Fərq görsəniz, xəbər verin

Buyurun, Lazım ağa gəldi və hakimiyyət zabit və əsgərləri qabağa verib Qarabağı aldı.

Foto: Meydan.tv


Oğurluq yüksək vəzifəli məmuru və ya siyasətçini “hörmətli” insanlar sırasına qatır

İnternetdə maraqlı

çarx

gördüm: əsgərlərimiz Qarabağda erməni əhalisinin tərk etdiyi yaşayış məntəqəsində kasıb bir daxmaya daxil olub, orada tənha bir oğlan uşağını tapıblar. Uşağın 2 yaşı olar, ya olmaz, tam köməksizdir, yumru gözləri ilə dünyaya tamaşa edib, nə baş verdiyini anlamır. Tərk edildiyi yataqda onun üçün bir parça çörək də qoyublar.

Çarxı hazırlayan insanın isə dünyada baş verənlər barədə aydın təsəvvürü var. Hədsiz kasıb evdə yaxınları tərəfindən tərk edilmiş erməni uşağın təsviri çarxın müəllifinə mühüm ictimai bir müşkülü əyanı təsvir və təqdim etməyə fürsət verir.

Daxma o qədər ibtidai və miskindir ki, orada müasir yaşayış üçün zəruri sayılan rahat avadanlıq nişanələri, hətta yataqda mələfə belə yoxdur. Daxmanın zahiri görkəmi o qədər acınacaqlıdır ki, məhz belə daxmada yaşayan insanların məsum tifili amansız talenin ixtiyarına buraxaraq onu tənha qoymaları əsla təəccüb doğurmur: belə heyvani şəraitdə yaşayan məxluqatda insani hisslər ola bilərmi?

Lakin çarxın müəllifinin məqsədi yalnız tamaşaçıda yazıq uşağa mərhəmət hissi oyatmaq deyil. Onun məqsədi tənyarı bölünmüş ekranda tamaşaçıya paralel göstərilən digər mənzərələrlə müəyyən hisslərin oyadılmasıdır.

Ekranın o biri yarısı nəyi göstərir? Qarabağ ermənilərinə yardım məqsədilə bütün dünyanın xeyriyyəçilərinin 30 il topladığı nəhəng vəsaiti idarə etmiş erməni məmurlarının Yerevandakı mülklərinin təsviri!

Şəxsən mən bu Yerevan mülklərində heç bir qeyri-adi memarlıq zövqü müşahidə etmədim. Yüz dəfə yazmışam ki, erməni və Azərbaycan xalqları hər sahədə, o cümlədən gözəllik təsəvvürü sahəsində çox yaxındırlar. Məlum oldu ki, erməni oğru və talançıları ilə azərbaycanlı oğru və talançıları arasında estetik meyarların seçimi sahəsində tam uyğunluq və həmrəylik hökm sürür: onların da oğru və talançıları öz zırpı və zövqsüz mülklərini qüllə və gümbəzlərlə, heykəl və sütunlarla bəzəməyi üstün tutur, onlar da həyətlərində hovuz və şəlalələrə nəhəng pulları xərcləməyi rəva bilir.

Çarxın müəllifi bu təzadlı mənzərələri sadəcə göstərməklə kifayətlənmir, həm də bu mənzərələri nikbin və hətta təntənəli musiqi ilə müşayiət edir: baxın a, yana-yana qalın a! Biz erməni cəmiyyətinin ağalarıyıq!

Çarxın altında şərhlərini yazmış erməni tamaşaçıların münasibəti sübut edir ki, müəllif öz məqsədinə çatmışdır: hamı, istisnasız olaraq, xalqdan oğurlanmış pul hesabına cahi-cəlallı mülklər ucaltmış oğru və talançıları, vətən xainlərini, erməni xalqının düşmənlərini yamanlayır. Bu yamanlama ərşə qalxır, zira millət öz məğlubiyyətinin acısını kimdənsə çıxmalıdır axı! Budur, tapdıq, Qarabağ erməniləri üçün yığılan ianələri basıb-yemiş oğru məmurlardır günahkar!

Oxşar miskin şəraitdə yaşayan azərbaycanlı döyüşçü haqqında

çarx

çəkib internetə qoymuş “Bakı” TV-nin əməkdaşının da belə bərabərsizlik və haqsızlığın məqbul olmaması fikri ağlına gəlir, lakin o, bu fikri hökumətin nazik divarlı dəmir qutuda yaşayan, müharibəyə könüllü getmiş bu yaralı əsgərə mütləq qayğı göstərəcəyi barədə əminliyi ilə “zərərsizləşdirir”. Niyə bu gələcək köməyə əmindir? Hökumətimiz 27 il sərasər topladığı keçmiş günahlarını son Qarabağ müharibəsində qələbə ilə yuyub. Xalq ona hər şeyi, o cümlədən xalqın boğazından kəsib zırpı və zövqsüz mülklərə xərclədiyi milyardları bağışlamağa hazırdır.

Düşüncə sahəsində bizə tay olan qonşu xalq kor deyildi ki? Xeyr, o, çox gözəl görürdü və bilirdi ki, dəbdəbəli mülklər halal maaşa deyil, xalqdan oğurlanan haram pullara tikilir. Bilirdi və susurdu, çünki həmin bu oğru və talançı məmur zümrəsi millətin bir nömrəli amalı olan Qarabağı Azərbaycandan ala bilmişdi. Ala bilmişdi, deməli, xalqın pulunu oğurlamaq hüququ qazanmışdı.

Bax beləcə, sadə milli tənlik alınır. Oğurlaya bilərsən, çünki Qarabağı işğal, daha doğrusu, azad etmisən.

Bəs bizim oğrulara millət niyə dözürdü? Görmürdü ki, oğurlayırlar? Görürdü, görürdü ki, oğurlayırlar, lakin həm də söz verirdilər ki, “Lazım gəlsə, Qarabağı azad edərik”.

Buyurun, Lazım ağa gəldi və hakimiyyət zabit və əsgərləri qabağa verib Qarabağı aldı. Aldı, demək ona hər şey halaldır! Bu iki çarxı və tamaşaçıların onlara münasibətini düşünən insan çox şey anlaya bilər:

1.Hər iki ölkənin hakim zümrəsi hesab edir ki, xalq malını oğurlamaq hakimiyyətin ayrılmaz və üzvi tərkib hissəsidir. Əgər hakimiyyətdəsənsə, deməli, oğurlamalısan. Əgər oğurlaya bilmirsənsə, onda hakimiyyət sənin nəyinə gərəkdir? Oğurlamırsan? Öz işindir, başqalarına mane olma, çəkil kənara və imkan ver “əhli-hal” insanlar ciddi işlə məşğul olsunlar.

2.Xalq malının oğurluğu həm xeyirli işdir, həm də məmürün vəzifə mövqeyini möhkəmləndirir. Əgər oğurlaya bilirsə, deməli, “işləyə bilir”. Məhz buna görə bütün əhli-Azərbaycanın gözəl tanıdığı oğrular palıda çalınmış mıx kimi 27 ildir yağlı vəzifələrdə əyləşiblər və durmadan, hər gün və hər saat oğurlayırlar.

3.Xalq oğurluğu tam təbii və qanuni əməl sayır. Belə olmasaydı, gözgörəsi oğurluğa etiraz edən tək-tük vətəndaşa “paxıl və demaqoq” mayası qoymazdı.

4.Oğurluq tək hakim zümrənin hüququ deyil, həm də sıravi vətəndaşların ən ülvi arzusudur. Kənarda durub həsrətlə total oğurluğa tamaşa edən sıravi vətəndaş sıravilikdən çıxıb hakim zümrənin sıralarına qatılırsa, heç bir tərəddüd etmədən ikiəlli girişir xalq malına.

5.Oğurluq yüksək vəzifəli məmuru və ya siyasətçini “hörmətli” insanlar sırasına qatır, onu “Oğruların İnternasionalı”nın üzvü edir. Sizcə, Putinin Köçəryana məhəbbətinin sirri nədədir? İdmanda? Xeyr, Köçəryan deltaplanerizmlə, Putin isə cudo ilə məşğul olurdular. İdmanda ortaq maraq yoxdur. Lakin ortaq maraq oğurluq sahəsində var, zira Putinin bütün ətrafı oğrulardan ibarətdir. Məhz buna görə elə-hey Putinə yaltaqlanan Paşinyanın onunla dostlaşmaq şansı yox idi.

6.Xalq oğru məmura hörmət edir. Oğurlamayanı “axmaq və əfəl” sayır.

Bu dəyərlərə sədaqət iki qonşu xalqı yaxınlaşdırır və qarşılıqlı anlaşmanı mümkün edir. Beynəlxalq qanunlara, insan hüquqlarına və tarixə münasibətdə biz heç bir ortaq məxrəcə gələ bilmərik. Lakin mən əminəm ki, ortaq iqtisadi layihələr işə düşəndən sonra erməni və azərbaycanlı məmurlar layihə pullarının mənimsənilməsində sıx əməkdaşlığa başlayacaqlar.

Bu, dərindən fikirləşəndə, o qədər də pis şey deyil, azı, yeni müharibənin qarşısını ala bilər.

Ana səhifəXəbərlərFərq görsəniz, xəbər verin