Elmin Bədəlov: Heydər Əliyev Sarayının mühafizə xidmətinin rəisi mənə zor tətbiq etdi

Mənfi cavab aldığını deyən ADO rəhbəri məsələ ilə bağlı 2019-cu ildə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib

Source: Specify Source


"Onun manelərinə baxmayaraq, çıxışımı sona çatdırdım, performansım baş tutdu"

ADO Teatrının yaradıcısı, aktyor Elmin Bədəlov iyulun 13-də Heydər Əliyev Sarayının arxasında, Səməd Vurğun küçəsində performans göstərib.

Aktyorun çıxışı zamanı Heydər Əliyev Sarayının mühafizə xidmətinin rəisi ona qarşı zor tətbiq edib: “Həmin adam mənə təzyiq edib, yerə oturtmağa çalışırdı. Çox aqressiv və kobud rəftar nümayiş etdirirdi. Mən isə oturduğum yerdə, onun manelərinə baxmayaraq, çıxışımı sona çatdırdım. Performansım baş tutmuş hesab olunur. Çünki çıxışımı beş dəqiqə nəzərdə tutmuşdum. Hətta beş dəqiqədən də artıq rəqs etdim. Ora yaxınlaşan polis əməkdaşları da çıxışıma mane olmadı. Məqsədim – sənətin bu növünə diqqət çəkmək idi. İncəsənət nümayindəsinə qarşı, belə addım atdığına görə onun yerinə mən utandım. Ümumiyyətlə, ona nə deyəcəyimi bilmədim. Sarayın yaxınlığında çıxışım niyə onu narahat etdi anlamadım. Sarayın içinə girməmişik. Saraya ziyan vurmuruq”.

Elmin Bədəlov Qış Parkında, ya da ətrafında performans nümayiş etmək istədiyini daha öncə də açıqlamışdı. Bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciət etdiyini deyib.

img-20210714-wa0047.jpg
Elmin Bədəlov: Ora yaxınlaşan polis əməkdaşları da çıxışıma mane olmadı.

Mənfi cavab aldığını deyən ADO rəhbəri məsələ ilə bağlı 2019-cu ildə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib: “Məhkəmə ilk dəfə bizim xeyrimizə qərar vermişdi. Təəssüf ki, ardınca pandemiya oldu. Həmin ərəfədə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Apelyasiya Məhkəməsinə müraciət etdi və qərarı ləğv etdirdi. İyulun 15-də Qış Parkında oynayacağam. Performansın formatı elədir ki, ora hər kəs qoşula bilər. Eyni zamanda, incəsənət nümayəndələri istəsə qatıla bilər. Nümayişi açıq rəqs kimi qoymuşam. Sabahkı çıxışa müdaxilə olunub-olunmayacağını isə blmirəm. Küçədə incəsənət göstərmək normaldır, bu dünyada var. Niyə Azərbaycanda da olmasın? Azərbaycan vətənimdir. Bura mənim ölkəmdir, mənim küçələrimdir. Mən öz küçələrimdə performans oynamaq istəyirəm və buna davam edəcəyəm. Bizə məhz incəsənət lazımdır. Xüsusən də, müharibədən və pandemiyaya görə tətbiq edilən sərt karantindən sonra cəmiyyətdə gərginlik var. Bunu sənətlə aradan qaldırmalıyıq”.

“Hazırda məzuniyyətdəyəm. Ona görə də hadisə ilə bağlı heç bir məlumatım yoxdur”, – Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Aytac Bağırlı Meydan TV-yə açıqlamasında belə deyib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb.

Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Ana səhifəMədəniyyətElmin Bədəlov: Heydər Əliyev Sarayının mühafizə xidmətinin rəisi mənə zor tətbiq etdi