Source: Google

“Cin çıxaranlar” öldürülən gəncin atasından halallıq istəyib

Article was updated on :  4 October 2019

Zərərçəkən: "Yalvarırdı ki, "ata, kömək elə"

Şabranda "cin çıxarmaq" adı ilə 25 yaşlı Murad Sultanovu döyüb öldürməkdə ittiham olunan altı nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar oktyabrın 3-də məhkəmədə Muradın atası Şahin Sultanova üzrxahlıq edib, ondan halallıq istəyiblər. Deyiblər ki, onların Muradı öldürmək niyyətləri olmayıb, əksinə, onu sağaltmaq istəyiblər.

Hətta təqsirləndirilən şəxslərdən Füzuli Qəribov bildirib ki, Muradın anasının təkidlərindən sonra onu bu cür müalicə etməyə razılıq verib.

Zərərçəkmiş Şahin Sultanov onlara belə cavab verib: "Mən demirəm ki, siz onu qəsdən öldürmüsüz. Sizdən narazılığım odur ki, birinizdə insanlıq olmayıb, ağrıdan qışqıran, yalvaran uşağa rəhm edəsiz. Biriniz deməmisiz: "Bəsdi, daha eləməyin". Siz təkcə oğlumu yox, məni də öldürdünüz. Mənim ondan başqa heç kimim yox idi. Halallıq istəyirsinizsə, verirəm. Amma siz halallığı Allahdan istəyin".

Ş.Sultanov bildirib ki, Muradın 8 yaşı olanda anasıyla boşanıblar, amma oğlu həmişə onun nəzarətində olub. Əvvəllər onun psixoloji problemi və narahatlığının olmadığını deyən zərərçəkmişin sözlərinə görə, oğlu hərbi xidmətdə olub, qayıdandan sonra da işləyib. Murad atasıyla qalırmış. Günlərin birində səhər duranda vəziyyəti qəfildən dəyişib: "Başını divara vurub, üstünə soyuq su töküb, söyüş söyürdü. Yaxınlaşanı, vurur, dişləyirdi. Əlimi dişləyəndə az qala, barmağımı qoparacaqdı. Məcbur olub dəlixanaya zəng elədik, saxlaya bilmirdik. Gəlib apardılar. Orada sakitləşmişdi. Bibisinə dedi ki, mən dəli olmamışam, məni burada saxlamayın. Sonra anası gəlib dedi: "Ver uşağı aparım, onda cin var". Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana "kafir" deyir".

Ş.Sultanov bildirir ki, həmin gün Muradı xəstəxanadan çıxarıblar. Onun sözlərinə görə, əvvəllər də o xəstəxanada elə şeylər görüb ki, övladını orada saxlamaq istəməyib. Muradı anası yaşadığı evə aparıb: "Anası apardığı axşam zəng elədi ki, Murad qaçıb. Birtəhər tapdıq, küçədə maykada gəzirdi. Bizi görüb, söyüş söyə-söyə qaçırdı. Əl-ayağını bağlayıb, xəstəxanaya apardıq".

Atası etiraf edir ki, bundan sonra özü də oğlunda "cin" olduğunu düşünüb, onu müalicə edə biləcək molla axtarmağa başlayıb. Bir nəfər ona Qabil adlı mollanı məsləhət görüb. Onu xəstəxanaya gətirsələr də, həkimlər ona içəri daxil olmağa icazə verməyib. Bundan sonra Muradı xəstəxanadan çıxarıb maşında mollaya göstəriblər. O deyib ki, Muradda cin var. Daha sonra Muradı evə gətiriblər, hər gün Qabil gəlib ona dua oxuyub, bəzən də zeytun çubuğuyla vururmuş: "Bu proses hər gün davam edirdi. Hər gün Qalib bizə gəlirdi. Ona müsbət təsir göstərdi. Hətta özü küçədə sərbəst gəzməyə başlamışdı".

Zərərçəkmiş deyir ki, daha sonra Muradın anası yenidən ailə qurduğu Elnurun Füzuli adlı başqa bir dindar tanışının olduğunu deyib, onun yanına aparmağı məsləhət görüb. Ata da razılaşıb. Hazırda təqsirləndirilənlər arasında olan Füzuli Qəribov da təsdiqləyib ki, Muradda cin olduğunu deyib, gəlib gündəlik dualar oxuyub. Sonradan Füzuli yaşadığı Şabran şəhərinə qayıdanda onlar da məcbur olub gedib orada kirayə ev tutublar. Muradı hər gün Vüsal İbrahimovgilin evinə aparıblar. Orada hazırda müttəhimlər kürsüsündə əyləşən şəxslər onu "müalicə" ediblər. Müalicə də dualar oxumaq və arabir döyməkdən ibarət olub. Atası etiraf edir ki, özü də hərdən Muradı çubuqla vururdu. Çünki bunlar ona müsbət təsir göstərirmiş. "Seans" vaxtı bəzən oğlunun yanında özü, bəzən də Şabrana özləri ilə apardıqları bacısı oğlu Emin Qasımov olurmuş.

Hadisə günü bacısı oğlu zəng eləyib ki, "seans" başa çatıb: "Muradı görəndə hiss elədim ki, vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, "həkimə zəng eləmə, evə apar, düzələcək". Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim, gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar da dayanıb baxırdılar".

Ş.Sultanovun dəfələrlə gözləri dolub, çıxışını yarımçıq kəsib. Çıxışına davam edən Ş.Sultanov deyib ki, oğlunun ölümündə hamısını günahkar görür:

"İndi deyirlər ki, Füzuli bizə dedi, biz də kömək məqsədilə elədik. Füzuli bunlara desəydi ki, cini çıxarmaq üçün, uşağın dərisini soymaq lazımdır, onu da edəcəkdilər? Adamın insafı olar, uşağı bir saat dayanmadan döyüblər, Murad yalvarıb onlara, amma biri insafa gəlməyib. Heç biri deməyib ki, adamı bu qədər döymək olmaz, öləcək.. Bəzən mənim yanımda vuranda yalvarırdı ki, "ata, kömək elə". Dözə bilmirdim, çıxıb ağlayırdım".

O, suallara cavab olaraq bildirib ki, Füzuli ondan pul götürmürdü, zorla bir dəfə 300, bir dəfə də 400 manat verib.

Məhkəmə prosesi davam edir.

Təqsirləndirilən şəxslər Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Füzuli Qəribov, Sahib və Aprel Xəlilovlara CM-in 126.3 (bir qrup şəxs tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ِölümünə səbəb olduqda) və 138.2-1 (qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiqetmə - ehtiyatsızlıqdan şəxsin ِölümünə, yaxud sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 126.3 maddəsində 9 ildən 12 ilə qədər, 138.2-1 maddəsində isə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/k65aoa

Most Viewed