Cahangir Hacıyevin vəkili: “Təkcə Qazaxıstandakı üç neft yatağı satılsa…”

İşin obyektiv araşdırılması, həqiqətin üzə çıxması üçün onlarla vəsait vermişik, heç biri təmin olunmayıb.

Source:


Vergilər Nazirliyi də hökmdən apelyasiya şikayəti verib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov onların haqqında çıxarılan hökmdən şikayət veriblər. Noyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə onların şikayətinə baxılıb. Məhkəmədə məlum olub ki, C.Hacıyev və D.Xəlilovla yanaşı, Vergilər Nazirliyi də hökmdən apelyasiya şikayəti verib. Çünki nazirliyin C.Hacıyev və D.Xəlilova qarşı 1 milyon 752 min manatlıq mülki iddiasını Bakı Ağır Cinayətlər Məhkəməsi təmin etməyib.

Məhkəmədə C.Hacıyevin vəkili Nemət Kərimli bildirib ki, sabiq bank rəhbərinə qarşı irəli sürülmüş ittihamların bir çoxu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Vəkilin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi həm bu məsələni, həm də müxtəlif kredit müqavilələri üzrə banka ödənilən vəsaitləri nəzərə almayıb: "İttihamda yazıblar, məhkəmə də hökmündə təsdiqləyib ki, guya Cahangir Hacıyev kredit kimi verilən vəsaitləri mənimsəyib. Amma necə mənimsəyib, hansı yolla, bilinmir. Bütün dünyada bank kredit verir. Buna görə bankın rəhbərinə ittiham vermək absurddur".

Digər vəkil Fəxrəddin Mehdiyev də hökmün qanunsuz və ədalətsiz olduğunu vurğulayıb, C.Hacıyevin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib: "Cahangir Hacıyev ilk gündən ittihamları rədd edir. Hesab edir ki, bu məsələ mülki qaydada, bank qanunvericiliyi əsasında həll olunmalıdır. Bu cinayət işinin bünövrəsi yanlışdır. Bu işin istintaqında və birinci instansiya məhkəməsində o qədər maddi və prosessual hüquq normaları pozulub ki. Bankdan kredit kimi götürülən vəsaitlərin Cahangir Hacıyev və yaxınlarına verilməsi barədə bircə sübut yoxdur. İşin obyektiv araşdırılması, həqiqətin üzə çıxması üçün onlarla vəsait vermişik, heç biri təmin olunmayıb".

Vəkil vurğulayıb ki, C.Hacıyev və digərlərinə bir tərəfdən götürülən kreditlərin mənimsənilməsi barədə ittiham verilir, digər tərəfdən o vəsaitlər hesabına yaradılan və real fəaliyyət göstərən müəssisələr həmin şəxslərdən alınır. Müdafiəçi bildirir ki, həmin müəssisələr götürülürsə, onlar satılmalı, yaxud gətirdiyi gəlirlər hesabına kredit ödənilməlidir.

F.Mehdiyev xatırladıb ki, Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə 2015-ci ilin iyununda prezidentin sərəncamıyla “Aqrarkredit” QSC yaradılıb: "Aqrarkredit"in İdarə Heyətinin sədri Məmməd Musayev 2017-ci ilin noyabrında "Exo" qəzetinə müsahibəsində demişdi ki, iki ildə problemli kreditlərin təxminən 3,2 milyard manatı qaytarılıb. 9600-dən çox problemli aktiv qəbul edilib. Məlum deyil ki, o aktivlərin – müəssisələrin taleyi necə oldu? O müəssisələr götürülən kreditlər hesabına yaradılmışdı".

Vəkilin sözlərinə görə, təkcə Qazaxıstandakı üç neft yatağını satmaqla ittihamda əksini tapan kreditləri bağlamaq olardı. Müdafiəçi bildirir ki, Beynəlxalq Bankda baş verənlərə görə yalnız C.Hacıyevi ittiham eləmək düzgün deyil: "Bankın fəaliyyətinə Müşahidə Şurası nəzarət edib, sədri də maliyyə nazirinin müavinidir. Səhmdarların Ümumi Yığıncağı olub, vacib qərarları onlar verib. Bankın Audit Komitəsi olub. Bu qurumların üzvlərini Cahangir Hacıyev təyin etmirdi ki, ondan asılı olsunlar".

Keçmiş deputat D.Xəlilovun vəkili Əsli Məmmədova da hökmə etirazını bildirib. Onun sözlərinə görə, D.Xəlilov və digərləri mütəşəkkil dəstənin üzvləri kimi təqdim olunub. Amma ortada mütəşəkkil dəstə yoxdur.

Beynəlxalq Bank işində 18 nəfərə də şərti cəza verilib. Onlar "Global Construction" şirkətində D.Xəlilovun işçiləri olub. Sonradan adlarına şirkətlər yaradılıb, bankdan kredit götürülüb. Həmin 18 nəfərdən Sərxan Rəsulov da apelyasiya şikayəti verib. O, haqqında bəraət hökmü çıxarılmasını istəyir.

Vergilər Nazirliyinin nümayəndəsi isə çıxışında mülki iddianın təmin olunmasını – C.Hacıyev və D.Xəlilovdan müştərək qaydada 1 milyon 752 min manat tutulması barədə qərar qəbul edilməsini istəyib.

Apelyasiya şikayətləri üzrə məhkəmə noyabrın 25-nə qədər təxirə salınıb. Növbəti məhkəmədə C.Hacıyev və D.Xəlilov çıxış edəcək.

2001-ci ildən 2015-ci ilin martına qədər Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş C.Hacıyev 2015-ci ilin dekabrından, sabiq deputat D.Xəlilov isə 2016-cı ilin fevralından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 16 il 6 ay, D.Xəlilov isə 14 il 6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətCahangir Hacıyevin vəkili: “Təkcə Qazaxıstandakı üç neft yatağı satılsa…”