Əli Kərimli: Bu məmləkətin dərdi bizimdir, sərvəti onların?

''Növbəti tarixi gün olacaqsa, yenə də ziyarətə gedəcəyik''

Dirçəliş Günü Şəhidlər Xiyabanını ziyarət etmək istərkən saxlanılan və Səbail Rayon Məhkəməsinin 19 noyabr qərarı ilə 2500 manat cərimələnərək sərbəst buraxılan AXCP sədri Əli Kərimli Meydan TV-nin suallarını cavablandırıb.

- Əli bəy, noyabrın 17-də Şəhidlər Xiyabanını ziyarət edəcəyiniz haqda müvafiq dövlət orqanlarını xəbərdar etmişdinizmi?

- Xeyr, biz Şəhidlər Xiyabanını dəfələrlə ziyarət etmişik, ildə 3-4 dəfə orada oluruq. Şəhidlər Xiyabanına niyə gedirik? Şəhidlərimizi yad etməyə, onların xatirələrini hüznlə qeyd etməyə. Gül qoyuruq, salavat çeviririk. Ora gedib aksiya keçirmirik ki, kimdənsə icazə istəyək. Biz heç vaxt icazə istəməmişik, 17 noyabrda da icazə istəməmişdik. Tədbirə 2-3 gün qalanda “Facebook” səhifəmdən yazdım ki, saat 15.00-da Şəhidlər Xiyabanını ziyarət edəcəm və insanları da dəvət etdim. Bu mənada tədbirin təşkilatçısı mən idim, amma tədbir yadetmə idi, razılaşdırılmamış mitinq deyildi.

- Bildirilir ki, Səhlab Bağırov AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynə zəng edib, tədbiri təxirə salmağınızı istəyib. Sizin də ona cavab verdiyiniz söylənilir. Bu söhbət olubmu?

- Deməli, tədbirin keçirilməməsi təşəbbüsləri olub, ancaq detalları bilmirəm. Belə bir fikir səsləndirilib ki, guya, biz gəlməyək, Şəhidlər Xiyabanı bağlı olacaq. Mən də demişəm ki, Şəhidlər Xiyabanı heç zaman bağlı ola bilməz, niyə bağlı olmalıdır?! Dövlət tədbirinin olduğunu deyəndə, “gözləyərik” cavabını vermişəm. Kaş bizim elə bir dövlətimiz olardı ki, Şəhidlər Xiyabanında tədbir keçirərdi. Azərbaycanın dövlət başçısı Şəhidlər Xiyabanına nə zaman gedir? 20 yanvarda. Onda da məcburiyyətdən, getməyə bilməz. Başqa vaxtı orda hansı dövlət tədbiri keçirilir? Xarici qonaqları ora aparmırlar, başqa abidəni ziyarət etdirirlər. Amma buna baxmayaraq dedim ki, kaş dövlət tədbiri olsun, biz onu gözləyərik, heç bir problem yoxdur.

- Çox qəribədir ki, Bayraq Günündə də xiyabana getdiniz, ancaq niyə məhz 17 noyabrda müdaxilə oldu?

- Müdaxilənin yalnız 17 noyabrla bağlı olduğunu düşünmürəm. Bilirsiniz, hökumət cəmiyyəti bir yerə qədər sıxıb-sıxıb, indi onun əlində çox az şeylər qalıb. Bizi hazırda Türkmənistan və Şimali Koreyadan fərqləndirən çox az şey qalıb. Onlardan biri də Azərbaycan müxalifətinin Şəhidlər Xiyabanını kütləvi ziyarətidir. Hədəf Şəhidlər Xiyabanına ziyarətin qarşısını almaqdır. 2014-cü ildə xiyabana əklillə gedərkən əklili əlimizdən almaq istədilər, baş tutmadı, bu il Xocalı faciəsi ilə abidəni ziyarət edərkən polislər qarşımızı kəsdilər. Səbəb budur ki, birincisi, milli müqəddəsliklər bizim üçün müqəddəsdir, onlar üçün yox. Baxın, biz niyə noyabrın 17-də Şəhidlər Xiyabanına getməyi özümüzə borc bilirik? Xiyabanda 20 yanvar və Qarabağ müharibəsinin şəhidləri dəfn olunub, 30 il əvvəl hərəkatı başlayanda Qarabağla başladıq, sonra da Milli Azadlıq Hərəkatına çevrildi. Deməli, 17 noyabrdan başlayan hərəkat xeyli şəhid verməyimizlə nəticələnib və onların sayəsində dövlət müstəqilliyimizə nail olmuşuq. Ona görə qədirbilənlik edib istədik ki, hərəkatın 30 illiyində məhz Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyinə nail olmaq üçün canından keçən şəhidlərin xatirəsini yad edək. Xiyabanda bir vicdansızlıq ediblər, orada ağacları elə sırayla sıx əkiblər ki, Qarabağ şəhidləri görünməz olub. Bugünkü gənc nəsil bilmir ki, orada Qarabağ müharibəsində şəhid olan mindən artıq insan dəfn olunub.

- Nə zaman bu olayı sezmisiniz?

- Bir neçə ildir hiss etmişəm, bir dəfə də bu məsələ barədə danışmışam. 15 sentyabrda diqqətimiz cəlb etdi və qərara gəldim yeri düşəndə bu məsələni ictimailəşdirim. Orda ağaclardan çəpər çəkib Qarabağ şəhidlərini gizlədiblər. Bu adamlar üçün o insanlar müqəddəs deyil. Siz heç görmüsünüzmü Yeni Azərbaycan Partiyası nə zamansa Şəhidlər Xiyabanına getsin? Necə olur, bu məmləkətin dərdi bizimdir, nefti, sərvəti onların? Nefti, sərvəti, milyardları yeyəndə heç olmasa ildə bir dəfə gedib Şəhidlər Xiyabanında “Allah rəhmət etsin sizə, sayənizdə haram malı yeyirik”,- deyin də. Demirlər axı, çünki şəhidləri özlərinə müqəddəs saymırlar. Ona görə bizi başa düşmürlər ki, nə olub, bunlar 2-3 aydan bir gəlib şəhidləri ziyarət edirlər, nə məsələdir, anlamırlar, bizim duyğumuzu duymurlar. İkinci, müxalifətin hər hansı şəkildə kütləvi olaraq bir yerə toplanmasına imkan vermirlər. Bizə niyə ofis vermirlər, mən niyə evimdə sizə müsahibə verməliyəm? Böyük partiyayıq, niyə görə ofis icarə etmək imkanım olmamalıdır? Media azadlığı, sərbəst toplaşmaq azadlığı alınıb, ofis icarəyə götürməyə imkan vermirlər, məqsəd odur ki, müxalifəti de-fakto məhv etsinlər.

- Amma YAP-çılar deyir ki, AXCP-yə ofis vermişdilər, getmədilər...

- Boş söhbətdir. Hakimiyyət 2005-ci ildə ofisimizi alanda elə bir yerdə ofis təklif etdilər ki, oranın kanalizasiyası yox idi, zavod ərazisidi. Belə yerdə necə ofis qura bilərdik? Şəhidlər Xiyabanı ilə bağlı hakimiyyətin bir niyyətini də deyim, onlar xiyabana gələnlərin demokratik qüvvələr, cümhuriyyət yolçuları, Rəsulzadə-Elçibəy yolunda olanlar olduğunu bilirlər, ona görə çalışırlar xiyaban onların üzünə qapansın. Bu gün məhkəmədə bilirsiniz nə çıxdı ortaya?

- Turist məsələsi...

- Bəli.

- Kim danışdı bu barədə?

- Mənim inzibati hüquq pozmağım haqqında protokolu tərtib edən mayor. Səbail Rayon Polis İdarəsində protokolu tərtib edən zabitin ad və soyadını vəkilim Fuad Ağayev dəqiq bilir. Mayordan tələb etdik ki, hansı dövlət tədbiri olduğunu desin. Əgər dövlət tədbirirsə, “Azərtac” məlumat yaymalıdır axı. Adam səmimi şəkildə cavab verdi ki, ölkəmizə turistlər gəlir. Turistlər ölkəmizə 365 gün gəlir, deməli, Şəhidlər Xiyabanını 365 gün bağlamaq üçün bəhanə var. Bunu etmək istəyirdilər? Ona görə biz razılaşmadıq, xiyabanı milətin üzünə bağlamaq bizi başqa mərhələyə keçirmək idi. Yəni Şimali Koreyaya və Türkmənistana çevrilmək üçün edilirdi.

- Bəs Azərbaycanı Türkmənistan və Şimali Koreyaya çevirə biləcəklərmi?

- Xeyr, alınmayacaq.

- Əminsinizmi?

- Əminəm. Məhz 30 illiyini qeyd etdiyimiz hərəkatın hesabına yaranmayacaq, hansı ki qoymadılar. Amma ümid edirəm ki, Azərbaycan vətəndaşları həmin günləri xatırlayıblar, unudulmağa qoymayıblar Deməli, 17 noyabrda başlanan Meydan Hərəkatı Azərbaycana 100 minlərlə vətəndaş qazandırdı. Onlar Sovet Sosialist Respublikasının vətəndaşıydılar, amma milli özünüdərki, demokratiyanı, söz haqqını həmin meydanda qazandılar. 25 ildir sülalə hakimiyyəti o kəsimi əzə-əzə, qıra-qıra, didərgin sala-sala, satın ala-ala gəlir, amma tükənmir.

- Ancaq ölkəni tərk edənlərin sayı da artır. Məsələn, 17 noyabrdan sonra cəbhəçilərin mühacirətə getmək imkanlarının artacağını yazanlar da vardı...

- Sualınızda iki məqam var, 25 ildə bioloji ölüm, təzyiqlərdən yorulan, xəstələnən, istər-istəməz hərəkatdan qalan… Sıralarımız seyrəlib. Amma yeni nəsil də var axı. Bugünkü gənclik kimi seçir? Elə həmin yolu. Bu gün onların da, bizim də seçdiyimiz öndərə münasibətə baxın.

- Siz başqa tərəfdən də baxın, Rusiyada olan azərbaycanlı bloger Həsənovun təmtəraqla qarşılandığını da gördünüz...

- Aydındır. Bugünkü gənclik Rəsulzadə-Elçibəy yolunu seçir, onlar bu yolun milli vəzifəsini dərk edirlər. Ona görə bizim sıralarımız tükənməyəcək. Fürsətdən istifadə edib məni müdafiə edən bütün soydaşlarıma təşəkkür edirəm. Hazırda bütün məlumatlarla tanış deyiləm. Amma məhkəmədən çıxıb evə gəlincə mənə məlumat verirdilər ki, artıq xalqın ən müxtəlif təbəqələrindən - vətəndaş cəmiyyətindən, müxalifət partiyalarından, blogerlərdən, hüquq müdafiəçilərindən hər kəs bacardığı qədər dəstəyini ifadə edib. Əlbəttə, dünya mətbuatının-“Washinqton post”, “Nyu-York Times” və onlarla adını çəkmədiyimiz orqanların diqqəti təqdirolunasıdır, bu gün mənim sizə müsahibə verməyim onların diqqətinin nəticəsidir. Bəli, etiraf edirəm ki, hakimiyyətin apardığı siyasət milli informasiya mühitini dağıdıb, televiziyalar məhv olduğundan, əhalinin daha çox hissəsi Türkiyə telekanallarının təsiri altındadır, az hissəsi Rusiya televiziyası və informasiya mühitinin, 3-5 faiz də qərb mediası ilə informasiya mübadiləsinin içindədirlər. Rusiya mediasının təsirində olan bir neçə yüz min vətəndaşımız var. İndi hökumət fəxrlə deyir ki, rus bölmələrində təhsil alanlar Sovet Azərbaycanından çoxdur, bu siyasəti İlham Əliyev və ailəsi aparır. Bu siyasətin nəticəsində 100 minlərlə ölkə vətəndaşı formalaşıb ki, onlar azərbaycandilli mətbuatın əhatə dairəsində deyillər. Çox təəssüf ki, onlar Rusiya informasiya məkanındadırlar. Məsələnin bu hissəsi bizi narahat etməlidir. Amma əhalinin başqa bir hissə də var. Onlar xüsusən qeyri-siyasi, müğənni, şou-biznes kimi dar çərçivədə olan insanlara fanatikcəsinə yanaşırlar. Rusiyalı blogerlə bağlı eşitdim ki, onun gəlişində mükafat məsələsi də varmış. Ona görə müəyyən sayda fan-klubun toplanması aysberqin görünən hissəsi, milli mətbuatın məhvi kimi bizi narahat etməlidir. Amma ayrıa-ayrı blogerin, o cümlədən, şou-biznes əhlinin kiçik fan-klublarının olmasına da dözümlü yanaşmalıyıq.

- Əli bəy, sizinlə polis idarəsində necə davrandılar?

- Polisdə qanunsuz münasibət görmədim. Polis qanunsuz işlərə cəlb olunur, amma onu siyasi rəhbərlik cəlb edir. Polis hərbiləşmiş xidmət növüdür, orda əmrlər yerinə yetirilir. Ona görə polisin bu prosesdə qanunsuz işi 17 noyabrda ziyarətə imkan verməməsi oldu. Çünki rəisləri göstəriş vermişdi. Amma 2 gün ərzində nə zabit heyətindən, nə sıravilərdən özümə münasibətdə heç bir qanunsuzluq görmədim.

- Ailənizlə əlaqə saxlaya bildinizmi?

- Bu, artıq onların iradəsində deyildi. Məhkəmədə məsələ qaldırdım ki, prosessual hüquqlarım pozuldu, heç bir ittiham irəli sürmədən telefonumu aldılar, ona görə ailəmlə əlaqə yarada bilmədim. Niyə, cinayətkarammı?

- Vəkilinizlə də əlaqə saxlaya bilmədiniz?

- Xeyr. Polis rəisinə ərizə yazdım ki, vəkilim var, vəkil axtarmayacam. Bir neçə ay əvvəl vəkil Fuad Ağayevlə müqavilə bağlamışam, istənilən vaxt, o, məni müdafiə edə bilər. Amma vəkilimin iştirakı təmin edilmədi. Bu prosessual pozuntular polis nəfərinin görəcəyi iş deyil.

- Sizə qarşı cərimə cəzası ilə bağlı hansı addımlar atacaqsınız?

- Şikayət edəcəyəm, şübhəsiz ki, mən onu ödəməyə hazırlaşmıram. Yerli instansiyalarla yanaşı Avropa Məhkəməsinə müraciətlərim olacaq. Məni 2 gün qanunsuz saxlayıblar, məgər, şəhidləri ziyarət 2500 manatadır, bu, nə biabırçlıqdır?! Bəli, o artıq başqa məsələdir ki, onların niyyəti başqaydı. Yəni cəbhəçiləri və partiyanın sədrini həbs edəcək və cəmiyyətə mesaj verəcəklər ki, Şəhidlər Xiyabanı üzünüzə bağlandı. Alınmadı və alınmayacaq. Növbəti tarixi gün olacaqsa, yenə də ziyarətə gedəcəyik. Şəhidlər Xiyabanını heç kim millətin üzünə bağlaya bilməz. Bu yolda gərəkirsə yeni həbslər də olacaq.

- Sizə qarşı ittiham həm də 2 ay həbsi nəzərdə tutur. Məhkəmələr daha çox həbsi götürürlər. Bəs necə oldu ki, sizə cərimə cəzası kəsildi?

- Mən özümü tam 2 ay həbsə hazırlamışdım. Vəkilimə böyük siyahı hazırlatdım ki, ailəm nələri gətirəcəyini bilsin. Hətta vəkilim vasitəsilə hazırlıq görmüşdüm ki, burdan Binəqədi Təcridxanasına gedirəm, orda bəlkə də 2 ay saxlanacam. Çox deyirdilər ki, məni niyə həbs etmirlər…

- Doğrudan, niyə həbs etmədilər?

- Görürsünüz, aləm dəydi bir-birinə.

- 90-cı illərin sonunda hakimiyyət belə addımlar atırdı, AMİP lideri Etibar Məmmədova sui-qəsd tamaşası yaradırdı, onunla İsa Qəmbər və Elçibəy arasında balans yaratmaq üçün. İndi də sizi iki gün ona görə saxladılar ki, İlqar Məmmədovun reytinqi yüksək olduğundan balansı dəyişmək lazım idi. Belə yanaşmalar var, siz necə düşünürsünüz? Bəlkə aşağı düşən reytinqinizi qaldırmaq üçün iki gün polisdə saxlanıldınız?

- Kimin ağlına gələr düşünsün ki, xüsusən İlham Əliyev Əli Kərimlinin reytinqini qaldırmaq istəyər? Elə bir ağıldankəm adam varsa, mənim artıq sözüm yoxdur. İlham Əliyevin mənə hansı münasibətlə yanaşdığı məlumdur. Bir dəfə ad çəkmədən keçmiş dövlət katibi haqqında danışanda necə ah çəkdiyini görmədiniz? İndi, o, mənim reytinqimi qaldırmaq haqqında düşünəcək, çox absurddur. Amma məni həbs etmək cəhdləri olub.

- Bəs niyə etmirlər? Buna mane olan Qərb, yoxsa daxili amildir?

- İki amil var: birinci, dünyanın həbsimə etirazının hansı həddə qədər olacağını bilmirlər. 2 gün cinayət işi ilə bağlı ittiham edilmədən həbsim dünyanın onlarla KİV-nin diqqətində oldusa, cinayət işi olsa, hökumət istəmədən bizə Nobel mükafatı qazandırmazmı?! Deməli, hakimiyyət bundan çəkinir, onlar bilmir ki, proses hansı həddə qədər gedər. Həbs edə bilərlər, o qədər kampaniyalar aparırlar ki. Amma dünya da toplaşar və bir az ciddi şəkildə dəstək verər, hökumət anlayar ki, Kərimli azadlıqda olanda az təhlükə var, nəinki bu fenomen şişdi və indi daha böyük təhlükədir. Bunu hesablaya bilmirlər. İkinci də, millətin reaksiyasıdır. 2 gün saxlanıldım, hələlik dəqiq monitorinqim yoxdur. Amma cəmiyyətin müxtəlif kəsimlərinin birmənalı dəstəyinin olduğu haqda məlumat verdilər.

- Məlumatı hardan verdilər, partiya daxilindən, yoxsa kənardan? Çünki daxildəki məlumat həmişə düz olmur...

- Təbii, mən indi söyləsəm ki, çox ciddi olaraq hər yerdən məlumat almışam, yox, doğru deyil, çünki yeni sərbəst buraxılmışam. Amma məhkəmədən çıxıb gəlincə, yaxın çevrəmlə, blogerlərlə, Milli Şura rəhbərliyi, partiya funksionerləri ilə danışmışam. Onlara inanıram, niyə yalan məlumat versinlər? Onsuz da yaxın iki gündə sosial şəbəkələrə baxacam. Onlar cəmiyyətin dəstəyinin birmənalı olduğunu deyiblər. İndi baxın, həbs etməyəndə, trollar deyirlər ki, hamını tutublar, Əli Kərimlidən başqa. Həbs etsələr, bundan da qurtarırıq. Mən çox rahatam, 17 noyabrda ora getməyə də, tutulmaya da bilərdim, şüurlu şəkildə bu riskə getdim. Yenə deyirəm, həbs olunmaqdan çəkinmirəm, can da atmıram. Artıq qərar verən...

- Kimdir qərar verən?

- İlham Əliyevdir, avtoritar rejimdir, nə prokuror, nə daxili işlər naziri, nə də administrasiyada şöbə müdiri müxalifət liderini tutacaq qərarını verə bilməz. Müxalifət liderinin həbsi qərarını birinci adam verir. O da hesablayır, hələlik bugünə olan hesabı belədir kİ, həbs olsa, içəridə daha böyük problem olacaq. İndi ona görə qərar vermək İlham Əliyevin əlindədir, mən qərara təsir etmək üçün heç nə etmirəm.

- Belə bir fikir var ki, Qərb hazırkı iqtidarın və müxalifətin qalmasında maraqlıdır, çünki ikinci vasitəsilə birinciyə təzyiq edib istədiyini alır, o cümlədən, birincini ikincini bəsləməyə vadar edir. Əsaslıdırmı dediklərim?

- Təbii ki, gülməlidir.

- Siz suala yəqin ki, siyasətçi kimi cavab verəcəksiniz, xahiş edirəm səmimi olun...

- Sizə niyə elə gəlir ki, siyasətçi səmimi cavab vermir?

- Siyasətçilər adətən səmimi cavablar vermir.

- Müəyyən həqiqətlər ola bilər ki, onları zamanına və yerinə görə danışmaram. Ancaq mən yalan danışmamışam və danışmaram da, heç vaxt. Hesab etmirəm ki, siyasətçiliym mənə yalan danışmaq imtiyazı verir, danışdığımı səmimi deyirəm. O başqa məsələ ki, bəzi şeyləri danışmıram, bütün həqiqətləri demirəm, amma nəyisə deyirəmsə, onu səmimi deyirəm. Tutaq ki, indiki müxalifətdən Qərb razıdır və bizim qalmağımızı istəyir.

- Hətta hakimiyyətin də razı olduğu deyilir...

- Qoy, olsun, hakimiyyət də razıdır. Bəs biz yeni müxalifət olmaq istəyənlərin əlini-qolunu necə bağlamışıq? Hansı meydanı bağlamışıq? Markla söhbətimiz var ki, onları qovub çıxartmışıq, “Facebok”da, “youtube”də imkan vermirik?

- Əli bəy, cəbhəçilər fərqli fikrə çox sərt davranırlar, bəzən söyüş söyürlər, təhqir edirlər...Belə fikir var, razılaşırsınızmı?

- Siz bunun doğru olmadığını bilirsiniz, başa düşürəm, cəmiyyətdə olan haqlı-haqsız sualları ünvanlamaq istəyirsiniz, hüququnuza hörmətlə yanaşıram. Amma mən də bunun yalan olduğunu bilirəm. Mənim cəbhəçilərə dönə-dönə müraciətim olub, istisna etmirəm, 10 minlərlə adamın arasında kimsə söyüş söyər. Ancaq bu, bizim siyasi xəttimiz deyil və onu görəndə dərhal sildiririk, ya da cəzalandırırıq. Biz mübarizə aparırıq, onminlərlə adamın mübarizəsi kənarda qalıb, müəyyən adamlar qara piarla məşğuldur. Partiyanı təmsil edən insanlar var, onlardan danışılmalıdır, sıravi vətəndaşdır, hirsləndirilib, kobud söz deyib, mən görən kimi tədbirini görmüşəm, amma tutaq ki, görməmişəm. Burda başqa məsələ var, adamın şüuraltısında var ki, AXCP güclüdür, bizim haqqımızda necə deyirlər, tökülüşüb gəldilər...

- Qaragüruh mənasında?

- Tutaq ki. Və ya “imkan vermədi bizə müxalifət olmağa”. Qardaş, sən hələ rəqabətdə Xalq Cəbhəsinin maneəsini keçə bilmirsənsə, onu üstələyə bilmirsənsə, bu zalım hakimiyyətə necə alternativ olacaqsan? AXCP-nin qələmindən, dediyi sözündən, iradəsindən başqa heç nəyi yoxdur. Kim müxalifət olmaq istəyir, ola bilmirsə, mən ona üz tuturam. Belələrinin ürəyində müxalifət olmaq nisgili var və bütün acığını ənənəvi müxalifətin üstünə tökür, deyir ki, mən də müxalifət olmaq istəyirdim, bunlar qoymadılar. Bax, belə adamlara üz tuturam, qardaşım, sən təki müxalifət ol, mən gündüz çıraqla müxalifətçi axtarıram ki, çiynimizdəki yükün bir hissəsini də, o, üzərinə götürsün, rejimin qarşısında tək qalmayaq. Niyə noyabrın 17-də tək qalmalıydıq? Niyə bütün partiyalar hərəsi bir tərəfdən Şəhidlər Xiyabanına gəlməməliydi? Hərəsi bir vaxt seçib gələrdi, polis qalardı çaşqın vəziyyətdə və xiyabanı bağlamaq haqda düşünməzdi. Biz gerçək müxalifəti axtarırıq, mən şəxsən elə mövqedə olan hər bir adama dəstək verməyə hazıram.

- Əgər Əli Kərimli gerçək müxalifətdi axtarırsa, özü hansı müxalifətdir?

- Əlbəttə, gerçəyi, day bunun orası, burası yoxdur.

- Əli bəy, nə vaxta qədər belə davam edəcək - eyni addımlar, eyni bəyanatlar? 25 ildir insanlar dəyişiklik gözləyir. Özünüzün də məsuliyyəti var axı…

- Bəli, var. Amma başqa məqam var, etiraf etmək lazımdır ki, hakimiyyətin başı işləyən bəzi texnoloqları var. Biz öyrəşmişik ki, hökumət düşərgəsində əksəriyyət savadsız adamlardır, ancaq bəlkə də görünən mövqelərdə yox. Müəyyən texnoloqlar var və onlar müəyyən tezisləri ortaya atırlar. O cümlədən xüsusi xidmət orqanları vasitəsilə. Baxın, bir ölkədə 25 ildir hakimiyyət dəyişmir, ata oğula ötürür, hakimiyyət bölgüsü aradan qalxıb, parlamentarizm, mətbuat, seçki, bələdiyyə məhv edilib, bütün hakimiyyət bir əldədir, ölkə 14-15 diktarorun idarə etdiyi bir sıradadır, amma DTX-nın göndərdiyi tezis sosial şəbəkələrdə 5-10 nəfər tərəfindən tirajlanır ki, 25 il azadlığın olmamasında müxalifət günahkardır.

- 25 ildə yetişdirərdiniz də gəncləri, xaricə oxumağa göndərərdiniz, müxtəlif variantlar var...

- 25 ildə biz bacardıqlarımızı etmişik. Nədir bunlar - onlarla mitinq etmişik, yüzlərlə insan həbs olunub, seçki saxtakarlığını ifşa etmişik. Sonuncu seçkidə 58 faiz saxtakarlığın olduğunu ortaya qoyduq. Yeni-yeni gənclər bizim yolumuza gəlirlər də, hara gedirlər ki?! Mən iddia edirəm ki, bu gün AXCP-yə qoşulan gənc heç YAP-da yoxdur, heç bir partiyada yoxdur, bizi seçirlər.

- REAL-çılar da onları seçdiklərini deyirlər...

- İndi hər şey göz önündədir də. Qayıdaq sualın mahiyyətinə, tutaq ki, məsuliyyət müxalifətdədir, sualım yaranır: Birinci, əgər 25 ildə hakimiyyətin dəyişməməsinə görə Əli Kərimli və digər müxailətçilər günahkardırsa, Qazaxıstanda və Özbəkistanda kim günahkardır?

- Orda müxalifət hakimiyyətə gəlməmişdi axı. Orda Elçibəy hakimiyyəti olmamışdı və Əli Kərimli də dövlət katibi postunu tutmamışdı. Yəni Orta Asiya bu mərhələni keçməyib...

- Nə dəxli var?! Yaxşı Rusiyada necə?

- Rusiya imperiyadır, böyükdür...

- Orda 8 il demokratlar hakimiyyətdə olmuşdular, ordakı situasiyaya və 18 illik hakimiyyətə görə Navalnıy günahkardır?!

- Navalnıya münasibət birmənalı deyil, Krımı Rusiyanın ərazisi sayır...

- O, başqa məsələdir, mövzuları qarışdırmayaq. Amma 18 ildir böyük təcrübəsi olan mədəni millət demokratik seçki keçirə bilmir, elmi gücü, ziyalı elitası var. Bu gün də Rusiya mediası Azərbaycanla müqayisədə çox azaddır, amma dəyişikliyin olmamasına görə günahkar kimdir, müxalifət, yoxsa iqtidar? Necə olur ki, bütün dünyada diktatorlara görə diktator günahkardır, Azərbaycandakı diktaturaya görə Əli Kərimli günahkardır? Bu qədər absurd olar?!

- Ancaq cəmiyyəti və Qərbi inandırmaq məsələsi də var...

- Görürsünüz ki, heç bir sualdan qaçmıram, ən absurd suala da cavab verirəm. İnanmaq və başa düşmək istəyənlərə izah edirəm, amma şüurlu şəkildə. Allah rəhmət etsin, Bəyin sözü vardı, sən nə çalırsan, çal, mən “Heyvagülü” oynayacam. İndi nə çalırsan çal, “Heyvagülü” oynayacaq bir qrup adamı boş vermək lazımdır. Biz xalqın ovqatına baxmalıyıq. Xalqın ovqatı necədir, belədir: hakimiyyət xalq həddində dəstəyini və legitimliyini itirib, sadəcə, hələlik olan qorxu indiki ətaləti saxlayıb. Azərbaycan xalqı qorxusuna qalib gəlsə, vəziyyət dəyişəcək. Qorxuya da qalib gəlmək bilirsiniz necə olur, böyük bir ədalətsizliyin nəticəsində ya acıqlanıb hirslənəcək, qorxusu yadından çıxacaq, ya da hardansa böyük bir motivasiya alıb qorxusuna qalib gələcək. Xalq qorxusuna qalib gələndə bu rejim tarixə qovuşacaq, bugünləri DTX-nin mətbəxindən çıxan tezislərlə, xalqın başını qatıb, əsas mübarizədən yayındırıb hökumətlə yox, müxalifətlə mübarizəni önə çəkən insanlar o zaman utanıb yoxa çıxacaqlar.

- O zaman xalqın kimi seçməsinin əhəmiyyəti olmayacaq da?

- Əlbəttə, avtoritar hakimiyyət getsin, ondan sonra demokratiya gələcək və heç kim hakimiyyəti özəlləşdirə bilməyəcək. Bu rejimə son qoyan xalq başqa birisinin hakimiyyətə əl qoymasına imkan verməyəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ru02k8

Most Viewed