BMT: Dünya Qaşıqçının qətlindən sonra ədalət üçün kifayət qədər iş görməyib

Jurnalistin nişanlısı deyib ki, hələ də ədalət axtaran insanları xatırlatmaq niyyətindədir

Source:


Jurnalistin nişanlısı deyib ki, hələ də ədalət axtaran insanları xatırlatmaq niyyətindədir

“Səudi jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ədalətin təmin edilməsi üçün dünya kifayət qədər iş görməyib”, – BMT-nin xüsusi məruzəçisi çərşənbə axşamı deyib. “Reuters” yazıb ki, BMT-nin məhkəmədənkənar edamlar üzrə məruzəçisi Aqnes Kalamard (Agnes Callamard) 2018-ci ildə Riyadın İstanbuldakı konsulluğunda Səudiyyə əməliyyatçıları tərəfindən Qaşıqçının öldürülməsi ilə bağlı Avropa Birliyi və ABŞ-ı daha sərt addımlar atmağa çağırıb.

“Düşünürəm ki, beynəlxalq ictimaiyyət bugünə qədər Camal Qaşıqçının öldürülməsi ilə bağlı toxunulmazlıq və cəzasızlığı təmin etmək borcunu yerinə yetirə bilməyib. Bunu qəbul etmək önəmlidir”, – Kalamard Brüsseldə jurnalistlərə bildirib.

Kalamard Səudiyyə məhkəməsi əvəzinə beynəlxalq cinayət istintaqı tələb edib, ancaq Ər-Riyad onun tələbini rədd edib.

Qaşıqçı ilə evlənməli olan Xədicə (Hatice) Cengiz Kalamardı Brüsselə etdiyi səfərdə müşayiət edib və qeyd edib ki, hələ də ədalət axtaran insanları xatırlatmaq niyyətindədir.

Qaşıqçı ABŞ –da yaşayıb və Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın tənqidçisi olub. Onun sirli ölümü ilə əlaqədar 11 səudiyyəli şübhəli qismində mühakimə olunub. Kalamard tərəfindən hazırlanan hesabatda vəliəhd şahzadəsinin və Səudiyyə Ərəbistanının digər yüksək vəzifəli şəxslərini araşdırılması tələb edilir.

Qaşıqçının ölümü Riyadın və Salmanın imicinə ciddi xələl gətirib. CIA və bəzi Qərb hökumətləri şahzadə Məhəmmədin Qaşıqçının öldürülməsinə əmr verdiyinə inandıqlarını söyləyiblər, lakin Səudiyyə rəsmiləri onun qətldə heç bir rolunun olmadığını bildiriblər.

Avropa Birliyi Qaşıqçının öldürülməsinin birinci ildönümündə bütün məsul şəxslərin tam məsuliyyət daşımağa çağırıb və deyib ki, aparılan araşdırma “etibarlı və şəffaf” olmalıdır.

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanını qətlin arxasında duranların məsuliyyətə cəlb edilməsi yönündə ciddi irəliləyişə nail olmağa çağırıb.

Ana səhifəDünyaBMT: Dünya Qaşıqçının qətlindən sonra ədalət üçün kifayət qədər iş görməyib