Hakim Dadaş İmanov

Source: meydan tv

Caption: Hakim Dadaş İmanov

Gəncə hadisələri üzrə məhkəmədə hakimlə vəkillər arasında qalmaqal yaşanıb

Vəkillər və təqsirləndirilən şəxslər hakimlərə etiraz edir

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfərlik qrupun (Bəkrəm Əliyev, Elmir Hüseynzadə, Emil Məmmədov, Mirzə Hüseynov, Şahin Verdiyev, Vüqar Yusifov, Həbib Qurbanov və Asif Cavadov) işinə baxan hakim Dadaş İmanov prosesdə müdafiəni həyata keçirən vəkilləri hədələyir. Ardıcıl bir neçə məhkəmə iclasında prosesdən uzaqlaşdırılmaqla, Vəkillər Kollegiyasının rəhbərliyinə şikayət etməklə, başqa aidiyyəti orqanlara xəbər verməklə hədələnən vəkillər hakim Dadaş İmanova yazılı etiraz veriblər. Etirazda da göstəriblər ki, bu hakim işin obyektiv, ədalətli nəticəsində maraqlı deyil, hərtərəfli araşdırma aparmaqdan imtina edir, vəkillərin bu məqsədlə qaldırdıqları vəsatətlərin heç biri təmin olunmur, hətta polis idarələrinə adi sorğuları belə göndərmir.

Vəkillər etirazlarında göstəriblər ki, məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov müdafiəçilərə qarşı çox kobud davranır, aşağılayıcı ifadələrdən istifadə edir, həm təqsirləndirilən şəxsləri, həm də onları hədələyir: “Vəkillər prokurorun hansısa hərəkətinə etiraz edəndə, “oturun yerinizə”, “siz özünüzə hörmətsizlik edirsiz”, - deyə qışqıraraq, imkan vermir. Bir neçə dəfə vəkillər olaraq, müdafiə mövqeyini israrla bildirdiyimizə görə bizi “sizi müdafiədən kənarlaşdıracam” deyib hədələyib”.

Etirazda vəkil Zibeydə Sadıqova işgəncə şikayətlərinin araşdırılması barədə vəsatət qaldırarkən hakimin sərt reaksiyası, müdafiəçini hədələmi barədə də ayrıca qeyd olunub. İyulun 5-də keçirilən məhkəmə iclasında Z.Sadıqova təqsirləndirilən şəxslərin işgəncəyə məruz qalması barədə şikayətlərinin araşdırılması üçün qaldırdığı vəsatətə media orqanlarında yayımlanan yazıları da əlavə etmişdi. Həmin yazılar Gəncə məhbuslarının özlərinin ifadələri, şikayətləri əsasında hazırlanmışdı. Hakim əsəbi şəkildə mediadan çıxarışları göstərərək qışqırıb ki, bunlar niyə vəsatətə əlavə olunub. Vəkil izah edib ki, müvəkkilinin ondan işgəncə altında ifadə alınması barədə ifadəsini təsdiqləmək, vəsatəti əsaslandırmaq üçün əlavə edilib. Bundan sonra hakim D.İmanov vəkili hədələyərək, “sizi işdən kənarlaşdıracam, əlavə etdiyiniz yazıları da aidiyyəti orqanlara göndərəcəm” deyərək, hədələyib.

Vəkillər etirazlarını əsaslandırarkən bildiriblər ki, hakim D.İmanov obyektiv dindirmə aparılmasına imkan vermir, müdafiə tərəfinin şahidlərə verdiyi sualları heç bir əsas olmadan çıxarır: “Məsələn, şahidlərdən biri vəkilin “polisdə adamların döyülməsini özün gördünmü?” sualına “hə” cavabı verəndə hakim onun sözünü kəsib, həmin sualın çıxarıldığını bildirdi. Həmin şahid dindirilərkən bütün suallar demək olar ki, çıxarıldı. Vəkillər hakimin hərəkətinə etiraz edəndə isə cavabı “Biz başa düşürük, siz Avropa Məhkəməsinə hazırlaşırsınız, amma mən icazə verə bilmərəm burada şou yaradasınız” oldu. Vəkil Zibeydə Sadıqova vəsatət verəndə hakim deyir ki, “siz publikaya oynayırsınız”.

Müdafiəçilər bildirir ki, sədrlik edən hakim onlarla yanaşı, təqsirləndirilən şəxslərin də sözünü kəsir, işgəncə barədə danışanda müdaxilə edir. Onlar məhkəməyə və ya prokurora etiraz edəndə hədələyir. “Elə eləməyin ki, barənizdə başqa-başqa maddələrlə yeni iş açılsın”, - hakim təqsirləndirilən şəxslərə belə deyir.

Dövlət ittihamını müdafiə edən prokuror tez-tez müdafiə prosesinə müdaxilə edir, hətta vəkilləri təhqir edir. Etirazda bu məsələyə də toxunulub: “Hakim prokurorun bu cür davranışlarına müdaxilə etmir”.

Müdafiə tərəfinin verdiyi onlarla vəsatətin təmin olunmadığını, hakimin vəsatətlərə sonra müşavirədə qərar verməli olduğu halda, öncədən – müzakirələrdə öz mövqeyini ortaya qoyduğunu bildirən vəkillərin sözlərinə görə, məhkəmə zalında da onlara müvəkkillərilə normal ünsiyyət imkanı yaradılmır.

“İş üzrə xüsusi əhəmiyyət kəsb edən, maddi sübutların – video-disklərin surətinin, həmin videolardan çıxarılmış şəkillərin surətinin müdafiə tərəfə verilməsinə dair vəsatətləri də təmin etmir. Belə görünür ki, hakim işin araşdırılmasında, həqiqətin üzə çıxmasında maraqlı deyil. Adətən prokurorun səsləndirdiyi fikri təkrarlayır və vəsatətləri rədd edir. Hətta 5 iyul 2019-cu il tarixli iclasda vəkilin vəsatətini rədd edərkən qərarı belə elan etdi: “Təmin olunmur. Niyə təmin olunmamasının sonra yazılı şəkildə əsaslanması olacaq. Amma prokuror artıq dedi ki, niyə görə təmin olunmamalıdır”. Hesab edirik ki, bütün bu sadalananlar sədrlik edən hakimin iş üzrə hərtərəfli araşdırma aparması və obyektiv qərar qəbul edilməsini şübhə altına salır”, - deyə, vəkillər məhkəmə prosesinə sədrlik edən hakim D.İmanova etirazlarında yazıblar.

Təqsirləndirilən şəxslər də vəkillərin etirazını müdafiə ediblər. Hətta onlardan biri – Elmir Hüseynzadə bildirib ki, işinə D.İmanovun baxmasını istəmir: “Burada mənim taleyim həll olunur...”

Prosessual qaydalara görə, üç nəfərlik hakim heyətindən birinə etiraz verildikdə onu digər ikisi müzakirə edib, qərar çıxarmalıdır. Lakin vəkillərin etirazını müzakirə etmək üçün hakimlərin üçü də - Dadaş İmanov, Məhəmməd Bağırov və Nural Əliyev birlikdə müşavirəyə gedib. Bir müddət sonra geri qayıdıb, etirazın baxılmamış saxlanmasını elan ediblər.

Vəkillər bildirib ki, D.İmanov ona verilən etirazla bağlı qərarın qəbulunda iştirak edə bilməzdi, qanunun bu tələbi pozulub. Ona görə vəkillər bu dəfə bötüvlükdə hakimlərin üçünə də etiraz veriblər. Bu etiraz da təmin olunmayıb.

Məhkəmə prosesi isə iyulun 25-nə təxirə salınıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bktxks

Most Viewed