Borc

Borc çətin məsələdir: həm də təkcə pul borcu yox

Source:
Borc Karikaturası
Borc Karikaturası

Borc çətin məsələdir: həm də təkcə pul borcu yox. Bizdə borc sahəsində çox ciddi problemlər var. Borcla doğulub borcla ölmək də var qismətdə. Bir də ömür boyu borclar məngənəsində çarpışmaq. Mənəvi borc, vətən borcu, ata-anaya övlad borcu, valideynlik borcu, daha dəhşətlisi korrupsioner hakimiyyətin, məmurların ofşorlardakı sərvətini artırmaq üçün dövlətin adıyla aldığı borcdur ki, o da vətəndaşın boynuna yazılır. Yəni yuxarıda sadalanan borclara biri də əlavə olunur. Son məlumata görə, hər bir Azərbaycan vətəndaşının borcu 1000 dollardır…

Bizdə atalar məsəli də var: Borclu borclunun sağlığını istər. Məsəlin qədimlərdən qaldığı bəlli. İndi adamlarda səbir nə gəzir, oturub-durub ona borclu olana uzun ömür arzulasın. Üstəlik, qədimlərdəki kimi deyil, indi borcu daha çox hökumətə bağlı banklar verir. Orda çalışanların da çoxunun bu atalar məsəlindən, bəlkə, heç xəbəri yoxdu. Kreditin vaxtına bir neçə gün qalmışdan səni xəbərdar, kredit günü keçəndən sonra dayanmadan zəng və dəng edirlər. Mobil telefonları da sanki Tanrı bəla göndərib, bu qurğu adamlara nədənsə, kimdənsə yayınmağa imkan vermir. Qabaqlar heç olmasa ancaq ev telefonları vardı və evdə olub zəngə cavab verməsən belə, daşdan keçən arqument gətirə bilirdin: evdə olmamışam! Ancaq bu mobil telefon vasitəsilə sənin harada olduğunu, lap elə nə iş gördüyünü, kiminlə bir yerdə gəzdiyini, yatdığını belə bilirlər.

Həm də indi kredit götürəndə təkcə ev, mobil telefon, e-mail deyil, nəsil-nəcabətinin kontaktları tələb olunur.

Onlar da bank işçisindən betər təzyiq altında saxlayır adamı…

Son illərdə açıqlanan hesabatlara görə, Azərbaycanda hər 4 nəfərdən birinin banklara kredit borcu var. Yəni əhalinin 2,5 milyondan çoxu bankların girovluğundadır. 2015-ci ildə iki dəfə baş verən, Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu günlərdə etiraf etdiyi devalvasiyadan sonra əhali daha ağır duruma düşüb. Üstəlik, banklar hakim ailə və onlara yaxın adamlara məxsus olduğundan məhkəmə çəkişmələrində həmişə “ədalətli qərar” bankların xeyrinə çıxarılır. Adamlar taleyin ümidinə buraxılmış durumda qalır həmişə. Açığı, qabaqlar hökumətin statistik rəqəmlərinə inanmırdım, saxta adamların dürüst statistik rəqəmləri ola bilməz axı. Hələ son illər sayğaca bənzər cəbhə statistikası adamı lap hövsələdən çıxarır. Məsələn, ötən sutka 82, ondan qabaqkı sutka 93, ondan qabaq 89, ondan qabaq 97, 90, 85, 87… dəfə atəşkəs pozulub. Bir dəfə yazmışdım bunu, görünür, bu atəşi sayanları da yeni iş yeri statistikasına əlavə ediblər… Atılan güllələri saymaq da vətən borcudur sanki…

Son çağlar hakimiyyətyönlü saytların kriminal informasiyalarında maraqlı başlıqlar diqqəti çəkir. Daxili İşlər Nazirliyinə istinadla yayılan bu informasiyalar borclu adamlarla bağlıdır. Bir müddət qabaq hər hansı borcu olanların ölkədən çıxışına qadağa qoydular. Kimsə bundan xəbərsiz, ya da lap elə xəbəri ola-ola sərhədi keçmək istəsə, tutub qaytarırlar ölkəyə. Ya da hərdən xəbər yayırlar ki, hansısa borclunu tutub atıblar içəri. İndi bu, sistemli şəkil alıb; gündəlik informasiyalarda cinayətkarlarla yanaşı, borcluların da adı keçir. Bu borcluların da çoxu əlacsızlıqdan borca girənlərdir; xəstəsi üçün, yasını yola vermək üçün, oğlunu evləndirmək üçün, qızına cehiz almaq üçün, biznes qurmaq üçün, hansısa səbəbdən işə düşüb (buna bir çox hallarda “zibilə düşmək” deyirlər) özü, ya yaxını üçün, qonşudan geri qalmamaq üçün borc alanlar, kredit götürənlər.

Məhkəmələrin funksiyası, görünür, Daxili İşlər Nazirliyinə tapşırılıb. Hər gün tuturlar. Bir neçə nümunəyə siz də baxın:

Ötən gün borclu kimi axtarışda olan 54 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 20 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 48 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 15 nəfər saxlanılıb

Bakıda borclu kimi axtarışda olan 8 nəfər tutulub

Ötən gün borclu kimi axtarışda olan 29 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 14 nəfər tutulub

Ötən gün borclu kimi axtarışda olan 21 nəfər saxlanılıb

Borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb

Azərbaycanda borclu qismində axtarışda olan 36 nəfər saxlanılıb –Polis əməliyyatı

Borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb

Borclu qismində axtarışda olan 16 nəfər saxlanılıb

Borclu qismində axtarışda olan 37 nəfər saxlanılıb

Borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılıb

Ötən gün borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılıb

Borclu kimi axtarışda olan 18 nəfər saxlanıldı…

Saytlarda gedən bu başlıqları artırmaq da mümkündür, ancaq yorucu olar…

Çalışın kimsədən borc almayın, ya da kimsəyə borc verməyin. Hər iki halda ziyan çəkəcəksiz; nə qədər ki, borc verənlər səlahiyyət yiyələridir…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBorc