Zərdüşt Əlizadə

Source: Meydan TV

Caption: Zərdüşt Əlizadə

Bircə nümunə göstərin

İndi müharibə təhlükəsi cox ciddidir

Tək dövlət deyil, cəmiyyətimiz də müharibəyə “hazırlaşır”. Təbii ki, milli adət-ənənələrə uyğun olaraq, fikirləşmədən, düşünmədən, ölçüb-biçmədən. Cəmiyyətimizin torpaq naminə savaşa hazırlığını təsəvvürümə gətirmək istəyəndə, çar-naçar 1990-cı illərin əvvəllərini, cəmiyyətimizi həmin dövrdə çulğalamış ucuz lotuluqları, əbləh çağırış və şüarları, ortaya atılmış bisavad “komandir”ləri, utanc gətirən “Ali Baş Komandan”ları xatırlamaya bilmirəm.

Başına gələn başmaqçı olar. Qulağımda Bakı Meydanında bağırılan “Biz ölərik, Qarabağı vermərik”, “Bakıda hava soyuqdur, ermənilər toyuqdur”, “Ermənisən, ölməlisən, vəssalam”, “Harda gördün erməni, vur başına gülləni” şüarları, hələ əziz oğlu Təbrizi Qarabağ savaşında itirməmiş Xəlil Rzanın “Biz erməniləri tüpürcəyimizlə qovacayıq” hayqırtısı, Əbülfəz Əliyevin “Ermənilərin dizi üçcə aya qatlanajax” vədi səslənir.

Elə bilirsiniz, dövlətimizin və cəmiyyətimizin səviyyəsi həmin dövrə nisbətən yüksəlib? Daha savadlı, daha peşəkar insanlar Azərbaycan dövlətini idarə edir? Əhalimizin savad səviyyəsi həmin dövrə nisbətən yaxşılığa dəyişib?

Heyhat!

Təki mən yanılım, amma belə fikirdəyəm ki, əhalinin həmin dövrdə olan acınacaqlı ümumi savad səviyyəsi daha bərbad hala düşüb.

Əksəriyyət kitab yox, “çat” oxuyur. Çox vaxt isə oxumur, düşünmədən “yazır”. Virtual aləmə baş vurun, əziz azərbaycanlıların insanı vahiməyə salan cəhalətinin parlaq nümunələri ilə tanış olun. Əminəm ki, bizdən fərqli olaraq, düşmənin psixoloji və zəka durumunu ciddi öyrənən erməni mütəxəssisləri bu şərhləri oxuduqca sevincləri yerə-göyə sığmır.

Böylə cahil və nadan, burnunun ucundan uzağı görə bilməyən rəqibi əzmək necə də asandır!

Həmin dövrdə də savadlı adamlar var idi, lakin cəmiyyət, öz təbinə uyğun siyasi lotuların və millət dəllallarının dalıyca yüyürürdü. Yüyürdü və Qarabağsız, hürriyyətsiz qaldı.

İndi müharibə təhlükəsi cox ciddidir. Rusiya hər iki tərəfi məharətlə növbəti qarşıdurmaya itələyir. Dovşana deyir qaç, tazıya deyir tut. Putin mahir cudoçu kimi geriyə çəkilir, naşı Azərbaycan çəkisini salır irəli tərəfə. Anı yetişəndə Rusiya yana çəkilib Azərbaycana badalaq vuracaq, yıxılacağıq. Rusiyanın “vasitəçi” statusu güclənəcək.

Qovğadan sonra dovşanın dovşan yeri, tazının tazı yeri möhkəmlənəcək.

Mən qarşımda müftə neft pullarından məst olmuş, tikililərimizin, avtomobillərinin bahalığından, xaricdən alınmış silahın çoxluğundan başı gicəllənmiş, özündən xeyli razı və gələcək qələbəmizdən xeyli müştəbeh vücudları və onların mənim təşvişimə həqarətlə yanaşmasını görürəm. Görürəm və yadıma mitinqlərinin böyüklüyündən, qarşılarında duran partokratların kütbeyinliyindən reallıq hissini itirmiş cahil cəbhəçilər düşür.

Mən əsla təslimçilik ruhu təşviq etmirəm. Əksinə, 1992-ci ilin avqust ayının 8-də bizi gözləyən qaçılmaz bəlaların təsvirini zərgər dəqiqliyi ilə verdiyim kimi, indi də müharibəyə sürüklənməyimizi Azərbaycan üçün növbəti tələ və məğlubiyyət sayıram. Mən bizi gözləyən ağır itki və sarsıntıları əvvəlcədən gürürəm və bunu sübut etməyə hazıram. Əksini deyən əsassız nikbinlərdən isə soruşmaq istəyirəm: son 30 ildə ölkəmizi idarə edən hakim zümrənin rəhbərliyi altında Azərbaycanın qazandığı bircə dənə uğur nümunəsi göstərə bilərsinizmi?

Xahiş edirəm Moskvada ali sovet rəhbərliyinin hakimiyyət və sərvət davası nəticəsində SSRİ-nin süqutunu və bütün sovet respublikaları kimi, Azərbaycanın da “müstəqil”ləşməsini mənə uğur kimi təqdim etməyəsiniz. Mən hadisələrin tam mərkəzində və içində idim və həmin hadisələrin əsl mahiyyəti barəsində istənilən qafil nikbinə azı 3 saat mühazirə oxuyaram ki, qəflət yuxusundan ayılsın. Bu barədə azı yüzlərlə məqalə ilə yanaşı, 650 səhifəlik kitab da yazıb çap etmişəm.

Xahiş edirəm ingilis və amerikan şirkətlərinin Xəzər neftini üçqat bahasına istismara və satışına başlamasını Azərbaycanın uğur hekayəsi kimi sırımağa çalışmayın, zira bu işlərdə bizim tərəf əsas oyunçulara münasib və mülayim şərait yaratmaqla məşğul idi və burada bizimkilərin hansısa böyük xidmətləri yoxdur.

Xahiş edirəm müftə neft pullarının göyə sovrulmasını, xeyli onqat baha başa gələn tikinti layihələrini və xalqın canından çıxarılıb xarici ağaların və yerli rüşvətxorların kefi üçün beynəlxalq müsabiqələrə və yarışlara xərclənmiş, tarmar edilmiş onlarla milyardları millətin uğuru kimi təqdim etməyəsiniz. Millət çoxdan oyaqdır və bu kimi xam nağılları dəxi yemir.

Xahiş edirəm hakimiyyətin sütül vətəndaş cəmiyyətimizi, özünə partiya deyən təsisatları satın almasını, əzməsini və bihal etməsini uğur kimi təqdim etməyəsiniz. Bu, uğur deyil, dövlətin böyük məğlubiyyətidir, sadəcə bunu qanmaq üçün insan orta əsr məxluqu deyil, müasir insan olmalıdır.

Mənə bircə dənə hakimiyyətimizin uğurlu və səmərəli işinin nümunəsini göstərin ki, mən ürəyimi yeməyim, sevinim və deyim, “insan namərd olmaz, düzə düz, əyriyə əyri demək lazımdır”.

Hakimiyyətimiz son 30 ildə sağlam və vətənpərvər dövlət quruluşu yarada bilibmi? Hakim zümrə indi tən yarıya bölünüb amansızlıqla hakimiyyət naminə, vətəni qarət etmək uğrunda boğuşur, hansı sağlam dövlətdən danışmaq olar?

Satqın məhkəmələr, müqəvva Milli Məclis, gülünc Nazirlər Kabineti uğur sayıla bilərmi?

İstisnasız saxta seçkilər dövlətimizi rüsvayi-cahan edib, siyasilərimiz hakimiyyət və pul naminə bunu tam məqbul sayır.

Neft Fondunun pulları nəinki gələcək nəsillərə saxlanılır, əksinə, qanunazidd olaraq hətta indiki nəslin payı acgözlüklə yeyilir.

Aqrar islahat adı ilə kəndlilərin torpaqları bir ovuc vəzifəli müftəxor və oğrunun çənginə keçmiş, bizdə latifundiyalar yaradılmışdır.

Sənayemizi viranə qoyublar, başdan xarab bir jurnalist bunu “paslı keçmişdən uğurlu xilas nüminəsi” sayır. Bu zaman ölkənin düçar olduğu texnoloji və texniki gerilik heç kimin ağlına gəlmir. Pul hamının gözünü kor edib.

Çıxıram küçəyə, gəlirəm avtobus dayanacağına, “Şəhər nəqliyyatının intellektual idarə edilməsi” layihəsinin məzar daşı sayılan işləməyən yekə dəmir gövdəli teleekranları görürəm. Hakimiyyətin fərsizliyinin daha bir sübutu...

Şəhərdə tikintisi yarımçıq qalmış, istifadəyə verilməmiş binaların təcili olaraq tamamlanması barədə prezidentin fərmanı çıxdı. Çıxdı və mən güldüm. Əmin idim ki, başqa fərmanları kimi, bu da icra edilməyəcək. Zira bu fərmanın icrası xeyli sayda vəzifəli oğruya ziyan vura bilərdi. Nə oldu? Fərman icra olunmadı. Olunmayacaq da. Prezident ətrafındakı özünün təyin etdiyi oğru məmurlardan asılı vəziyyətdədir.

Prezidentin təyin etdiyi icra başçıları kimdir? Xalqı əzən nadürüst məxluqlar, vətəni talan edən oğru və xain məmurlardır.

Onları necə və haradan tapırlar? Müşkül deyil, millətimizdə vicdanını pula satmağa hazır olan istənilən sayda şərəfsiz tapılar.

Belələri orduda da çoxdur. 2016-cı ilin aprel döyüşlərindən sonra nə oldu? Orduda neçə zabiti düşmənə işləmək ittihamı ilə həbs etdilər?

Tovuz döyüşlərində nə oldu? İtkilərin say nisbəti nədən xəbər verir?

Diplomatiya sahəsində itkilərimiz barəsində ayrıca yazmaq lazımdır. Ermənistan danışıq mövqelərini durmadan sərtləşdirir, rəqib həyasızlaşır. Dünən razı olduğuna bu gün razı olmur. Niyə? Dövlətimizin zəifləməsini, tənəzzülünü görür. Görür ki, 1990-ların sonunda qorxduğu baş vermir, Azərbaycan nəhəng neft pullarını dövlət quruculuğuna deyil, bir ovuc tüfeylinin eyş-işrətinə xərcləyir.

Əgər möhtərəm oxucu mənə hakimiyyətimizin bircə dənə uğur nümunəsini göstərə bilmirsə, məne-biçarə təşviş və nigarançılıq içində qalacağam, zira əksəriyyətdən fərqlı olaraq gələcəyi görə bilirəm.

Əminəm ki, biz barış potensialından tam istifadə etməsək, indi bizim xeyrimizə olmayan beynəlxalq rəyi müsbətə doğru dəyişə bilməyəcəyik. Əminəm ki, özündən razı hakimiyyət qurumları dünənə qədər əzdikləri, adam yerinə qoymadıqları vətəndaş cəmiyyətinin xadimlərini dəvət edib onların məsləhətinə qulaq asmasalar, Azərbaycanı böyük xatalar gözləyir.

Heç bir Türkiyə bizi bu halda xilas edə bilməyəcək. Necə deyərlər, “Xilas suda boğulanın öz vəzifəsidir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ih1j4j

Most Viewed