Gəncə məhbusları haqqında məhkəmə qərarları yoxa çıxıb

“Məhkəmə sədri Natiq Əliyevin qardaşı qızı hərbi prokuror Xanlar Vəliyevin gəlinidir”

Source: Meydan TV

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin bir hissəsi saxlandıqdan sonra məhkəmə önünə çıxarılaraq, inzibati qaydada cəzalandırılıblar. Onlara 10-20 sutka inzibati həbs cəzası verilib. İnzibati həbs cəzasını çəkdikləri zaman onlar yenidən Gəncə şəhər Baş Polis İdarəsinə və Kəpəz Rayon Polis Şöbəsinə gətirilib, barələrində cinayət işi başlanıb.

İyunun 21-də Bakı Apelyasiya Məhkəməsində Gəncə işinə baxılarkən təqsirləndirilən şəxslər və onların vəkilləri bildirib inzibati həbs barədə məhkəmə qərarları iş materialları arasında yoxdur. Təqsirləndirilən Ruslan Həsənovun vəkili məhkəmədə bu məsələni qaldırıb. R.Həsənov özü də məhkəmə qərarlarının yoxa çıxmasına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevi ittiham edib. O bildirib ki, N.Əliyevin qardaşı qızı hərbi prokuror Xanlar Vəliyevin gəlinidir. X.Vəliyev də Gəncənin keçmiş icra başçısı, ötən il iyulun 3-də güllələnən Elmar Vəliyevin qardaşıdır.

Lakin təqsirləndirilən şəxslərdən bəziləri, o cümlədən Orxan Yağnəliyevin yaxınları onun haqqındakı qərarı əldə ediblər.

Məhkəmədə vəkillər çıxış edərkən bildiriblər ki, təqsirləndirilən şəxslərin kütləvi iğtişaş törətmələri, polislərə müqavimət göstərmələri haqda ittihamlar təsdiqini tapmır. Maarif Hacıyevin vəkili deyib ki, şahid polislər əleyhinə ifadə verdiyi adamları gəlib məhkəmədə tanımırlar.

Həbs olunandan sonra vərəm xəstəliyinə tutulduğunu bildirən Şahlar Rzayev də günahsız olduğunu bildirib. 3 saylı ixtisaslaşmış müalicə müəssisəsində saxlanılan Ş.Rzayev bildirib ki, iki aydır ona ailəsi ilə danışmağa imkan verilmir.

Təqsirləndirilən Nizami Əkbərovun vəkili bildirib ki, cinayət işinin materiallarında hadisələr, təqsirləndirilən şəxslərin necə tutulması və s. məsələlər təhrid olunub: “Hadisələr fərqli aktlaşdırılıb. Elə təqsirləndirilən şəxslər var ki, onları gəlib evlərindən tutub aparıblar, amma sənədləşmədə onların meydanda saxlandığı yazılıb”.

Rusiya vətəndaşı olan və orada yaşayan, Gəncəyə yaxınlarına baş çəkməyə gəldiyini və bu zaman həbs olunduğunu deyən təqsirləndirilən Vaqif Əşrəfov bildirib ki, Gəncə hadisələrinə görə saxlanılanlar dəfələrlə çox idi. Amma onların əksəriyyətindən pul alıb buraxdılar. V.Əşrəfovun sözlərinə görə, ondan da pul tələb olunub, lakin tapıb verə bilmədiklərinə görə barəsində cinayət işi başlanıb.

Bu qrupdakı 11 nəfər təqsirləndirilən şəxsə fevralın 22-də hökm oxunub. Hakim Natiq Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, 11 nəfərdən Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay, Toğrul Verdiyev, Kamal Məhərrəmov, Nizami Əkbərov, Şahlar Rzayev, Tural Bayramov, Seymur Əliyev və Ruslan Həsənov 8 il, Orxan Yağnaliyev 8 il 6 ay, Maarif Hacıyev isə 9 il azadlıqdan məhrum edilib.

Onlar ittihamları rədd edir, təqsirsiz olduqlarını, işgəncə altında istintaqdakı ifadələrə imza atdıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətəuyğun olmadığını bildirir.

Ana səhifəXəbərlərGəncə məhbusları haqqında məhkəmə qərarları yoxa çıxıb