmmədov həmin şəxsin əməllərindən Göyçay Rayon Polis Şöbəsinə şikayət etsə də, deməsinə görə, polis qarşı tərəfi hələ də cəlb etməyib:

“Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə şifahi və yazılı şikayətlər etmişəm. Ancaq məni aldadan şəxsi polis şöbəsində olan tanışları himayə edir və nəticədə bütün şikayətlərimi ört-basdır olunur. Halbuki, ciddi araşdırma aparılsa, o adamın aldatdığı nə qədər insanın şikayətlərinin həmin himayədarları sayəsində ört-basdır edildiyi üzə çıxar. Şöbənin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Pünhan Şükürlü məndən şikayət ərizəmi geri götürməyimi tələb edir. Təsəvvür edirsiz, mən onun yanına şikayətimin nəticəsi ilə bağlı maraqlanmağa gedirəm, əvəzindəsə, o, məndən şikayəti geri götürməyimi tələb edir. Açıq-aşkar deyir ki, “qarşı tərəf işi bağlamaq üçün mənə 500 manat təklif edir, istəsəm pulu götürüb işi bağlayaram, sən mənə heç nə də edə bilməzsən”. Mənimlə kobud davranır, söyüşlə danışır. İstədiyi də odur ki, qayıdıb ona cavab qaytarım, o da məni məsuliyyətə cəlb etsin, sonra da bu yolla təzyiq göstərib şikayətimi geri götüzdürsün. Mənsə hələ ki, dözürəm, susuram”.

“Müstəntiq məni məhkəməylə hədələyir”

Cavid Məmmədov deyir, özü onkoloji xəstə, iki azyaşlı övladı isə anadangəlmə həm əqli, həm də fiziki qüsurludur. Ondan alınan və geri qaytarılmayan 2800 manatı əziyyətlə toplayıb ki, kirayələrdən yığışsın:

“Canımı dişimə tutub onun-bunun qapısında fəhləliklə məşğul oluram ki, balalarım acından ölməsin. Kirayələrdə qalıram, o pulu da balalarımın əynindən, boğazından kəsib toplamışdım ki, onlara torpaq alım, ev tikim, qapılardan yığışaq”.

Cavid Məmmədovun sözlərinə görə, başına gələnləri ictimailəşdirəndən sonra müstəntiq tərəfindən hədələnir:

“Bir-iki saytda yazı çıxdı, 2-3 gün əvvəl müstəntiq zəng vurdu ki, o nədir, ora-bura yazırsan, səni məhkəməyə verib böhtana görə süründürəcəm. Dələduzluğa məruz qalmışam, polisə müraciət etmişəm, polis araşdırma aparıb tədbir görməkdənsə, özümü məhkəməylə hədələyir”.

Göyçay Rayon Polis Şöbəsindən deyilənlər təkzib olunub. Bildirilib ki, Cavid Məmmədovun şikayəti üzrə Şöbənin İstintaq Şöbəsində araşdırma aparılır. Barəsində şikayət olunmuş şəxs də dindirilib: “Cavid Məmmədov müstəntiqlə bağlı yalan və böhtan xarakterli məlumatlar yayır”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/108168

Most Viewed