Eldar Həsənov

Source: Meydan.TV

Caption: Eldar Həsənov

Eldar Həsənov: Asın məni, qurtarsın getsin

Article was updated on :  25 September 2021

"Məni tutmaq üçün evimdən tank çıxarsaydınız, yandırmazdı..."

1995-2000-ci illərdə Baş prokuror, daha sonra 20 ilə yaxın Azərbaycanın müxtəlif ölkələrdə səfiri olmuş Eldar Həsənovun məhkəmədə dindirməsi yekunlaşıb.

O, sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun suallarını cavablandırıb.

Eldar Həsənov səfirliyin xərclər smetasında nəzərdə tutulan vəsaitlərin bir hissəsini mənimsəməklə bağlı ittihama münasibət bildirərək deyib ki, bu barədə cinayət işində yazılanlar yalandır.

Keçmiş səfir bu prosesi izah edərək deyib ki, səfirlik xərclər smetasını əvvəlcədən proqnozlaşdırıb hazırlayır, Xarici İşlər Nazirliyinə (XİN) təqdim edirdi.

Nazirlik proqnozları araşdırıb, büdcəni müəyyənləşdirirdi: "Bu xərclərə səfirlik işçilərinin əməkhaqları ilə yanaşı, işıq, qaz su pulu, yanacaq xərcləri də daxildir. Xarici İşlər Nazirliyi hazırlayıb Maliyyə Nazirliyinə göndərir, bundan sonra səfirliyə illik büdcə ayrılır. Bu proses dövlət büdcəsi kimi həyata keçirilmir. 20 il ərzində bir dəfə də olsun, Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi büdcə proqnozları ilə bağlı mənə irad tutmayıb. Əksinə, Xarici İşlər Nazirliyi göstərib ki, 2015-2018-ci illərdəki xərclər smetası obyektiv əsaslandırılıb".

Eldar Həsənova qarşı ittihamlardan biri də ştatdankənar əməkdaşların maaşlarının mənimsənilməsidir.

Təqsirləndirilən sabiq səfir bu ittihamı da rədd edib.

O bildirib ki, təlimata əsasən, səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır.

Bu ştatlar üzrə işçi götürüləndə əvvəl onun şəxsiyyəti araşdırılmalıdır: "Mən də həmin şəxsləri işə götürməzdən əvvəl sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada onların kimliyini araşdırıblar. Təsdiqləyəndən sonra bizə göndəriblər. Sonra biz orta aylıq əməkhaqqına uyğun olaraq, onlar üçün maaş cədvəli müəyyən edib, nazirliyə göndərmişik. Müqaviləni də onlarla mən yox, nazirlik imzalayıb".

"Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ayrılan pulları mənimsəyim"

Keçmiş Baş prokuror deyir ki, XİN bir müddət öncə bütün ölkələrdəki səfirliklərdə ixtisarların aparılmasını təklif edib.

O da səfir olduğu üç ölkədən (Serbiya, Monteneqro, Bosniya və Herseqovina) ikisində sürücü və bağbanı ixtisar edib: "Biz bu addımı atan yeganə səfirlik olduq. Mən yeganə səfir olmuşam ki, icarə haqqı 8200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalmışam. Bunları nəzərə almaqdansa, mənə ittiham verirlər. Mənim xarici ölkədə dayım-əmim var? Pulum qurtaranda kimdən borc almağa imkanım olub? Mən çətinliklərə baxmayaraq, xərclərə maksimum qənaət etmişəm ki, dövlət büdcəsi ziyan çəkməsin. Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ayrılan vəsaiti mənimsəyim, bu, səfirlikdi. Cinayət işinin materiallarından da görünür ki, mən səfirlikdə işlədiyim dövrdə büdcəyə nə qədər vəsait qaytarmışam. Mən işlədiyim müddətdə 198 min 153 avro vəsaiti xərclər smetasından qənaət edib, dövlət büdcəsinə qaytarmışam. 2015-ci ildə 40 min avro, 2016-cı ildə 12 min 145 avro, 2017-ci ildə 32 min 144 avro, 2018-ci ildə 13 min 140 avro, 2019-cu ildə isə 4957 avro. Gəlin, Avropanın ən kasıb ölkəsində olan Azərbaycan səfirliyinin elədiyi bu qənaəti başqa dövlətdə göstərin. Əgər Avropanın hansısa ölkəsində Azərbaycan səfirliyi mənim qaytardığım vəsaitin yarısını büdcəyə qaytarıbsa, gətirin bu faktı göstərin, mən adımı dəyişərəm. Mən Heydər Əliyev dərsi keçmişəm, harda olmuşamsa, büdcəni qorumuşam. Çünki mən vicdanıma güvənmişəm. Budur mənə "sağ ol"unuz? "Sağ ol"unuzu istəmirəm, mənə yalan ittiham verib odlandırmayın da. Məni mənimsəmədə ittiham etmək gülüncdü. Məni tutmaq üçün evimdən tank çıxarsaydınız, yandırmazdı. Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlar səsləndirməyin. Yığın adamlarınızı, televiziyaları, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin".

"Üç parkın salınmasına Bakıdakı bir parkdan 5 dəfə az pul xəclənib"

Sabiq səfirin sözlərinə görə, işlədiyi ölkələrdə üç park saldırıb. Amma o üç parka sərf olunan toplam vəsait Bakıda Heydər Əliyev sarayının qarşısındakı parkın salınmasına xərclənən büdcə vəsaitindən 5 dəfə az olub: "Amma o parkların hər biri Bakıdakı parkdan üç dəfə böyükdür. İndi görünür ki, kim yeyib, kim yox..."

Eldar Həsənov ona Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə verilən ittiham haqda da danışıb.

O bildirib ki, qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunur. Əslində isə əksinə olub, dövlət mənafeyini qoruyub.

Sabiq səfirin sözlərinə görə, heç bir epizod üzrə mənimsəmə halı təsdiqlənməyib: "İstintaq kobud qanun pozuntularıyla aparılıb. Beş ölkədən onlarla şahid dindirilib, bir nəfər deməyib ki, mən Eldar Həsənovla hansısa işbirliyi qurmuşam. Bir nəfər ifadə verməyib ki, Eldar Həsənov mənə bunu eləməyi dedi. Yoxdu axı. Birinci gündən telefonlarımı Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etmişəm ki, yoxlasınlar. Bütün şəcərəmi araşdırıblar, 19 yaşlı nəvəmin bank hesabına qədər. Bir dənə fakt tapsınlar ki, ora 1 manat pul köçürmüşəm. Öz hesabımı da araşdırıblar, rəsmi maaşım və yazdığım kitabların pulundan başqa 1 manat əlavə vəsait aşkarlanmayıb. 20 illik arxiv sənədlərini araşdırıblar, bir dənə fakt tapmayıblar".

Eldar Həsənov Serbiyada səfirlik üçün bina alınmasına 3 milyon 205 min, Bosniya və Herseqivinada isə 4 milyon 200 min avro vəsait ayrılması, amma binaların əslində, bundan xeyli ucuz alınması barədə də prokurorun suallarını cavablandırıb.

O bildirib ki, Serbiyadakı bina həqiqətən də 3 milyon 205 minə alınıb. Bunu təsdiqləyən müqavilə var və XİN-ə göndərilib. Sadəcə, əmlak sahibi özü çox vergi ödəməmək üçün vəsaitin bir hissəsinin bank hesabına köçürülməsini istəyib. Onlar da bu cür ediblər.

Əmlakın dəyərinin bir hissəsi köçürmə, bir hissəsi isə nağd ödənilib: "Bosniya və Herseqovinadakı binanın alqı-satqısı noyabrda olub. Onda mən orada olmamışam, məsləbətləşmələrə görə gəlmişdim. Yanvarda Bosniya və Herseqovina rəhbərliyi ilə görüşlərim oldu. Fevralda Xocalı faciəsini rəsmən tanıdılar. Başqa heç nə demək istəmirəm..."

Məhkəmə prosesi sentyabrın 27-də şahidlərin dindirməsilə davam edəcək.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.

12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb.

Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  25 September 2021
Featured in:  
Shortlink:   http://mtv.re/s3fk2c

Most Viewed