Bostançı kəndi

Source: Meydan TV

Caption: Bostançı kəndi

Bostançı sakini: İcra başçısından xahiş edirəm, gəlib örüş sahəsini bizə göstərsin

Article was updated on :  19 September 2020

Kəndli susuzluqdan, yolsuzluqdan, örüş sahələrinin yoxluğundan gileylidir

“Xaçmazın ən qədim kəndlərindən olan Bostançının problemləri bitib-tükənmək bilmir. Hazırda əhali içməli su sarıdan əziyyət çəkir”.

Bunu Meydan TV-yə Xaçmaz rayonu, Bostançı kənd sakini Osman İmamov deyir. Söyləyir ki, üç yüz əllidən çox evi olan kəndin cəmi on iki bulağı var:

“Həmin bulaqların onundan su gəlir. Digər iki bulaqdan isə su damcı-damcı tökülür. Təsəvvür edin, otuz məhəllə on bulağın ümidinə qalıb. Bulaqları da kasıb kənd camaatı boğazından kəsib, borusunu, kranını alıb. Hər dəfə problem yarananda, su gəlməyəndə yenə də əziyyəti kasıb kənd camaatı çəkir. Artıq dörd-beş gündür bulaqdan su gəlmir. Əhali bir kilometr məsafə qət edib, evinə su gətirir. İçməli suyu əllə zülm-müsibətlə daşıyırlar”.

Şikayətçi deyir ki, kəndin su problemi ilə yanaşı yolları da bərbad vəziyyətdədir. Bildirir ki, dəfələrlə aidiyyəti qurumlara bununla bağlı məktub yazsalar da, faydası olmayıb:

“Elnur Rzayev icra başçısı təyin olunandan sonra Bostançı kəndinə gəlib, vətəndaşlarla görüşdü. Kəndin yolu ilə tanış oldu. Dedi ki, mən Daşkəsəndə işləmişəm, orada yollar daha bərbad idi. Ora baxanda, burada vəziyyət bir az yaxşıdır. Bildirdi ki, kəndə asfalt yolun çəkilməsi icra hakimiyyətinin səlahiyyəti xaricindədir. Söylədi ki, bunun üçün “yuxarı”lardan maliyyə vəsaiti ayrılmalıdır. Sonra dedi ki, yol problemi belə qalmayacaq, həll olunacaq. Onu da deyim ki, burada heç vaxt asfalt yol örtüyü olmayıb. Bostançı kəndinin bələdiyyə sədri Nasib Abuzərov ancaq vəd verir. Deyir ki, düzələcək. Amma nə vaxt, bilinmir?! Belə görürəm, bu yolu düzəltməyəcəklər. Biz bundan sonra da uzun illər qrunt yollarla gedib-gələsi olacağıq”.

"Stadionun yan-yörəsində yaşayan adamlara söz vermişəm ki, ora arteziandan su da çəkəcəyəm"

"Stadionun yan-yörəsində yaşayan adamlara söz vermişəm ki, ora arteziandan su da çəkəcəyəm"

Source: Meydan TV

Şikayətçinin dediyinə görə, kənddə başqa bir problem də rayonlararası çempionatların təşkili zamanı yaranır. Belə ki, burada stadion yaxşı vəziyyətdə olmadığı üçün Quba, Qusar, Siyəzən və digər rayonların heç birindən bura ev oyunlarına gəlmək istəmirlər:

“Bununla bağlı icra hakimiyyətinə elektron məktub yazdım. Cavab gəldi ki, stadionun bərpası işinə baxılacaq. Doğrudan da, icra hakimiyyətinin göstərişi ilə stadionda işlər başlandı. Qreyder maşını gətirildi, torpaq hamarlandı. Lakin beş gündən sonra getdilər, işləri sonadək yekunlaşdırmadılar. Halbuki, bildirilmişdi ki, futbol meydançasının qapı torları alınacaq, bəzi başqa işlər görüləcək. Həmçinin stadionun qarşısında voleybol meydançası var. Onun da dəmirləri basdırılıb, amma torları yoxdur”.

“Bələdiyyə sədri Nasib Abuzərov Ağalar oğlu 1999-cu ildən bu vəzifədədir. Lakin bu iyirmi bir ildə bir dənə də olsun yaxşı iş görməyib”, - Osman İmamov belə deyir:

Osman İmamov

Osman İmamov

Source: Meydan TV

“Kəndin mal-qara otarmaq üçün örüş sahəsi yoxdur. Bununla bağlı icra hakimiyyətinə elektron məktub yazdım. İcra hakimiyyətindən cavab gəldi ki, 65 hektar örüş sahəsi var və kənd camaatı gündəlik həmin ərazidən istifadə edir. Maraqlıdır ki, həmin örüş sahəsinin yerini bilən yoxdur. Mən icra hakimiyyətindən xahiş edirəm ki, gəlib, bizə həmin 65 hektar sahəni göstərsinlər. Mən də kəndin sakini olaraq, bilim ki, örüş sahəsi haradadır, aparım, mal-qaramı orada otarım. Bələdiyyə sədri Nasib Abuzərov həmin əkin sahələrini satıb”.

Bostançı kəndinin bələdiyyə sədri Nasib Abuzərov Meydan TV-yə açıqlamasında haqqında söylənilənlərin əsassız olduğunu deyib:

“Kənddə idman meydançası olduğu halda, Osman İmamov şəxsi mənafeyini güdərək atasının qeyri-qanuni işlətdiyi obyektin yanında idman meydançası tikmək istəyirdi. Mane oldum, dedim ki, kəndin meydançası var. Bunun acığını çıxmaq üçün haqqımda xoşagəlməz şayiələr yaymağa başladı. Kənd stadionunun bərpasına səkkiz yüz manat pul xərclənib. Lakin orada oynayan yoxdur. Stadionun yan-yörəsində yaşayan adamlara söz vermişəm ki, ora arteziandan su da çəkəcəyəm”.

"Artıq dörd-beş gündür bulaqdan su gəlmir"

"Artıq dörd-beş gündür bulaqdan su gəlmir"

Source: Meydan TV

Bələdiyyə sədrinin sözlərinə görə, Bostançı su imkanlarına görə ətraf kəndlərdən daha yaxşı vəziyyətdədir:

“Bunlar istəyirlər ki, hər bir küçəyə su çəkilsin. Kəndimizin müxtəlif yerlərində dörd artezian var. İnsanlar həmin su ilə həyətyanı sahələrini, pay torpaqlarını suvarır. Həmin artezianlardan kəndə hər evə su çəksək, camaat pay torpaqlarında əkin işləri apara, mal-qarasına suvara bilməyəcək. Dövlətdən bələdiyyəyə il ərzində iki min yüz əlli manat ayrılır. Bununla da çox iş görmək olmur. Camaatdan vergi yığıb, abadlaşdırma işləri aparırıq. Bir hektar sahəyə görə beş manat otuz dörd qəpik pul ödənilməlidir. Lakin çox vaxt insanlar vergini ödəməkdən boyun qaçırır. Elə adam var ki, bələdiyyə yaranan gündən indiyə qədər vergi verməyib. Hazırda kəndin bələdiyyəyə on səkkiz min manat ödəniləsi vergi borcu var. Bələdiyyədən şikayət edən Osman İmamov özü doqquz ildir vergi ödəmir. Vergi vaxtlı-vaxtında ödənsə, biz də abadlaşdırma işləri apararıq. Şəhidlər Xiyabanında aparılan quruculuq işləri artıq yekunlaşıb. Bu yaxınlarda başçının iştirakı ilə açılış mərasimi olacaq. Bundan başqa, Dədəlli-Bostançı yolu acınacaqlı durumda idi. Min altı yüz manat xərcləyərək, həmin yolu abırlı bir vəziyyətə gətirmişik. Kəndin mərkəzi küçəsi bir az yararsız vəziyyətdədir. Başçımız kəndə gələndə mənə demişdi ki, küçəyə də əl gəzdirərsən. Bu həftənin sonu kəndin içəri yollarına daş töküləcək. Bu işləri birdən-birə görmək mümkün deyil.

Kəndin örüş torpaqlarına gəlincə, 65 hektar örüş sahəsi pərakəndə haldadır. Həmin torpağın 15 sotunu elə Osman İmamovun atası zəbt edərək, həyətyanı sahəsinə qatıb, özünə bağ salıb. Onun atası bələdiyyənin iki yüz kvadrata yaxın yerini zəbt edərək, özünə içtimai iaşə obyekti tikib. Özləri qanunsuz olaraq dövlətin işığını istifadə edirlər, obyekt işlədirlər. Onun atası xəstə adam olduğu üçün dillənmirəm”.

Osman İmamov bələdiyyə sədrinin dediklərinə belə cavablandırıb: “Mən faktlarla danışıram. Onun da dediyinin faktı varsa, qoysun ortaya”.

"Elə adam var ki, bələdiyyə yaranan gündən indiyə qədər vergi verməyib"

"Elə adam var ki, bələdiyyə yaranan gündən indiyə qədər vergi verməyib"

Source: Meydan TV

Bələdiyyə sədrinin sözlərinə görə, Bostançı su imkanlarına görə ətraf kəndlərdən daha yaxşı vəziyyətdədir

Bələdiyyə sədrinin sözlərinə görə, Bostançı su imkanlarına görə ətraf kəndlərdən daha yaxşı vəziyyətdədir

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  19 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/oa0vlw

Most Viewed