Source: Meydan tv

Feministlər aksiya keçirib: “Sevincin qatili dövlətdir!”

Article was updated on :  4 August 2021

Feministlər aksiya keçirib: “Sevincin qatili dövlətdir!”

Polis İdarəsinin önündə aksiya keçirildi

Bir qrup feminist avqustun 4-də Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin binası önündə aksiya keçirib.

Səbəb polisin avqustun 3-də əri tərəfindən başı kəsilərək öldürüldüyü deyilən 23 yaşlı Sevinc Məhərrəmovanın şikayətini araşdırmaması, zorakılıq törədən Füzuli Qarayevi vaxtında həbs etməməsidir.

Feministlər polis idarəsinin önündə “Sevincin qatili dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarları səsləndiriblər. Polis binasının giriş qapısına qan rəngi rəmzi olan qırmızı maye atıblar.

Feminist fəal Gülnarə Mehdiyeva bildirib ki, əri tərəfindən öldürülən Sevinc dəfələrlə polis idarəsinə müraciət edib, lakin heç bir tədbir görülməyib: “Zorakılığı edəni tutmaq əvəzində zərəçəkəni dilə tutublar ki, barışsın. İki ay ərzində zorakılıq edən şəxsin tutulması üçün heç bir tədbir görülməyib”.

Polis aksiya iştirakçılarını və hadisəni lentə alan jurnalistləri saxlayıb. Jurnalist Ülviyyə Əli sosial mediada saxlanılanlara zorakılıq göstərildiyini qeyd edib.

Polis jurnalistin telefonundan “Mikroskop Media”nın paylaşdığı canlı yayımın videosunu silib. Medianın əməkdaşı Fatimə Kərimli “Facebook” səhifəsində canlı yayımı paylaşan əməkdaşa polis bölməsində təzyiq edildiyini, videonun zorla sildirildiyini yazıb:

“Digər video da silindi. Hazırda bölmədə nə baş verdiyini bilmirik”.

Daxili İşlər Nazirliyi (DİN) açıqlama verərək heç kimin saxlanılmadığını, zorakılıqla bağlı deyilənlərin yalan olduğunu söyləyib.

Daha sonra saxlanılanlar sosial media hesablarından sərbəst olduqları ilə bağlı paylaşım ediblər.

Avqustun 3-də Bakıda 23 yaşlı gənc qadının əri tərəfindən başı kəsilərək öldürüldüyü bildirilir. Öldürülən Sevinc Məhərrəmova daha öncə döyülmə, işgəncə şikayətləri ilə polisə müraciət edib. Ən son martda evindən çıxmış və ictimai fəalların dəstəyilə polisə, məhkəməyə üz tutmuşdu.

Sevinc Məhərrəmova daha öncə mediaya açıqlamasında polisin işi lazımi şəkildə araşdırmadığını, dəfələrlə etdiyi şikayətə baxmayaraq zorakılıq törədən şəxsin həbs edilmədiyini söyləyirdi.

Sevinc Məhərrəmovanın vəkili Zibeydə Sadıqova deyir ki, çox çətinliklə əzabvermə, döymə faktı ilə cinayət işi açdıra biliblər: “İş məhkəmədə idi, düzdür, Füzuli Qarayev hər dəfə bir bəhanə ilə gəlmirdi. Ancaq biz Sevincin uşaqlarını həftədə 2 dəfə görməsinə nail olmuşduq, özünə iş tapmışdı, çalışırdı. Hər şey qaydasına düşürdü. Bir də eşitdik ki, əri onu öldürüb”.

Gender aktivisti Gülnarə Mehdiyeva da Sevincə yardım edənlərdən biridir. Deyir: “Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinin nəticəsidir ki, bu gün 23 yaşlı gənc qadın həyatda yoxdur”.

Gülnarə Mehdiyeva bildirir ki, əri Sevinci uşaqları ilə manipulyasiya edib və onu evinə getməyə məcbur hala salıb:

“Axırıncı dəfə Sevinc mənə mesaj yazıb üzr istəmişdi. Deyirdi ki, uşaqlarının ağlamağına artıq dözə bilmir. “Bağışla ki, evə qayıtmalı oldum”, - deyirdi. Əri Füzuli Qarayev 3 və 5 yaşlı uşaqlarını ondan gizlədir, yalnız şikayətini geri götürər və evə dönərsə onları görəcəyini bildirirdi. Bir sözlə, işin yaxşı araşdırılmamasının nəticəsi faciəvi oldu”.

DİN isə şikayətin araşdırılmasında bir qüsur olmadığını, Sevinc Məhərrəmova polisə müraciət etdiyi zaman lazım olan bütün prosedurların həyata keçirildiyi açıqlaması verib.

Gender aktivisti Gülnarə Mehdiyevanın sözlərinə görə, təkcə iyulda Azərbaycanda 9 qadın ya əri, ya da sevgilisi tərəfindən öldürülüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 August 2021
Featured in:  
Shortlink:   http://mtv.re/c0mhr8

Most Viewed