Bayram Məmmədov

Source: Meydan TV

Caption: Bayram Məmmədov

Bayram Məmmədovun cənazəsi Bakıya gətirilir

Article was updated on :  8 May 2021

Vəkil araşdırmaya başladığını deyib

Türkiyədə vəfat edən azərbaycanlı fəal Bayram Məmmədovun nəşi sabah, mayın 9-da Bakıda dəfn olunacaq.

Bu barədə onun dostları sosial şəbəkədə məlumat paylaşıblar. Məlumata görə, gənc fəalın cənazəsi Azərbaycana bu gün, mayın 8-də gətiriləcək.

Bayram Məmmədovun türkiyəli vəkili Oğuzhan Topalkara ETHA saytına verdiyi açıqlamada bildirib ki, ölüm səbəbi hələlik dəqiq bilinməyən müvəkkilinin vəfatı ilə bağlı tam məlumat paylaşılmayıb. Ancaq həkimin deməsinə görə o boğulub.

Vəkil bildirir ki, o özü də gənc fəalın ölüm səbəbi ilə bağlı araşdırma başladıb və dəlil toplamaqla məşğuldur.

“Hələlik, ölümü ilə bağlı tam tibbi arayış hazırlanmayıb. Yəni ortada yazılı sənəd yoxdur. Odur ki, Bayram Məmmədovun ölümü ilə bağlı dəqiq nəsə söyləmək mümkün deyil. Amma polis arxivində bir günlük itkin elanı ilə bağlı məlumat var. Ancaq ölümü ilə bağlı rəsmi sənədin hazırlanması 2-3 ay çəkər”.

Bayram Məmmədovun ölümü ilə bağlı həqiqətləri araşdırdığını dilə gətirən Topalkara bildirib ki, hazırda o kamera görüntülərini toplayır. Eyni zamanda, şahidlərlə görüşərək dəlil toplamağa çalışır:

“Cənazəsini Azərbaycana aparacağıq. Ancaq bununla bağlı da bürokratik əngəllərlə üzləşmişik”.

Vəkil onu da bildirib ki, Azərbaycanda bir çox media Bayram Məmmədovun ölümünü “intihar” kimi qələmə alıb. Ancaq Türkiyədə bu barədə nəsə deyən yoxdur:

“Moda parkında çalışan işçilər var. Hadisəni görüblər. Onların deməsinə görə Bayram Məmmədov suya düşən başmağını çıxarmaq üçün dənizə girib. Daha sonra da boğulub. Üzə bilməyən sahil mühafizə xidmətinin əməkdaşı aidiyyatı qurumlara xəbər verib, ancaq onlar gələnədək Bayram Məmmədov suda boğulub”.

Sonda Oğuzhan Topalkara bildirib ki, Bayram Məmmədovun ölümünün tam səbəbi araşdırmanın nəticəsi bəlli olandan sonra bilinəcək:

“Qəzadırmı, deyilmi, hələlik dəqiq nəsə demək mümkün deyil”.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.

Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Onun cəsədinə yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  8 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/6r86e0

Most Viewed