Diaspora medalı, yeni MSK üzvü və övladlığa götürmə ilə bağlı qaydalar təsdiqlənib

Yeni əlavə olunan bəndə görə, 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.

Source:


Milli Məclis bir sıra qanunlara dəyişiklik layihələrini qəbul edib

Milli Məclis “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını təsdiqləyib. Qanun layihəsi Azərbaycan Respublikasının bəyanatı ilə birgə qəbul olunub. Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcək.

Azərbaycan bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verilmir. Azərbaycan bəyan edilən bu halları istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacaq.


MSK üzvünün namizədliyi təsdiqləndi

Plenar iclasda “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi təsdiqlənib.

21 ildir MSK-da çalışan R.Qasımov hazırda bu qurumun Katibliyinin müdiridir.


Hafiz İsmayılbəyli auditor təyin edildi

İclasda Hafiz İsmayılbəyli Hesablama Palatasının auditoru təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb və səsverməyə çıxarılaraq qəbul edilib.

"Büdcə sistemi haqqında" qanuna dəyişikliyə əsasən bundan sonra növbəti ilin icmal büdcəsinin xərcləri müəyyən edilərkən proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq. Belə ki, İcmal büdcəsinin xərclərinin yuxarı həddinin builki xərclərin indeksləşdirilmiş məbləğinin 10 faizi qədər olmasına icazə veriləcək.


Diaspor medalı təsis edildi

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna edilən əlavə əsasən "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir. Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Övladlığa götürmə ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda övladlığa götürmə ilə bağlı yaş həddi müəyyənləşir. Bununla bağlı Ailə Məcəlləsinin 121-ci – övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi maddəsinin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Əlavəyə əsasən, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.

Övladlığa uşaq götürmək istəyən şəxslərə tətbiq edilən yaş limitinə əsasən, ögey ata-ana və yaxın qohumlar istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur. Həmçinin övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə digər bir dəyişiklik övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsini nəzərdə tutan 125-ci maddəyə edilib. Qüvvədə olan varianta görə, övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Dəyişikliyə əsasən, 7 yaşına çatmış uşağın soyadı, ata adı və öz adının dəyişdirilməsi barədə fikri öyrəniləcək. (edited)

Digər əlavə məcəllənin 126-cı (övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi) maddəsinə edilir. Bu maddəyə görə, övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Övladlığa götürülmüş uşağın doğum tarixi isə uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər. Bu dəyişikliklər məhkəmə qətnaməsində göstərililməlidir.

Yeni əlavə olunan bəndə görə, 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.


Rayon (şəhər) məhkəmələrinə daha bir səlahiyyət verilib

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan məhkəmə müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, bu səlahiyyət rayon (şəhər) məhkəmələrinə verilib.

İnzibati Xətalar Məcəlləsində daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulmasını nəzərdə tutan 440-1 maddəsinə əsasən əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.

Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Bu maddələr üzrə inzibati xətalar haqqında işlər üzrə dövlət qurumlarına və bələdiyyələrə münasibətdə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir.

Ana səhifəSiyasətDiaspora medalı, yeni MSK üzvü və övladlığa götürmə ilə bağlı qaydalar təsdiqlənib