Bakı Apelyasiya Məhkəməsinin keçmiş hakimi məhkəmə zalında həbs olundu

Lətif Nəbiyev istintaq və məhkəmə dövründə həbsdə deyildi.

Source: Specify Source


Lətif Nəbiyev dələduzluqda təqsirləndirilir

Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin keçmiş hakimi Lətif Nəbiyev həbs olunub. Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, 8 il azadlıqdan məhrum edilib. İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası Lətif Nəbiyevin Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə təqsirli olması qənaətinə gəlib.

Lətif Nəbiyev istintaq və məhkəmə dövründə həbsdə deyildi. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Ona görə də hökm elan olunandan sonra məhkəmə zalında həbs olunub.

Sabiq hakim hökmdən əvvəl son sözündə özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, zərərçəkmişlərdən yalnız Rüstəm Abdullayevdən 10 min dollar alıb, onu da qaytarmağa hazırdı. İttihamda isə onun Rüstəm Abdullayevdən Kürdəmir, İsmayıllı kimi rayonlarda dövlət layihələrində iştirak etmək, tenderləri qazanıb, birgə iş görmək adıyla 60 min dollara yaxın pul aldığı iddia olunur. İttihama əsasən, digər zərərçəkmiş Azad İbrahimovdan isə Bakının Bilgəh qəsəbəsində dəniz kənarında torpaq sahəsi almaq adıyla 247 min 500 dollar pul alınıb.

"Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. İstintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Yalan deyir. Aramızda telefon danışıqları var", – zərərçəkmiş Azad İbrahimov bildirib.

Lakin keçmiş hakim deyir ki, Azad İbrahimovun pulu o zaman Əmlak Məsələləri Dövlət Komitəsində işləyən, sonradan isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini olan Əli Abdullayevə çatıb.

Prokuror Lətif Nəbiyevə 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Bir sıra siyasi motivli işlərdə, o cümlədən satirik Sakit Zahidovun (Mirzə Sakit) həbsində qərar vermiş Lətif Nəbiyev haqqında 2008-ci ildə Məhkəmə-Hüquq Şurası qərar çıxarıb. Statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verməkdə ittiham edilərək, onun səlahiyyətlərinə xitam verilib.

Ana səhifəSiyasətBakı Apelyasiya Məhkəməsinin keçmiş hakimi məhkəmə zalında həbs olundu