DİN fakt göstərmədən Meydan TV-ni günahlandırır

Düşünürük ki, məqsədin işimizə əngəl yaratmaq, nüfuzumuzu zədələməkdir

Source:


Düşünürük ki, məqsədin işimizə əngəl yaratmaq, nüfuzumuzu zədələməkdir

“Azərbaycandan kənarda fəaliyyət göstərən Meydan TV bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. Meydan TV öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir”.

APA-nın

xəbəri

nə görə, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qurumdan deyiblər ki, vətəndaşların səs verdiyi hər hansı məntəqədən ictimai asayişin pozulması və ya hər hansı qanunazidd hərəkət barədə polisə heç bir məlumat daxil olmayıb:

“Odur ki, Meydan TV-nin yaydığı bu böhtan xarakterli məlumatı tirajlayan digər sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, ölkəmiz və vətəndaşlarımızın yüksək fəallıq nümayiş etdirdiyi seçkilər barədə həqiqəti əks etdirməyən, böhtan və qərəzdən yoğrulmuş uydurma məlumatları yaymaqla öz oxucularını və izləyicilərini çaşdırmasınlar”.

Mərkəzi Seçki Komissiyasından (MSK) isə “Trend” İnformasiya Agentliyinə

deyilib

 ki, seçkilərdəki pozuntularla bağlı onlara hər hansı bir məlumat daxil olmayıb və Meydan TV-nin müşahidəçilərin adından yaydığı məlumatlar yalandır, təxribat xarakteri daşıyır.

Meydan TV-nin redaksiya heyəti olaraq bildiririk ki, biz aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisi zamanı hər hansı məntəqənin önündə aksiya keçirildiyi, aksiyaçıların polis zorakılığına məruz qaldığına dair xəbər, videogörüntü yaymamışıq. Yalnız mühacirlərin Azərbaycanın Almaniyadakı səfirliyi önündə keçirdikləri aksiya canlı yayımlanıb. Həmin aksiya zamanı alman polisi jurnalistlərin səfirlik önünə keçməsinə mane olub və bunu onların təhlükəsizliyi üçün etdiyini bildirib. Alman polisi Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olmadığından belə bir açıqlama yalnız gülüş doğura bilər. DİN fakt göstərmədən (söhbətin hansı videogörüntüdən, xəbərdən getdiyi açıqlanmır) qəsdən belə məlumat yaymaqla işimizə kölgə salmağa, nüfuzumuzu zədələməyə çalışır.

Bildiririk ki, Meydan TV olaraq bir neçə mənbə tərəfindən təsdiqlənməmiş məlumatları yaymırıq. 11 aprel prezident seçkisini də müstəqil jurnalistlərin hazırladıqları reportajlar, eləcə də MSK-nın müşahidə kameralarındakı görüntülər əsasında işıqlandırmışıq. Müstəqil müşahidəçilərin sosial şəbəkələrdəki paylaşımları və Meydan TV-yə göndərdikləri məlumatlar da saytımızda və “Facebook” səhifəmizdə yer alıb.

Bir daha vurğulayırıq ki, fakt göstərmədən dövlət qurumlarının hökumətyönümlü media vasitəsilə bu cür açıqlama yaymasını doğrulara kölgə salmaq cəhdi kimi qiymətləndiririk.

Ana səhifəXəbərlərDİN fakt göstərmədən Meydan TV-ni günahlandırır