Source: Meydan TV

Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı?

Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa çalışır. Tarixin ətalət qüvvəsinə inanmayanların sonu isə çox vaxt yaxşı qurtarmır. Əlbəttə, bunun tərs örnəkləri də kifayət qədərdir, lakin ümumi tendensiyalara nisbətdə azlıq təşkil edir. 

Bu gün demokratiyanın, demokratik güc mərkəzlərinin zəifləməsi Azərbaycan hakimiyyətinin daxildə özünü istədiyi kimi apara biləcəyi illüziyasına qapılmasına səbəb olub. Bu yerdə, şəxsi düşüncəmi qeyd edim ki, İlham Əliyev çox güclü taktikdir, lakin zəif strateqdir. O dünyada və regionda baş verən proseslərin nəbzini yaxşı tutmağı bacarsa da, bunu özünün uzunmüddətli maraqlarının əsasını qoymaq məsələsində həmişə tərəddüd göstərib. Və əksər hallarda, hətta onun öz hakimiyyət maraqları baxımından dəyərləndirsək belə, uzunmüddətli planda uğursuz qərarlar verdiyinin şahidi olmuşuq.  

Və tarix bizə öyrədir ki, bəzən liderlərin verdiyi konkret yanlış qərarların cəzasını bütün xalq çəkir. İran şahı Məhəmməd Rza Pəhləvi 70-ci illərin əvvəlində ölkədəki ziyalıların təkliflərini nəzərə alsaydı və islahatlara getsəydi, İranın bugünkü durumu necə olardı bunu xəyal etmək belə çox ağılasığmazdır. Nəticəni isə hamınız bilirsiniz. Şah proqressiv kəsimi məhv etməyi seçdi. Ölkəsini sevən, dürüst, vicdanlı insanları. Və qapana qısılmış xalqın cəmi iki seçimi qaldı: şah və ya mollalar. Xalq mollaları seçdi. Biz bu seçimin dəhşətlərini üzərindən 40 il keçəndən sonra belə anlamırıqsa, cəmiyyət olaraq ağır kataklizmlər bizi gözləyir deməkdir. 

İki gün əvvəlki aksiyada, dünyanın gözü qarşısında, öz vətəndaşını əzən despotik bir rejim vardı. Əzən, qəzəbli polislər vardı. Əzilən xalq var idi. Qəzəbli kütlə var idi. 

Bunu edənlər heç cür başa düşmürlər ki, bu proseslər hara aparacaq. Əgər işgəncə ilə xalqı qorxudacaqlarını düşünürlərsə, bilsinlər ki, o dövr artıq bitib. Etirazlar davam edəcək və zəncirvari şəkildə böyüyəcək. Bütün bu mərhələləri, siyasi yetkinliyi olmayan cəmiyyətə, hakimiyyət özü yaşatdı. Onu saymamaqla, itələməklə, ələ salmaqla.

Zorakılıq təbiət etibarilə məruz qoyan və məruz qalana eyni dərəcədə mənfi nəticələr yaşadan bir şeydir və zorakılıqda udan yoxdur. Zorakılıq edən öz zəifliyini “maskirovka” edir, məruz qalan isə öz kinini və nifrətini istifadə edəcəyi vaxta qədər öz daxilində gizlədir. Zoraqkılıq edən onun əsirinə çevrilir və başqa cür idarə etməyi artıq bacarmır. Zorakılığa məruz qalan isə artıq psixologiyası pozulmuş tamam başqa bir insana çevrilir, qalib və ya məğlub tərəf olmasından asılı olmayaraq, davranışları zərərli olur. Zorakılıq zamanı alınan travma tərəflər arasında proporsional bölünür və hər iki tərəfi sonda məhvə aparır. Birini fiziki, digərini psixoloji. Kimə hansı düşəcək, bu, artıq texniki məsələdir. 

Mitinq günü hakimiyyət qəti əmr vermişdi: Əzin! Əzdilər. Göz qorxutmaq idi məqsədləri. Çatdılarmı? Qətiyyən. Bəs bundan sonra necə olacaq? Zorakılıq davam edəcəkmi? Edəcəksə, hara qədər? Baş partlayana qədər?

İyrənc addımlar atdılar, qəzəbləndik. Dostlarımızı həbs etdilər, ölümcül işgəncələr verdilər, qisas hissilə dolduq. Bu isə zərərlidir. Hamımız üçün. Əgər hakimiyyətdəkilər bunun sonrakı nəticələrini düşünməsələr, cəmiyyət olaraq bizi ağır sınaqlar gözləyir. SSRİ-nin çökməsini bir cümləylə izah edən akademik Arbatovun dediyi kimi, başı daşa o qədər vurusan ki, o axırda paralanır. Biz başın paralanması mərhələsinə çatırıq artıq. Bəzi qırmızı xətlər var, o xətləri keçmək olmaz. O xətləri keçdikdən sonra artıq geriyə dönüş olmur. 

2 gün əvvəl meydanda xalqı əzənlər, işgəncə verən polislər, onu çəkənlər, sifariş edənlər indi hansı psixologiyadadırlar? Şekspirin Makbetin diliylə dediyi “qan gölünə o qədər girmişəm ki, artıq irəli getməyə taqətim qalmayıb, kənara çıxmaq çətindir, geri qayıtmaq isə mümkün deyil” . Əgər onlar dayanmasalar, özləri də məhv olana qədər zülm və işgəncə davam edəcək və bunlardan ağır travmalar almış cəmiyyət ortaya yeni bir İran çıxaracaq. 

Coşan emosiyalarımızı bir kənara qoyub düşünməliyik: nə etməli? Ağıllı, ölkəsinin gələcəyini düşünən adamlar artıq danışmağa başlamalıdırlar. “Mən filankəsi dəstəkləyirəm” tipində olmayan danışığa. Susmaq artıq fəlakətlərdə ortaq olmaq deməkdir. 

Hakimiyyət təcili olaraq bütün saxlanılanları sərbəst buraxmalı, işgəncə verənlər cəzalandırılmalı, cəmiyyətin ən geniş təbəqələrini əhatə edən ictimai konsensus yaradılmalıdır. Bizim hər şeyi xilas etmək üçün sonuncu bir şansımız ola bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/y38ue2

Most Viewed