Əli Kərimli: “İlham Əliyev şanslıdır ki, hələ də islahat üçün vaxtı var”

Əli Kərimli: “İlham Əliyev şanslıdır ki, hələ də islahat üçün vaxtı var”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Meydan TV-nin suallarını cavabandırıb.


– Əli bəy, internetə çıxışınıza maneələr qalır?

– Həm telefonum, həm də Wifi şəbəkəsi işləmir. Əlbəttə ki, indi sərt karantin dövrü olmadığından müxtəlif yollarla – icazə verin təsvir etməyim- xəbər tuta bilirəm. Amma normal qaydada internetdən istifadə edə bilmirəm. Canlı yayımlar edə bilmirəm, hətta telefon xəttini belə kəsməkdə davam edirlər. Mən buna təəccüblənirəm. Artıq 4 ay tamam olub, saat 8 olan kimi mənim və həyat yoldaşımın telefonları kəsilir. Hər bir jurnalist zəng edib öyrənə bilər.


– ReAL Partiyasının sədri İlqar Məmmədovun seçkini boykot etmənizin ziyanları ilə bağlı fikirlərinə münasibətiniz necədir?

– Açığı mən istənilən müxalifət adına iddia edən təşkilatlarla polemikada maraqlı deyiləm. Fərqi yoxdur indi həqiqi müxalifətdir, ya deyil. Arqumentlərə münasibət bildirə bilərəm. Arqumentlər çox saxtadır, həqiqətin təhrif olunmasıdır. Birincisi, hər seçkiyə gediləndə ölkədə dəyişiklik olsaydı, 26 ildir Belarusda niyə dəyişiklik olmurdu? Əgər seçkiyə getməklə dəyişiklik olursa, Rusiyada hakimiyyətdə  20 ildir Vladimir Putin əyləşib, hər seçkiyə də əksər hallarda müxalifət qatılır. Bəs niyə dəyişiklik olmayıb? Bəs biz nə qədər seçkiyə getmişik, bilirsiniz? Əliyevlərin dövründə biz 14 dəfə seçkidə iştirak etmişik. Bünun içində parlament, bələdiyyə – hamısı var. Niyə bəs dəyişiklik olmayıb? Sadəcə seçkidə iştirak etməmişik. İndi seçkidə iştirakı da hörmətdən salıblar. Heç iştirak etməklərilə etməməkləri bilinmir. Amma biz ən azı Azərbaycanda 3 seçkidə çox möhtəşəm mübarizə aparmışıq. Bunu heç kim dana bilməz, hökumət də danmır. 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun 8 dairədə qələbəsini etiraf etmişdilər. Biz 8 nəfərlə parlamentə keçə bilərdik, ondan imtina etdik. Artıq eşidirəm ki, bir nəfərin parlamentə düşməyi uğur sayılır. 15 il bundan qabaq biz 8 nəfərlə parlamentə getməyi özümüzə məqbul saymadıq. Görürsüz, siz də bu vəziyyətdə tapıb mənə bu sualı verdiniz. Niyə görə gündəmə bunu zorla pərçim edirlər? Əslində gündəm nə olmalıdır? Gündəm təbii ki, daha bir diktatorun getməsidir. Belarusda İlham Əliyevin dostu Lukaşenkonun indi yaşadığı bu qürub İlham Əliyev üçün, Azərbaycandakı, dünyadakı avtoritar rejimlər üçün gələn bir mesaj olmalıdır.


– YAP-dan olan deputat Aydın Mirzəzadə



təklifinizi



hakimiyyətlə alver etmək qiymətləndirir. Nə deyə bilərsiz?

– Bunlar heç alver edən deyil axı. Əslində, mən Azərbaycandakı rejimin mahiyyətini göstərmək üçün bunu etmişəm. Tofiq Yaqublu məhkəmədə deyir ki, mən təqsirləndirilən şəxs deyiləm, girovam. Mən girov olduğuma görə sən də hakim deyilsən. Mən də dostlarımı girov götürənlərlə başqa necə danışım? Ailə üzvünü girov götürəndə nə edirlər? Məni götür, girovu azad elə, sonra baxarıq da ölərik, ölmərik, nə olar olar. Mən bu cəbhə ailəsinin başçısıyam, burada gəlib 17 adamı girov götürüblər.


– Müxalifət, Mili Şura Belarus olaylarından hansısa dərs çıxara bilərmi?

– Dərsi İlham Əliyev çıxarmalıdır. Minlərlə adamı qanunsuz tutmuş, onlara işgəncə vermiş, azadlıqlarını əlindən almış, bütün seçkiləri saxtalaşdırmış adamın axırı görün nə ilə qurtarır. Deməli, xalqlar zülmlə barışmır, xalqlar bir gün özündə güc tapıb meydana çıxır, xalqlar bütün o əzabların hesabını bir gün həmin o avtoritar rejim başçılarına, diktatorlardan soruşur. Ona görə dərs çıxarmaqdan söhbət gedirsə, əlbəttə, bu dərsi İlham Əliyev çıxarmalıdır. Yeri gəlmişkən, dostu Lukaşenko deyir ki, hansı islahatı deyirsiz bu saat başlayaq. Onun artıq vaxtı yoxdur. Heç kim ondan islahat istəmir. Amma İlham Əliyev şanslıdır ki, hələ də vaxtı var. Bəlkə o da nə zamansa çıxıb islahat təklif edəcək, artıq heç kim ondan islahat istəməyəcək. Bu gün üçün çıxarılası dərs budur, təcili siyasi məhbusları azad etmək lazımdır. Ölkədə normallaşmaya doğru bir yol xəritəsi qoymaq lazımdır. Onsuz da gedəcəksən, heç bir diktatura əbədi olmayacaq.

Ana səhifəVideoƏli Kərimli: “İlham Əliyev şanslıdır ki, hələ də islahat üçün vaxtı var”