BMT

Source: Foto: Meydan tv

Caption: BMT

BMT: Azərbaycan təcili İstanbul Konvensiyasını ratifikasiya etməlidir

Article was updated on :  21 October 2019

Qurum qadınlara qarşı zorakılıq halları ilə bağlı bəyanat yaydı

“Azərbaycanda qadın və qızlara qarşı əksər hallarda ölümlə nəticələnən zorakılıq hallarına məruz qalmaya dair məlumatlar var. Qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur”.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin bəyanatında belə deyilir.

BMT bildirir ki, zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təcili və birgə fəaliyyət lazımdır.

“Qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır. BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər. Bu da ölkə ÜDM-nin 2 faizinə bərabərdir. Bura bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir”.

Bəyanatda bildirilir ki, hər şeydən öncə, qadın və qızlara qarşı zorakılıq həyatları, ailələri və gələcəyi məhv edir. Hər bir zorakılıq aktının insan həyatına təsiri ölçülə bilməyəcək dərəcədədir və bu, Azərbaycanın özünə rəva bilmədiyi, eləcə də heç bir qadın və qızın ödəməli olmadığı qiymətdir:

“Biz bu problemin həlli üçün Azərbaycan hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir. Azərbaycan hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır”.

BMT hesab edir ki, hökumətə zorakılıqdan zərərçəkmişlərin müdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmağı təklif edir. Bundan əlavə, zərərçəkmişlərin və şahidlərin müdafiəsinə, eləcə də zorakılığı törədən şəxslərin cəzasız qalmasına yol verilməməsinə xüsusi diqqət yetirilərək qadın və qızlara qarşı baş verən zorakılıq halları ilə bağlı bütün məlumatlar operativ və hərtərəfli araşdırılmalıdır:

“Nəhayət, Azərbaycanda hər bir kəs qadın və qızlara qarşı zorakılığın baş verdiyi istənilən hadisə barədə səsini ucaltmalı və məlumat verməlidir – zorakılıq qarşısında səssiz qalmaq yolverilməzdir”.

Oktyabrın 20-də Bakıda ictimai fəalların keçirdiyi etiraz yürüşündə də əsas tələb Azərbaycanın Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməsi idi.

“Dözmə! Yürüş et!” yürüşünün rəsmi bəyanatında bildirilirdi ki, onlar Azərbaycanda mütəmadi şəkildə baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, qadınlara qarşı məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara, təzyiqlərə qarşı etiraz edirlər.

“Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik. Bəyan edirik ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər qadınların hüquqlarını qorumalı olan hüquq-mühafizə sistemində və digər dövlət strukturlarında da hakimdir. Azərbaycanda mövcud olan hazırkı qanunvericilik qadınların müdafiəsi üçün yetərli qabaqlayıcı tədbirləri əhatə etmir və təkmilləşdirilməlidir”.

Bəyanatda tələb edilir ki, qadınların zorakılıqdan müdafiəsi sahəsində sistemli və effektiv siyasət aparılsın, zorakılıqların bütün növləri ilə mübarizə üçün dövlət tərəfindən lazımi resurslar səfərbər edilsin:

“İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” Azərbaycan tərəfindən imzalansın və ratifikasiya edilsin”.

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Mikroskop Media bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  21 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/30euhb

Most Viewed