Bərdə sakini oğlunun müalicəsi üçün kömək istəyir

“Əgər əməliyyat olunarsa, Rəsulun 50-60 faiz görmə ehtimalı var”

Source: Specify Source


“Gözləri görsə, sərbəst yeriyə bilər”

“Oğlum dünyaya gələndən indiyədək doyunca sevincini yaşaya bilməmişik. Uşaq yarımçıq doğulmuşdu, çəkisi 1200 qram idi. Gəncədə xəstəxanada həkimlər küvəzdə saxlayırdı. Evə gətirəndən iki-üç ay sonra uşağın görmə qabiliyyətinin olmadığını hiss etdik, çox qorxduq, təcili həkimə apardıq”.

Bu sözləri Meydan TV-yə Bərdə rayon Hacallı kənd sakini Faiq Abdulrəhimov deyir. Söylədiyinə görə, azyaşlı oğlu Rəsul görmə qüsurludur:

“1982-ci il təvəllüdlüyəm, 2010-cu ildə evlənmişəm. İlk övladım qızdır, 8 yaşı var. Səhhətində heç bir problem yoxdur, sağlamdır. Rəsul 2018-ci ildə yarımçıq doğulub. Uşaq iki-üç aylıq idi, hiss etdik ki, sanki kordur, heç nə görmür. Oyuncaq göstərirdik, baxmırdı, gözləri çəpləşirdi. Təcili Bakıya gətirdik, çox həkimlərdə olduq. Xeyli müddət müalicə olundu. Azərbaycanda az qalsın, bütün tanınmış göz həkimlərinə göstərdik, dedilər ki, təcili xaricə aparıb, əməliyyat etdirmək lazımdır. Sonra dedilər ki, Tehranda əməliyyat olunsa, gözləri açılacaq. Gözün birini Tehranda əməliyyat etdirdik, uşaq təxminən beş aylıq idi. Əməliyyat olundu, oradakı həkimlər dedi ki, iki aydan sonra təkrar müayinəyə gəlin. Növbəti dəfə getdik, həkim baxıb, dedi ki, biz istədiyimiz nəticəni ala bilməmişik. Yəni həmin əməliyyatın heç bir nəticəsi olmadı. Burada sonradan həkimlər dedi ki, gərək əməliyyat olunmayaydı. İndi hər həkim bir söz deyir. Özümüz də çaş-baş qalmışıq. Hətta oftalmoloq-cərrah Tural Qəlbinur dedi ki, mən əl vura bilmərəm, amma uşaq təcili əməliyyat olunmalıdır. Onun da tövsiyəsinə görə bunun üçün Azərbaycandan kənara üz tutmaq lazımdır. Bir həkim deyir ki, gərək əl vurulmayaydı. Başqa bir həkim deyir ki, səhv diaqnoz qoyulub. Biri torlu qişanın qopması diqanozunu qoyur, başqa biri damar tıxanması deyir. Hərə bir söz deyir, qalmışıq belə”.

untitled_design__8_.png
azyaşlı oğlu Rəsul

Atanın sözlərinə görə, oğlunun əməliyyatına ukraynalı bir həkim razılıq verib. Bunun üçün isə böyük məbləğdə pul lazımdır. Əgər əməliyyat olunarsa, Rəsulun 50-60 faiz görmə ehtimalı var:

“Bizim kənddə bir kişinin qız nəvəsi var. Uşağın bir gözü görürdü, digərində boşluq idi. Ağla-qarasının yerində balaca ağ ət idi. Onun Odessada tanışı var idi, bir həkim tapdılar. Uşağı müayinə edib, deyib ki, düzələn deyil. Rəsulun kağızlarını ona göndərdik, razılıq verdi. Kök hüceyrə köçürmə əməliyyatı üçün otuz beş min manat pul lazımdır. Bizim elə bir imkanımız yoxdur. Ali təhsilim olsa da, ailənin tək övladıyam. İşləmirəm, kənd təsərrüfatı ilə məşğul oluram. Uşağın gözləri bu vəziyyətə düşəndən sonra iki ildir ki, davamlı olaraq Prezident Adminstrasiyasına, Heydər Əliyev Fonduna dəfələrlə teleqram vurmuşam, məktub yazmışam. Fonddan cavab gəlib ki, bizim xaricə göndərişimiz yoxdur. Azərbaycanda nə desəz edərik, amma xaricdə xəstələrin əməliyyatı, müalicəsi bizlik deyil. Buradakı xəstəxanaları tövsiyə etdilər. İş burasındadır ki, biz Fonda yazmazdan öncə, qorxumuzdan uşağı ölkənin ən yaxşı həkim və xəstəxanalarına aparmışdıq. Burada çarə olmadığı üçün, xaricə üz tutduq”.

Faiq Abdulrəhimov söyləyir ki, azyaşlıda beyin iflicinə bənzər narahatlıq varmış. Fiziki hərəkətləri məhdud imiş, hətta dil açıb danışmırmış:

“Avropada fəaliyyət göstərən həmyerlimiz vardı. Azərbaycana gəlmişdi, onunla görüşdük. Uşağa çox yaxşı müalicə yazdı, dərmanları xaricdən gətirtdik. İflici aradan qalxıb, əvvəl yeriyə bilmirdi. Amma indi əlindən tutursan, addım ata bilir. Əvvəllər heç danışmırdı, artıq “nənə”, “baba” deyə bilir. Yəni yeriməyinin qarşısını korluğu alır. Gözləri görsə, sərbəst yeriyə bilər. Həmin dərmanın bir qutusu bizə 550 dollara başa gəlir. İki kurs müalicə olunub. Hələ iki kurs müalicəsi qalıb. İmkanlı şəxslərdən övladıma kömək göstərməklərini xahiş edirəm. Çünki onun əməliyyatı yalnız Azərbaycandan kənarda mümkündür”.

image_from_ios (12).jpg
Tibbi rəy
Ana səhifəBölgəBərdə sakini oğlunun müalicəsi üçün kömək istəyir