Blitskriq və Fransanın 44 günə darmadağını

Əvəzində belçikalılar daha nikbin idilər. Onların təxminən 300 tankları vardı.

Foto: Meydan Tv


(birinci hissə)

1940-cı il mayın 10-da səhər saat 05.35-də nasist Almaniyası bitərəfliklərinə hörmət edəcəyi barədə dəfələrlə söz verdiyi Belçika və Niderland ərazisinə hücum edərək Qərbi Avropada fəal hərbi əməliyyatlara başladı.

Tərəflərin qüvvələri təxminən eyni idi. Fransada ön cəbhədə 110 diviziya vardı (96 Fransa, 13 Britaniya və 1 Polşa). Belçikanın 22, Niderlandın 10 diviziyası vardı. Üstəlik, müdafiə olunan tərəf kimi bütün təbii və süni maneələr (dağlar, çaylar, meşələr, istehkamlar) onların lehinə işləyirdi.

Mənfi cəhət isə ondan ibarət idi ki, bu diviziyalar vahid komandanlığa malik deyildilər. Həm də Belçika və Niderland hərbi əməliyyatlar başlayana qədər bitərəf dövlət sayıldıqlarından fransız və ingilis qoşunları qabaqcadan onların ərazisində mövqe tuta bilmirdilər.

Fransanın 2-ci və 3-cü ordular qrupları Majino xəttinin müdafiəsinə cavabdeh idi. Daha döyüşə qabil qüvvələr Fransa-Belçika sərhədi yaxınlığında mövqe tutan 1-ci ordular qrupunda idilər. Buraya 4 Fransa ordusu, eləcə də Britaniya ekspedisiya qüvvələri (BEQ) daxil idi.

Deyl planına görə bu qüvvələr almanların Belçika və Niderlanda hücumu zamanı şimala doğru hərəkət edəcəkdilər. Bir Fransa ordusu Niderlandın köməyinə tələsəcəkdi. Üç Fransa ordusu və BEQ isə Antverpendən Vavra qədər Deyl çayı və Deyl kanalı boyu uzanan Belçika müdafiə xəttində mövqe tutmalı idilər.

Niderlandın ciddi müqavimət göstərəcəyinə ümid az idi. Hollandların tankı yox idi və cəmi 145 döyüş təyyarəsi vardı. Hərbi komandanlıq ölkənin dörddə birini təşkil edən və daha yaxşı müdafiə imkanları olan, “Holland qalası” adını verdikləri ərazini müdafiə etməyi planlaşdırırdı.

Əvəzində belçikalılar daha nikbin idilər. Onların təxminən 300 tankları vardı. 22 diviziyadan 12-i Albert-kanal boyu mövqe tuturdular. Alınmaz qala sayılan Eben-Emael fortuna müdafiə planlarında xüsusi yer ayrılırdı. Ölkə ərazisindəki çoxsaylı çaylar və kanallar alman tanklarına qarşı etibarlı sipər sayılırdılar. Belçikalılar hesab edirdilər ki, fransız və ingilislər köməyə gələnə qədər almanların qarşısında duruş gətirə biləcəklər.

Almaniyanın 136 diviziyası 3 ordu qrupları arasında bölüşdürülmüşdü. B ordular qrupuna daxil olan 18-ci ordu Niderlanda, 6-cı ordu isə Belçikaya hücum edəcəkdi. Həmin vaxt almanların malik olduqları 10 tank diviziyasından üçü bu qrupun ixtiyarında idi (biri 18-ci orduda, ikisi 6-cıda).

Digər 7 tank diviziyası isə kampaniyada əsas rol oynayacaq A ordular qrupunun tərkibinə verilmişdi. Bu qrup keçilməz sayılan Arden meşələri vasitəsilə Belçika və Lüksemburqdan keçərək Fransa ərazisinə daxil olmalı idi. Onlar Belçikanın köməyinə tələsən müttəfiq ordularının arxasına keçərək La-Manş sahilinə qədər irəliləməli və beləcə, həmin orduların digər qüvvələrlə əlaqəsini kəsməli idi.

C ordular qrupunda isə tank diviziyası yox idi. Bu qrupa əsasən köməkçi rol ayrılmışdı. Onlar Fransa-Almaniya sərhədindəki Majino istehkamlarına hücum edəcək və buradakı Fransa qüvvələrini özlərinə cəlb edərək başqa yerə göndərilməsinə imkan verməyəcəkdi.

Almanların 10 tank diviziyasında 2488 tank vardı. Bunların əksəriyyəti yüngül tanklar idi. Cəmi 630 ədəd Pz.Kpfw. III və Pz.Kpfw. IV markalı orta tanklar idi. Təkcə fransızların tankları almanlarınkından əhəmiyyətli dərəcədə çox idi (bəzi mənbələrdə 3100, bəzilərində 3250 göstərilir). Amma bu tankların çoxu piyada diviziyaları arasında paylanılmışdı. Cəmi üç sırf tank diviziyası var idi. Digər tərəfdən, alman tankları radio rabitəsi ilə təchiz olunmuşdular və bu onların döyüş effektini xeyli artırırdı.

Aviasiyaya gəldikdə isə burada şəksiz üstünlük almanların tərəfində idi. Hərbi əməliyyatlara havadan dəstək verəcək 2-ci və 3-cü hava donanmalarının tərkibində 5100 döyüş təyyarəsi vardı. Müttəfiqlərin döyüş təyyarələrinin sayı 3 mindən az idi. Üstəlik, alman təyyarələrinin texniki göstəriciləri daha yüksək idi, alman pilotlar isə dünyada ən yaxşı sayılırdılar.

İqtisadi cəhətdən isə müttəfiqlərin üstünlüyü şübhəsiz idi. Almaniya hərbi sənaye üçün lazım olan bir çox xammalı idxal etdiyi halda, İngiltərə müstəmləkələri hesabına özünü tam təmin edirdi. Buna görə də müharibənin uzanacağı halda müttəfiqlərin qalib gələcəyi şübhə doğurmurdu. Almaniyanın yeganə şansı düşmənlərini sülhə məcbur edərək müharibəni tezliklə bitirmək idi.

***

Fəal əməliyyatlar alman aviasiyasının Fransa, Belçika və Niderland ərazilərini bombalaması ilə başladı. Bunun ardınca quru qoşunları hərəkətə keçdi. Əməliyyatda desantçılara xüsusi rol ayrılmışdı. Onlar paraşütlə enərək Belçika və Niderlandda bir sıra mühüm nöqtələri, məsələn, çaylar üzərindəki körpüləri tutaraq partladılmasına imkan vermədilər.

7-ci Fransa ordusu artıq mayın 11-də Niderlanda çatsa da, bunun bir xeyri olmadı. Hollandlar cəmi 5 gün müqavimət göstərdilər və mayın 14-də təslim oldular. Onlar almanların Rotterdam şəhərinin bombardman olunacağı barədə ultimatumunu qəbul edib təslim olsalar da, şəhər yenə hücuma məruz qaldı və mərkəzi hissəsi tam dağıdıldı.

Rotterdam İkinci dünya müharibəsində amansız bombardmanına məruz qalan ilk şəhər oldu. Bundan sonra şəhərlərin bombalanması önündəki mənəvi baryer ortadan qaldırıldı və bütün tərəflər yaşayış məntəqələrini getdikcə daha amansız hücumlara məruz qoydular. Sonralar bundan ən çox əziyyət çəkən elə almanlar (Hamburq, Drezden) və yaponlar (Tokio, eləcə də Xirosima və Naqasakinin atom bombardmanı) oldular.

Belçikalıların böyük ümid bəslədikləri Eben-Emael fortuna da desantçılar çıxarıldı. Qala artilleriyasının xeyli hissəsi partlayıcı maddələrlə sıradan çıxarıldı. Müdafiəçilərin onları qovmaq üçün göstərdikləri cəhdlər uğursuz oldu: 85 desantçı əsas alman qüvvələri gələnə qədər tutduqları mövqeləri qoruya bildilər.

Almanlar qarşısında geri çəkilən belçikalılar onların köməyinə gələn fransızlar və ingilislərlə mayın 13-də Deyl hüdudunda birləşdilər. Alman aviasiyasına Belçikaya doğru irəliləyən qüvvələrə hücum etməmək tapşırılmışdı. Çünki almanlar onların irəliləməsində və hazırlanan tələyə düşmələrində maraqlı idilər.

Belçikaya hücum edən 6-cı ordunun tərkibində cəmi 16 diviziya var idi. Müttəfiqlər birləşəndən sonra isə Deyl savaş teatrında 41 diviziyaya malik oldular. Bununla da həmin ərazidə qüvvələr nisbəti müttəfiqlərin xeyrinə oldu. Amma Niderland təslim olandan sonra buradakı 18-ci ordunun 11 diviziyası da Belçikaya yönəldi. Üstəlik, tezliklə strateji vəziyyət dəyişdi.

***

Vermaxtın əsas zərbə qüvvəsi olan, 44 diviziyanın daxil olduğu A ordular qrupu mayın 13-14-də Fransanın şimal sərhədlərinin ortasından ölkə ərazisinə daxil oldu. Qrupun irəlidə gedən avanqardını Kleystin tank qrupu təşkil edirdi. Buraya 5 tank diviziyazı və 3 motorlaşdırılmış diviziya daxil idi. Daha 2 tank diviziyası onların sağ cinahında hərəkət edirdi.

Arden meşələrindən çıxan bu nəhəng qüvvə Fransa komandanlığında çaşqınlıq yaratdı. Onlar ən hazırlıqlı diviziyalarını Belçika ərazisinə göndərmişdilər. İndi A qrupunun qarşısında cəmi 17 yaxşı təlim görməmiş və pis silahlanmış düviziya vardı. Onlar heç tank əleyhinə silahlara malik deyildilər. Buna görə də almanlar ponton körpülər vasitəsilə Maas çayını xüsusi çətinlik olmadan keçdilər.

Mayın 15-də Sedan ətrafında baş verən döyüşdə 9-cu Fransa ordusu darmadağın edildi. 2-ci Fransa ordusunun əks-hücum cəhdləri də faydasız oldu. Fransızlar 1870-ci ildə olduğu kimi yenə də Sedan ətrafında fəlakət yaşadılar. Üstəlik, onlara almanların cənuba Paris üzərinə, yoxsa qərbə, Birinci dünya müharibəsində olduğu kimi “dənizə qaçış” edəcəkləri məlum deyildi. Buna görə də əsas diqqəti hara yönəldəcəklərini bilmirdilər.

Savaş qaydalarına görə, fransızların müdafiəsini yaran tank diviziyaları arxadakı piyada diviziyalarının yetişməsini gözləməli idilər. Zatən komandanlıq da bunu tələb ediridi. Amma Heynz Quderianın başçılıq etdiyi, 3 tank və 1 motoatıcı diviziyadan ibarət 19-cu korpus fransızların çaşqınlığından istifadə edərək sürətlə Atlantik okeanı sahillərinə doğru irəlilədi.

Quderianın bu hərəkəti bir yandan xeyli uğurlu nəticələrə səbəb oldu, fransızlar planlaşdırdıqları kimi Uaza çayı üzərində müdafiə təşkil etməyə macal tapmadılar, 9-cu Fransa ordusunun komandanlığı əsir alındı. Bununla belə, başqa qüvvələrdən bu qədər irəli getmək təhlükəli idi, korpus mühasirəyə düşə bilərdi. Təsadüfi deyil ki, Kleyst mayın 16-da Quderianı vəzifəsindən kənarlaşdırdı. Amma Berlinin işə qarışması ilə insident həll edildi. Sonrakı günlərdə Qudeiran öz sürətini bir qədər azaltmalı oldu.

Fransızların yaşadığı şoku belə bir fakt aydın sübut edir ki, artıq mayın 15-də baş nazir Pol Reyno Britaniyanın baş naziri Uinston Çörçillə telefon danışığında “Biz məğlub olduq. Biz müharibəni uduzduq” deyirdi. Çörçill ertəsi gün Parisə uçdu və Fransanın həm siyasi, həm hərbi rəhbərliyində hökm sürən çaşqınlığın şəxsən şahidi oldu.

Fransa qüvvələrinin Baş komandanı general Qamelendən strateji ehtiyat barədə soruşan və “yoxdur” cavabını alan Çörçill sonralar yazırdı: “Mən heyrətə gəldim. Hücuma məruz qalan böyük bir ordunun strateji ehtiyata malik olmaması görünməmiş hadisə idi. Etiraf etdim ki, bu, mənim həyatımda ən böyük gözlənilməzliklərdən biri idi”.

Hitler özü də baş verənlərə inana bilmirdi. O, qərbə doğru irəliləyən almanların şimaldan və cənubdan hücuma məruz qalacaqlarından, mühasirəyə düşəcəklərindən daim ehtiyat edirdi. Quru qoşunlarının baş qərargah rəisi Frans Halder mayın 17-də gündəliyində yazırdı: “Fürer dəhşətli həyəcan keçirir. O, öz uğurundan qorxur, heç nə ilə risk etmək istəmir və bizim irəliləməmizi məmnuniyyətlə dayandırardı”.


(ardı var)

Ana səhifəXəbərlərBlitskriq və Fransanın 44 günə darmadağını