Avtoritar ölkədə dövlətin maaliyələşdirdiyi təzyiq kampaniyası jurnalistləri və müxalifləri hədəf alıb.

Source: Illustration: Erre Gálvez - The Guardian

Caption: Avtoritar ölkədə dövlətin maaliyələşdirdiyi təzyiq kampaniyası jurnalistləri və müxalifləri hədəf alıb.

“Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycanın trol ordusu bir aylıq qadağadan sonra fəaliyyətə başlayıb

Article was updated on :  11 June 2021

Müəlliflər: Julia Carrie Wong ( San Francisco) və Luke Harding ( London)

“Facebook” trol şəbəkəsinə qadağa qoymasından altı ay keçməmiş Azərbaycanda müstəqil media qurumlarını və müxalif siyasətçiləri hədəf alan, dövlət tərəfindən maliyyələşdirilən təqib kampaniyasının yürüdülməsinə icazə verib.

“Guardian” araşdırıb ki, “Facebook”un öz əməkdaşı Sofi Janqın 2019-cu ilin avqust ayında menecerlərə və şirkətin icraçı direktorlarına Azərbaycanda təqib kampaniyasının mövcudluğu ilə bağlı məlumat verib. Bundan sonra sosial media şirkəti 14 ay müddətində Azərbaycanın hakim partiyası YAP-ın bir qolunun bu kampaniyanı həyata keçirməsinə icazə verib.

2020-ci ilin oktyabrında “Facebook”, “koordinasiya edilmiş saxta davranış” siyasətini pozduğu üçün YAP ilə əlaqəsi olan 8000-dən çox “Facebook” və “Instagram” hesabını və səhifəsini sildiyini açıqlayıb. Eyni üsuldan Rusiya da 2016-cı ildə ABŞ-dakı seçkilərə müdaxilə etmək üçün istifadə edib.

Lakin “Guardian”ın ən çox hədəf alınan səhifələr üzərində apardığı təhlillər göstərir ki, trol əməliyyatı bərpa olunub. Müstəqil media olan “Azad Söz”-ün “Facebook” səhifəsində bir şərhin təhlil edilməsi nəticəsində aşkarlanıb ki, ən populyar 301 şərhdən 294-ü (97,7%) istifadəçi hesablarına bənzər şəkildə qurulmuş “Facebook” səhifələridir. Bu, “Facebook” tərəfindən qadağan edilən “koordinasiya edilmiş saxta davranış” mexanizması ilə eynidir.

Nəticə olaraq “Facebook”, Sərhədsiz Reportyorların Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 168-ci yeri tutan Azərbaycanda avtoritar rejimin ifadə azadlığına şərait yaradan yeganə platformalardan biri vasitəsilə aparılan müzakirələrin boğulmasına imkan verir.

Jurnalistika sahəsindəki işinə görə təhdidlərə məruz qaldığı üçün Türkiyədə yaşayan azərbaycanlı jurnalist Arzu Qeybullayeva deyib: "Facebook Azərbaycan kimi ölkələrlə maraqlanmır".

"Araşdırmanız “Facebook”un sosial medianın diqqət mərkəzində olmayan və daha az tanınan ölkələrə nə qədər laqeyd olduğunu göstərir. Daha öncə məsələnin kontekstini izah etməsi üçün “Facebook”un Azərbaycandan bir nəfərlə əməkdaşlıq etməsi üçün göstərdiyimiz cəhdlər uğursuz olub. Onlar həqiqətən narahat edilmək istəmirlər".

Janq, trol əməliyyatını etibarsız hesablar vasitəsilə edilən saxta bəyənmələr, paylaşımlar və şərhlər kimi fəaliyyətlərlə mübarizə aparan “Facebook” komandasının tərkibində məlumat alimi olaraq çalışarkən üzə çıxarıb. O, istifadəçi hesablarına bənzər şəkildə yaradılmış minlərlə “Facebook” səhifəsini, şirkətlərin, təşkilatların və ictimai şəxslərin profillərini üzə çıxarıb və onların müəyyən cədvələ uyğun şəkildə bir neçə müstəqil Azərbaycan xəbər agentliyinin və müxalif siyasətçilərinin səhifələrini doldurmaq üçün çalışdığını aşkarlayıb. Şərhlər demək olar ki, həftəiçi günləri bir saatlıq nahar fasiləsi verilərək səhər 9-dan axşam 6-dək yazılıb.

2020-ci ilin avqust ayında Janq tərəfindən tərtib edilən siyahıya əsasən, əməliyyatın ən çox hədəf aldığı 20 səhifənin 2003-cü ildən bu yana Azərbaycanı getdikcə daha avtoritar bir şəkildə idarə edən lider İlham Əliyevin ən böyük tənqidçilərinə məxsus olduğu görünür. Bunların sırasına redaktorları başqa ölkələrə üz tutmağa məcbur edilmiş "Azadlıq", "Azad Söz" və "Mikroskop Media" kimi xəbər agentlikləri, saytları ölkədə bloklanmış “Azadlıq Radiosu” və “Abzas.net”; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimli kimi siyasi müxalifətçilər daxildir. “Human Rights Watch” təşkilatının qeyd etdiyi kimi partiya “amansız təzyiqlə” üzləşib.

Kərimli, “Guadian” qəzetinə verdiyi müsahibədə YAP-ın "kütləvi trol ordusu" nun “Facebook”a hücumlarının, sosial media hesablarının ələ keçirilməsi və İnternetə girişinin məhdudlaşdırılmasının hökumətin koordinasiya edilmiş kampaniyasının bir hissəsi olduğunu söyləyib.

“Çox repressiv bir rejimimiz var. Müstəqil qəzet və ya televiziya yoxdur. Sosial media fikirlərinizi sərbəst ifadə etmək üçün yeganə vasitədir. Beləliklə, burada “Facebook”, “Instagram” və digər platformalar böyük rol oynayır. Azad məlumatın yayılması üçün məkanımız olmadığından “Facebook” populyardır".

Kərimli, hökumət rəsmilərinin “trol fabriki” ideyasını Rusiyadan götürdüyünü qeyd edib. Rejimin təqribən 10.000 tamştatlı işləyən troldan istifadə etdiyini təxmin edir. Onlar fiziki olaraq paytaxt Bakıda yaşayırlar və Daxili İşlər Nazirliyi, dövlət tərəfindən maliyyələşdirilən QHT-lərlə yanaşı YAP Gənclər Təşkilatının tərkibində fəaliyyət göstərirlər.

O üç milyona yaxın “Facebook” istifadəçisi olan bir ölkədə trolları aşkar etməyin asan olduğunu vurğulayıb. “Onların nə fotoları, nə də şəxsi həyatları var. Sadəcə hesab açırlar ki, mənə qarşı trolluq etsinlər", Kərimli əlavə edib.

YAP, “Guardian” qəzetinin suallarını cavabsız qoyub.

Regionda texnologiya və müxalif düşüncələr üzərində çalışan bir araşdırmaçının sözlərinə görə, hakim partiyanı tərifləyən və müxalifəti tənqid edən şərhlər yazmaq üçün trollardan istifadə etmək "avtoritar hökümətin sosial vasitələrindən biridir". “Guardian”, fəaliyyətinə görə internet üzərindən təzyiqə və istismara məruz qaldığı üçün araşdırmaçının adının verilməməsinə razılaşıb.

Araşdırmaçı, "Avtokrat rəhbərlər öz hakimiyyətini qorumaq üçün insanların onları həqiqətən dəstəklədikləri təəssüratını yaratmalıdırlar", - deyə bildirib və əlavə edib: “Sosial media dövründə şərhlər, bəyənmələr, izləyənlərin sayı və digər bütün bu göstəricilər rəqiblərinizə insanların yanınızda olduqlarını göstərmək üçün həqiqətən yaxşı bir üsuldur".

Araşdırmaçı, rəqiblərin səhifələrinə yazılan şərhlərin onlayn müzakirələrə də maneə yaratdığını və fikrini bildirmək istəyən digər insanlara "çəkindirici təsir" göstərdiyini əlavə edib:

"Bu insanlar üçün belə anlam ifadə edir: bunu etsəniz, hər kəs sizə hücum edəcək".

Janq, həyəcan siqnalı verərək, “Facebook”un potensial “koordinasiya edilmiş saxta davranış” kampaniyalarını araşdırmaq üçün çalışan müxtəlif rəhbər və idarəçilərlə, “Facebook”a qarşı olan təhdidləri təhlil edən qrupla dəfələrlə əlaqə saxlayıb. Bununla yanaşı, “Facebook”un baş verənləri araşdırması üçün tədqiqatçı təyin etməsi 2019-cu ilin dekabrına qədər çəkib və tədqiqatçının trol şəbəkəsinin açıq şəkildə YAP-ın rəsmiləri ilə əlaqəli olduğunu üzə çıxarması 2020-ci ilin fevralına qədər davam edib.

Avtoritar rejimin müxalif düşüncəni yatırmaq üçün qaydalarını pozduğuna dair sübutlar olmasına baxmayaraq (koordinasiya edilmiş saxta davranış” kampanıyasına uyğun olaraq), “Facebook” 2020-ci ilin martında araşdırmanı dayandırıb və şirkət daxilində Janq tərəfindən edilən şikayətlərə cavab olaraq yalnız avqust ayında araşdırmanı bərpa edib.

“Facebook” sözçüsü Liz Burjua, “Biz xanım Janqın prioritetlərimizi müəyyənləşdirmək və platformamızda sui-istifadəni aradan qaldırmaq səyləri ilə əsaslı şəkildə razılaşmırıq”,- deyib.

“Facebook”, BJP Partiyasının üzvünün işə qarışdığını başa düşənə qədər Hindistanda saxta hesabları silməyi planlaşdırmışdı.

“Ötən il Azərbaycanda bu şəbəkənin ləğvi ilə bağlı baş verənləri araşdırdıq və bunu ictimaiyyətlə paylaşdıq. Bu araşdırmalar, saxta fəaliyyətin tam miqyasını anlamaq üçün vaxt tələb edir ki, biz də hissə-hissə iş görmürük və ictimai konsepsiyamız olduğuna inamımız var . Digər “koordinasiya edilmiş saxta davranış” kampaniyasında olduğu kimi, nəzarət etməyə və onların platformamızda mövcuqluqlarını bərpa etməsini əngəlləməyə çalışırıq”.

Şirkət, bazar ertəsi günü “Guardian” tərəfindən müəyyən edilən, saxta davranış siyasətini pozan 300-dən çox səhifəni ləğv etdiyini bildirib. Şirkət Janqın Azərbaycan işi ilə bağlı həqiqi iddialardan bəhs etməyib.

Oktyabr ayında “Facebook” 8000-dən çox “Facebook” və “Instagram” hesabını və səhifəsini sildiyini elan edəndə, Azərbaycan mübahisəli Dağlıq Qarabağ bölgəsində Ermənistanla müharibə vəziyyətində idi və internet üzərində təzyiq daha da artdı. “Yalnız trollar deyil, həm də adi insanlar tərəfindən də təhqir və təhdidlərə məruz qaldıq",- deyə həyat yoldaşı Cavid ilə birlikdə “Mikroskop Media”ya rəhbərlik edən Fatimə Kərimli qeyd edib.

Hər ikisi jurnalist olan cütlük, Azərbaycanı tərk etdikdən sonra, üç il əvvəl “Mikroskop Media”nı yaradıb.

“Hər kəs bu şərhlərin trollar tərəfindən yazıldığını bilir. Bunun nə qədər davam etdiyini açığı dəqiq bilmirəm, amma ən azı iki ildir ki, bununla qarşılaşırıq. Buna daha çox “Facebook”da və “İnstagram”da rast gəlirik, “Twitter”də deyil. Bəzən infoqrafika və ya videolar yayımlayırıq və 700 mənfi rəy yazılır".

Əli Kərimli və onu dəstəkləyənlər 2019-cu ildə paytaxt Bakıda Azərbaycanda sərbəst toplaşma azadlığının verilməsi tələbi ilə icazəsiz mitinq keçirib

Əli Kərimli və onu dəstəkləyənlər 2019-cu ildə paytaxt Bakıda Azərbaycanda sərbəst toplaşma azadlığının verilməsi tələbi ilə icazəsiz mitinq keçirib

Source: Əziz Kərimov / Reuters

Korrupsiya hallarını açıqladığı üçün iki il həbs həyatı yaşayan Azərbaycanlı bloger Mehman Hüseynov trolların vaxtlarını və enerjilərini sərf edərək tez-tez jurnalistlərin və ya blogerlər haqqında yalandan hesabat verdiklərini və bunun onların sosial mediadakı hesablarının dondurulması ilə nəticələndiyini qeyd edib.

Hüseynov telefonunu sındırmağa cəhd edən polis tərəfindən yenidən saxlanıldıqdan iki gün sonra "Bununla mübarizə apara bilmirik" deyib və əlavə edib: "Edə biləcəyimiz tək şey bloklamaqdır ... Ancaq bunun üçün çox vaxt lazımdır".

Hüseynov və digər müxalif blogerlər, fəallar üçün problemlərdən biri də “Facebook”un bütün vasitələri və təlimatlarını Azərbaycan dilinə tərcümə etməməsi, sui-istifadə hallarını və ya dondurulmuş hesabların bərpası barədə məlumat vermək prosesini ağırlaşdırmasıdır. Hüseynov beynəlxalq QHT-lərin köməyinə ümid edir, lakin bu cür qruplarla əlaqəsi olmayan daha az nüfuzlu blogerlər üçün bunun daha çətin olduğunu qeyd edir.

“Facebook”un ləng cavab verməsi təsisatın mahiyyətini qismən əngəlləyə bilər. Şirkətin geniş heyətinə dünya ölkələrindəki siyasi konteksti anlamaq üzərinə ixtisaslaşmış mütəxəssislər və dövlət məmurları ilə əlaqə quran siyasi kadrlar daxildir. Ancaq Azərbaycanda bir boşluq var: Nə Şərqi Avropa, nə də Orta Şərqdəki siyasi qruplar bununla bağlı məsuliyyəti öz üzərinə götürmürlər və nə tamştatlı, nə də müqaviləli işçiləri Azərbaycan dilində danışırdılar.

Bununla yanaşı, Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən trol şəbəkəsinin mövcudluğu 2014-cü ildə ingilis dilində dərc olunan bir tədqiqatda və Amerikada yerləşən Gələcək üçün İnstitutunun (Institute for the Future) 2018-ci il hesabatı ilə sənədləşdirilib. Əslində, tədqiqatçı, konfransda 2012-ci ildən bəri “Facebook” işçiləri ilə birlikdə bu mövzunu qaldırdıqlarını söyləyib.

Onlar qeyd ediblər: "“Facebook”dakı müəyyən insanlar bunu illərdir bilirlər. Bu haqda daha yaxşı öyrənməli və daha çox diqqət yetirməli idilər".

“Azərbaycandakı repressiyaların dərəcəsi, “Facebook”un rejimin yol verdiyi pozuntunun qarşısını ala bilməməsi vəziyyəti daha da zərərli edir. Çünki “Facebook”, azərbaycanlı internet istifadəçiləri üçün mövcud olan yeganə azad müzakirə platformalarından biridir.

Bu, hökumətin nəzarəti altında olmayan tək vasitədir”,- deyə Hüseynov əlavə edib.

"“Facebook” Azərbaycanda hər iki istiqamətdə irəliləyir",- deyə Qeybullayeva əlavə edib: “Bir tərəfdən, Azərbaycandakı siyasi müxalifət üçün “Facebook” konkret bir mövzuda təşkilatlanaraq dəstək ala biləcəyi bir yerdir. Qaranlıq tərəfi odur ki, hökumət müzakirə olunanları və kimin nə dediyini açıq şəkildə görür. Bu insanların bu şəkildə hədəfə çevrilməsinə səbəb olur. Məsələ ikitərəflidir”.

Qeybullayeva, 2013 və ya 2014-cü ildə Budapeştdə İnternet Azadlığı ilə bağlı iclasda iştirak edərkən Mark Zukerberqi gördüyünü söyləyib. Həmin dövrdə sosial şəbəkə onun heyranlığına səbəb olub. O, “Facebook”un öz ölkəsində ifadə azadlığını təmin etmək üçün gördüyü işlərə görə Zukerberqə təşəkkür etmək üçün ona yaxınlaşmağa cəhd etdiyini qeyd edir.

“Mühafizəçi məni itələdi. Bu görüşü həmişə xatırlayıram. Bu, “Facebook”un bizə qarşı nə qədər laqeyd olduğunu göstərir".

Zuckerberqə nə demək istədiyini soruşduqda, Kərimli “İlk növbədə ona təşəkkür etmək istəyirəm. “Facebook” ictimai müzakirəyə imkan yaradır. Ancaq böyük maliyyə qaynaqlarına sahib repressiv rejimlər də bundan saxta xəbərlər yaymaq üçün istifadə edirlər. “Facebook” trol şəbəkəsi tərəfindən yaradılan məzmunun silinməsini sürətləndirməlidir. Kəskin tədbirlər görməlidirlər və Azərbaycan dilində danışan birini işə götürməlidirlər".

Saxta davranış necə olur?

  1. Bu, Azərbaycanın xəbər agentliyi “Azad Söz” tərəfindən “Facebook”da paylaşılan bir yazıdır. Burada söhbət Azərbaycan siyasətçiləri haqqında tənqidi fikirlər yazdıqlarına görə 8 ay həbs cəzasına məhkum edilən fəaldan gedir.
  2. Mindən çox adam yazıya şərh yazıb. Əksəriyyəti Azərbaycan hökumətini dəstəkləyib.
  3. Ancaq daha da dərinə getsən, şübhəli bir şey baş verir. Ən üstdəki şərh Zeynəb Babayeva adlı bir nəfərə məxsusdur.
  4. Əgər onun profilinə baxsaq, bunun bir istifadəçi hesabı olmadığını görərik. Bu, bir qəhvə mağazasının “Facebook” səhifəsidir
  5. Bu səhifə yazıya şərh bildirmədən iki həftə, hətta daha az bir müddət öncə yaradılıb.
  6. “Facebook”da hər bir insanın yalnız bir hesabı olması qaydası var. Ancaq bu səhifə boşluqlardan istifadə edir
  7. Bir istifadəçi, özünü fərqli insanlar kimi təqdim edərək, asanlıqla bir çox səhifə yarada bilər və bu səhifə şərh vermək, paylaşmaq və reaksiya bildirmək kimi normal bir hesabdan edilə bilən şeyləri edə bilər.
  8. Budur bu yazıyla bağlı ən üstdəki 301 şərh. Bunlardan neçəsi istifadəçi hesablarına bənzər şəkildə qurulmuş səhifələrdən yazılıb?
  9. Təxminən hamısı müəyyən insanlara məxsusmuş kimi təqdim olunan səhifələrdir - 301 səhifədən 294-ü belədir. Səhifələrin yarısı bu paylaşıma şərh bildirmədən öncə bir aydan az müddətdə yaradılıb; Səhifələrin hamısının bir ildən az yaşı var idi.
  10. “Facebook” ictimai rəy və reallıq anlayışımızı formalaşdıra bilər. Ancaq bu yazıda və digər bir çoxunda gördüyümüz məsələnin sadəcə bir qismidir.

Müəlliflər: Julia Carrie Wong ( San Francisco) və Luke Harding ( London)

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  11 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/lr4i2q

Most Viewed