Baş redaktorun şikayəti rədd edildi

Jurnalist çıxışında barəsində açılmış cinayət işinin istintaqını tənqid edib

Source:
İkram Rəhimov
İkram Rəhimov


Jurnalist çıxışında barəsində açılmış cinayət işinin istintaqını tənqid edib

Bakı Apelyasiya Məhkəməsi dekabrın 24-də “realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun apelyasiya şikayətinə baxılıb.

Şikayət jurnalistin evində, avtomobilində axtarış aparılması, götürülmə, kompüter və telefon yaddaşına baxış keçirilməsi ilə bağlıdır.

Bu barədə jurnalistin yaxınları Meydan TV-yə danışıb.

Bildirilib ki, məhkəmədə İ.Rəhimovla bağlı cinayət işinin istintaqını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi çıxış edib. O deyib ki, jurnalist barəsində cinayət işi açılıb, həmin cinayət işinin istintaqı çərçivəsində onun evində, avtomobilində axtarış aparılıb, götürülmə, kompüter və telefon yaddaşına baxış keçirilib. İstintaqın nümayəndəsi bütün bu prosedurların qanuna uyğun şəkildə həyata keçirildiyini məhkəmənin diqqətinə çatdırıb, şikayətin rədd olunmasını istəyib.

İ.Rəhimov isə onunla bağlı açılmış cinayət işinin heç bir qanuna uyğun olmadığını, qurama məzmun daşıdığını vurğulayıb.

“DTX mənim evimdən, kompüterimdən, evimdə götürmə, axtarış etməyib, onlar mənim evimdən, kompüterimdən oğurluq ediblər. Çünki götürmə və axtarış heç bir məhkəmə qərarı olmadan həyata keçirilib. Bu da o deməkdir ki, götürmə də, axtarış da Azərbaycanın qanunlarını pozmaqla həyata keçirilib. Buna görə də məhkəmə bizim xeyrimizə qərar verməlidir”

Jurnalist çıxışında barəsində açılmış cinayət işinin istintaqını da tənqid edib.

“Heç bir addım atmırlar. Həyata keçirilən hərəkətlərin də hamısı birtərəfli aparılır. Məni istintaq edən qurumun fəaliyyətində heç nə dəyişməyib. Burda Akif Çovdarovun (keçmiş Milli Təhlükəsilik Nazirliyinin hazırda həbsdə olan idarə rəisi) üsulu ilə istintaq aparılması davam edir”,- yaxınlarının deməsinə görə, İ.Rəhimov məhkəmədə belə deyib.

O, həmçinin ona açılmış cinayət işinin istintaqından narazı olduğunu, istintaqın gedişatı ilə bağlı Azərbaycan prezidentinə, ombudsmana şikayət göndərdiyini də vurğulayıb.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mirsaqulovun sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti rədd edib.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

Ana səhifəXəbərlərBaş redaktorun şikayəti rədd edildi