“Direktor Elinanın anasına böyük məbləğdə pul təklif edib, götürməyib”

Sevil Hüseynova: “Elinanın əvəzinə pullu valideynin uşağı olsaydı, məktəbdə ona qarşı elə rəftara görə dərhal tədbir görülərdi”

Source: meydan.tv
“Məhkəmə Elina üçün susdu”


Sevil Hüseynova: “Elinanın əvəzinə pullu valideynin uşağı olsaydı, məktəbdə ona qarşı elə rəftara görə dərhal tədbir görülərdi”

162 saylı orta məktəbdə intihar etmiş 14 yaşlı Elina Hacıyevanın anası da, onun vəkilləri də prokurorun direktor Sevinc Abbasovaya istədiyi cəzaya etiraz edir. Onlar etirazlarını oktyabrın 18-də məhkəmədə səsləndiriblər.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə əvvəlcə Elinanın anası Sevil Hüseynovanın vəkilləri çıxış edərək, təqsirləndirilən direktora ittiham olunduğu müddələr üzrə ağır cəza verilməsini tələb ediblər.

Vəkil Sevinc Əliyeva deyib ki, prokuror təqsirləndirilən direktora cəza istəyərkən bir çox sübut-dəlili nəzərə almayıb: “Bu işdə mübahisəsiz məsələlərdən biri odur ki, hadisədən sonra 85 dəqiqə təcili yardım çağırılmayıb. Deyir ki, “affekt vəziyyətində idim, ağlıma gəlmədi, üzərində xəsarət görmədim”. Hadisə səhər saat 9.40-da baş verib, direktor 9.52-də, 9.59-da, 10.40-da Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovaya zəng edib. Daha sonra Bakı şəhər Təhsil İdarəsilə əlaqə saxlayıb. Bütün bunlar göstərir ki, adam affekt vəziyyətdə olmayıb, sadəcə, vəzifəsini itirməkdən qorxub. Həmin vaxt canıyla əlləşən uşaq onun vecinə olmayıb. Buna affekt vəziyyət demək gülüncdür. Uşaq inildəyə-inildəyə qalıb, bu, məmurlara zəng eləyir, hadisənin yayılmasının qarşısını almağa çalışır. Ekspert rəyində də uşağın xəstəxanaya gec çatdırılması ölümün səbəblərindən biri kimi göstərilir”.

Vəkil bildirib ki, Cinayət Məcəlləsinin həm 143 (təhlükədə qoyma), həm də 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə verilən ittihamlar sübuta yetirilib.

Elinanın məktəbdə incidildiyini deyən vəkilin sözlərinə görə, maddi durumuna görə də, o, ayrı-seçkiliyə məruz qalıb: “Hətta məktəbdəki bayram şənliklərində ona rol vermirlərmiş… Tutaq ki, bu uşaq yetimdir, heç kimi yoxdur, onda başına belə oyunlar açılmalıdır? Fransa konstitusiyasında yazılıb ki, “yetim uşağın ata-anası dövlətdir”.

Prokurorun keçmiş direktora 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəməsinə münasibət bildirən vəkil Sevinc Əliyeva bildirib ki, bu cür cəza vəziyyəti düzəldə bilməz: “Prokurorun istədiyi budur ki, elektron qolbaq gəzdirəcək, sadəcə, Türkiyəyə, İspaniyaya istirahətə gedə bilməyəcək. Halbuki, cəzanın məqsədi həm də sosial ədalətin bərpası, şəxsin islah olunması, başqalarını bu cür cinayətlərdən çəkindirməkdir. Bununla o məqsədə çatmaq mümkün deyil. Hər maddə üzrə ona ən ağır cəzanın verilməsini istəyirik”.

Vəkil Təhsil Nazirliyi və təqsirləndirilən direktora qarşı 100 min manatlıq mülki iddianın təmin olunmasını da xahiş edib. Bildirib ki, Təhsil Nazirliyi vaxtında direktorun əməllərinə göz yumub. O məktəbdə yeyinti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Mənimsənilən məbləğ ödənildiyinə görə iş bağlanıb: “Mütləq uşaq ölməliydi ki, o direktor cəzalansın?!”

S.Əliyeva əlavə edib ki, təqsirləndirilən direktor Elinanın anasına böyük məbləğdə pul təklif edib: “Baxmayaraq ki, Sevil xanım çox kasıb yaşayır, təklifi qəbul etməyib”.

Digər vəkil Azər Nağıyev bildirib ki, həm 143, həm də 314-cü maddədə həbs cəzası da nəzərdə tutulub. Lakin prokuror hər iki maddədəki alternativ cəzaların verilməsini təklif edir: “Burada dindirilən şahidlər, təqdim etdiyimiz məhkəmə qərarları o məktəbdə mənəvi-psixoloji mühitin yaxşı olmadığını göstərir. Təsəvvür edin, belə hallar var, məktəblə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır, amma Təhsil Nazirliyinin nümayəndəsi deyir ki, “monitorinq aparmışdıq, məktəbdə hər şey normal idi”.

A.Nağıyev Elinanın ölümü və ondan sonra baş verənləri həm Təhsil Nazirliyi, həm Səhiyyə Nazirliyi, həm prokurorluq, həm də məhkəmə üçün imtahan-test adlandırıb: “Təhsil Nazirliyi də, Səhiyyə Nazirliyi də, prokurorluq da bu imtahandan keçmədi, sinifdə qaldı. İstəməzdik ki, məhkəmə də sinifdə qalsın. Məhkəmə millətin vicdanıdır. Heç bir günahkar cəzasız qalmasın ki, başqalarına da dərs olsun”.

Elinanın ölümündə həkimlərin də məsuliyyət daşıdığını vurğulayan vəkil onların da cəzalanması üçün barələrində xüsusi qərar çıxarılmasını xahiş edib.

Vəkil Emin İsayev çıxışında hakim Azər Tağıyevə səslənib, onu insanların ədalətə olan son ümidini qırmamağa çağırıb: “Hakimlər imtahandan keçəndən sonra fəaliyyətə başlamamış and içirlər ki, qanuni, ədalətli qərarlar çıxaracaqlar. Dövlət ittihamçısının çıxışı bizi şoka saldı. Bu, prezidentin nəzarətində, ictimaiyyətin diqqət mərkəzində olan işdir. Adamlar nə istəyir? Ədalət, ədalətli cəza. Əgər bu işin sonunda ədalətli cəza olmasa, bundan sonra cinayət işlərində vəkillik edib-etməmək barədə düşünəcəm. Çünki tamaşanın iştirakçısı olmaq istəmirəm. Bu məhkəmədə verdiyimiz vəsatətlərin heç biri təmin olunmadı. Nə istintaq bizi dinlədi, nə də məhkəmə. İnsanların son ümidini qırmayın. İnsanlar ədalətin bərqərar olmasını istəyirlər və bunu edə biləcək yeganə şəxs sizsiniz. Əgər etməyəcəksinizsə, daha sözümüz yoxdur. Amma hər bir halda, ədalətli hökm gözləyirik”.

Elinanın anası Sevil Hüseynova qızının məktəbdə incidildiyini deyib: “Belə çıxır ki, bu uşaq kasıb idi, qüvvəli adamı yox idi deyə, ona hər şey eləmək olardı? Elinanın əvəzinə pullu, güclü valideynin uşağı olsaydı, məktəbdə ona qarşı elə rəftara görə dərhal tədbir görülərdi. Mənim uşağımı məktəbdə aşağılayırdılar, incidirdilər, direktora da bu barədə məlumat verilmişdi. Ümid edirdik ki, tədbir görər, amma heç nə eləmədi. Mən iki kiçik övladımı artıq məktəbə göndərməyə qorxuram”.

Anasının sözlərinə görə, Elinaya peyvənd vurmaq olmazdı, allergiyası vardı, bunu onun tibbi kartında da yazmışdılar. Direktora da məlumat verilmişdi. Ancaq məktəbdə deyiblər ki, peyvənd vurulmayan qovulacaq: “Məcburi şəkildə Elinaya peyvənd vurdular. Nəticədə qolu şişdi. Bundan sonra uşaqlar Elinaya “vərəm” deyib, ələ salırdılar”.

S.Hüseynova məktəbin keçmiş direktoruna ağır cəza verilməsini istəyib: “Elinaya münasibətə görə anamla birlikdə direktorun yanına getdik. Qışqırdı, dedi ki, “bu məktəbdə sizdən başqa şikayət edən yoxdur, bezdirmisiz”. Anam dedi ki, Təhsil Nazirliyinə şikayət edəcəyik, qayıtdı ki, “hara istəyirsiz şikayət eləyin”.

Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov 100 min manatlıq mülki iddiaya etiraz edib. O bildirib ki, Təhsil Nazirliyinin baş verənlərdə günahı yoxdur: “Biz mülki iddianın əsaslı olub-olmamasıyla bağlı heç nə demirik. Bunun Təhsil Nazirliyinə aidiyyəti olmadığını deyirik”.

Məhkəmə prosesi oktyabrın 24-nə qədər təxirə salınıb.

Ana səhifəXəbərlər“Direktor Elinanın anasına böyük məbləğdə pul təklif edib, götürməyib”