Camal Əli: Hesab etmirəm ki, dini təhqir etmişəm

“İnsanın imanı o qədər zəif olmamaldır ki, sən hansısa mahnının ona təsir edəcəyindən qorxasan”

Source: Meydan TV


“İnsanın imanı o qədər zəif olmamaldır ki, sən hansısa mahnının ona təsir edəcəyindən qorxasan”



Tanınmış rokçu Camal Əli bir neçə gün əvvəl Quranın ayələri ilə oxuduğu musiqisini



paylaşıb.



Həmin mahnı ciddi tənqidlərə səbəb olub. Bir neçə saatın içində “Youtube” sosial şəbəkəsində “Bismillah” adlı klipə 2800-dən çox şərh yazılıb. Həmin şərhlərin əksəriyyəti təhqir və təhdidlərdən ibarətdir. Meydan TV baş verənlərlə bağlı Camal Əli ilə danışıb.


– Camal bəy, 4-5 gün əvvəl yayılan mahnın çox ciddi müzakirələr doğurdu, amma ardınca lkip “Youtube” kanalından silindi. Ümumiyyətlə, mahnını nə vaxt və niyə yazmışdın?

– Bu mahnını müəllifi “Tenqri” qrupu sayılır. Bakıda yaşadığım zaman onlarla işləyirdim. Onlar ideya kimi “Kəlmeyi-şəhadəti” və “Fatihə” surəsini musiqinin üstündə qoymuşdular, mən də arxasını oxudum. “İxlas” və “Nas” surələrinin üstündə qoyanda alınırdı, mənə fenomenal bir şey kimi gəldi. Biz XXI əsrin ikinci onilliyində yaşayırıq, mətn qədim ərəb dilində olsa da, rok-n-roll üstündə gözəl ifa etmək olur. Məni də mətnin gözəlliyi oxumağa vadar etdi. Sözlərin mənası da hər bir müsəlmanın xoşuna gələr, “Nas” surəsinin mənası mənim başıma gələnlərlə bağlıdır, mətni bir daha işləyəndə təhrif olmamasına çalışdım. Çünki Qurani-Kərimdə buna doğru yanaşılmır, yəni ayələr necə varsa, oxunmalıdır. Mən, ümumiyyətlə, məktəbli dövrümdən islamla yaxından maraqlanmışam, baxmayaraq ki, hazırda özümü müsəlman hesab etmirəm. Səbəb də bütün dinləri eyni din saymağımdır. Hamısı eyni yaradılanla yaradan haqqındadır, eyni hekayədir, amma hərəsi ona bir cür baxır. Şərq və qərb dinləri var, insanlar bunun vasitəsilə həyatın başlanğıcını, sonunu və mənasını axtarıblar.


– Mahnıya yanaşmalar müxtəlifdir, bir çoxu sənin bununla gündəmə gəlmək istədiyini və islamı təhqir etdiyini deyirlər. Amma trek 5-6 il əvvəl yazılıb və amma sosial şəbəkədə bu günlərdə diqqət cəlb etdi. Bu barədə nə deyə bilərsən?

– Mən 8 ildir xaricdəyəm, treki isə Bakıda yazmışam, aradan 9 ildən çox zaman keçib. 5 il əvvəl Berlində yaşayanda istədim yazdırım, amma Fransada məlum “Charlie Hebdo” satirik dərgisinə terror hücumu oldu. Ona görə bunu işarə kimi qəbul edib düşündüm ki, zamanı deyil. O cümlədən, başqa amillərin də təsiri oldu. Həm də treki konsertlərdə adamlar eşidib, əsasən Avropada olanlar. Müxtəlif reaksiyalar oldu və diskussiyaya yol açdı. Konkret olaraq, islamın nə qədər tolerant olması, nə qədər yeniliyə açıqlığı, müsəlmanların anlayışına görə “Allah nə qədər mərhəmətlidir” sualları üzərində diskussiya yaratmaq olardı. Amma nəticə etibarilə müsəlmanlar Allaha heç nəyi bağışlamaq istəmirlər, özləri hər şeyi yerdə etmək istəyirlər. Dinin məğzi bu deyilmi ki, sən yaşayırsan, öləndən sonra əməllərinə görə “tərəzi” qarşısına çıxırsan, yaxşılar və pislər sorğulanır. Məncə, trek özlüyündə həqiqəti açmaq, bəzi məsələlərin qatılığını aşkarlamaq üçün indikator rolu oynayır.


– Bu arada klipin “Youtube” kanalından silindiyi məlum oldu, amma 8 min bəyənməmək (unlike), 2 min 600-dan çox təhdid vardı. Sənə də təhdid zənglərinin gəldiyini demişdin. Bu baxımdan Almaniyada sənə nə edə bilərlər?

– Mən düşünmürəm ki, mənə nəsə edə bilər. Mən o insanların qəzəbləndiyini və ölməyimi istədiklərini düşünürəm. Halbuki, Qurani-Kərimdə deyilir ki, 1 nəfəri öldürmüş insan bütün bəşəriyyəti qətlə yetirmiş sayılır. Səhv etmirəmsə, “Zil-Zal” surəsində belə deyilib. Mən hesab etmirəm ki, dini təhqir etmişəm, ümumiyyətlə, məndən heç kim Məhəmməd Peyğəmbər və islamla bağlı fikrimi soruşmayıb. İndi insanı düşüncəsinə görə öldürmək çox mənasız işdir, əgər kimsə belə etsə, hansımızın Allah qarşısında daha günahkar olacağımızı bilmirəm.


– Bəs bundan sonra nə etməyi düşünürsən? Hansısa tədbir görmək niyyətin varmı, trek yenidən qayıtsa, “Youtube” kanalında qalmasını istəyirsənmi? Həm də “Instagram” hesabın da şikayətlər olunduğundan silindi…

– Düşünürəm ki, video insanların xətrinə dəyib, bu, şərhlərdən də görünür. Əslində, mən özümdən heç nə çəkməmişəm, məsələn, cənnətin izahatı, Adəm-Həvva, təkamül haqqında kadrlar, bunlar islamla bağlı debatlardır. Adnan Oktar Türkiyədə pişikləri yığıb proqram yayanda, ona irad tutan olmadı. Amma həmin kadrları mahnı üstündə göstərəndə insanlar qəzəblənir. Şərhlərdə tolerant yanaşanlar da var, məsələn, yazırlar ki, sənə maraqlı gəlib, düzdür, elə bir şey etməmisən, amma insanlara yox, baxma da yaxşı deyil, sil, Allah səni bağışlasın. Başqa biri isə başımın kəsilməsini deyib kafir adlandırır. Ümumiyyətlə, Məhəmməd Peyğəmbər deyir ki, kiməsə kafir deyirsənsə, hələ bilinmir o kafirdir, yoxsa sən. Dində hökm vermək çox ağır məsələdir, fətva təkcə baş kəsmək deyil. Din canlı bir şeydir, onu insan öz həyatı ilə dünyaya gətirib, peyğəmbərliyini edib, qapısını açıb. O qapıdan da nə qədər insan necə başa düşübsə, elə yaşayıb. Bu, o demək deyil ki, kimsə rok-n-rol etsə, onu öldür. Simli alətlərin şeytan əməli olduğunu deyir, bəs simsiz alətlərdə mahnını ifa etsəm, necə olacaq? Məsələnin məğzinə baxılmalıdır, məgər, mən səni təhqir etmişəm? Allahla başlayan cümlənin içərisində söyüşmü var? Qurani-Kərimdən olan cümlələri yenidən oxuyuram, bu qədər.


– Şərhlərdə səni Berlində tapıb qətlə yetirəcəkləri hədəsi də vardı, yəni Avropanın mərkəzində belə şey ola bilərmi?

– Bu, qarşılaşdığım birinci hal deyil. Bakıda mitinqdə söyüş söydüyüm üçün də oxşar hədə olub, polislər yox, mülki şəxslər. O zaman polislər mənə dedi ki, səni xalqdan qoruduq, çünki bıçaqlamaq istəyən olub. Marsa inkişaf naminə də adam göndərmək olar, Berlinə adam öldürmək üçün də. Baxır kim nəyə yatırım edir. Amma bunları fikirləşib dayanan deyiləm. Bir daha təkrar edirəm, mahnı var, istədim geniş kütlə də eşitsin, amma görünür, hələ hazır deyillər, “Youtube” da belə düşünür. Amma bu mərhələ də keçilməlidir.


– Söz azadlığı baxımından məsələyə necə yanaşırsan, Fransada dövlət “Charlie Hebdo” dərgisinin yanında oldu, burda necə ola bilər?

– O fərqli hadisədir, mən burda səliqəli olmasına çalışdım ki, kimsə təhqir tapmasın. “Jesus Christ Superstar” adlı opera var, kilsə buna normal yanaşdı, dəyərlərinin yeni formatda təmsil olunduğunu bildirdi. Allahın qüdrəti belə şeylərdən sarsılmadığı kimi islamın da təməli belə şeylərdən çökməməlidir. İnsanın imanı o qədər zəif olmamaldır ki, sən hansısa mahnının ona təsir edəcəyindən qorxasan. Mən də Qurandan oxuyuram, arxada da rok-n-rol, sən öz kitabınla fəxr etməlisən, gör, necə gözəl alınıb. Çünki adamlar öz peyğəmbərlərini tanımırlar, onun şeir məclislərində iştirak etdiyini bilmirlər, əvvəl onu şair kimi tanıyıblar, o zaman Məkkədə söz sənəti güclü olduğundan insanı sözüylə ölçürdülər. Məhəmməd Peyğəmbər bu mənada güclü olub. Narazı olan müsəlmanlar özlərini böyük hesab etməsin, onun dinin qatlarında olan icazələrdən xəbəri yoxdur. Mən Berlində həmin mahnını oxumuşam, reaksiyalar da müxtəlif olub, normaldır. Bir dəfə məni konsertə çağırmışdılar, işirakçıların arasından bir ərəb də olub, homoseksual imiş, o da həyacanlanıb konserti tərk etdi. Məndən soruşdular ki, mahnının sözlərində nə var ki, o getdi, başa saldım ki, Qurandan sözlər var. Yəni mahnının effekti olduğunu bilirdim.


– Deməli, təhdidləri gözləmirdin…?

– Hesab etmirəm ki, SMS-lə çıxan adam gəlib məni tapacaq. Yaxşı olardı, özünü müsəlman adlandıran təhdid edənlər çoxlu oxuyub araşdırsınlar, danışanda da peyğəmbərin dediyi kimi etsin. Mən ifrat mesajlara, nifrətlərə, küçə söyüşlərinə cavab vermirəm. Başa düşürəm ki, əsəbləşib yazıb. Allah onlara hidayət verib imanlarını gücləndirsin, əməllərinə baxıb düşünsünlər, həyatlarına baxsınlar, bu və o biri dünyada xoşbəxtlik arzulayıram.

Ana səhifəXəbərlərCamal Əli: Hesab etmirəm ki, dini təhqir etmişəm