Azərbaycanın Avropa Məhkəməsi tarixçəsi

Azərbaycan ən çox 2016-17-ci illərdə cərimələnib

Foto: Meydan.TV


Azərbaycan qərarları icra etməyən ölkələrin sıralamasında 1-ci pillədədir

16 noyabr 2006-cı il – bu tarix Avropa Şurasının yeni üzvlərindən olan Azərbaycan üçün tarixi bir gün idi. Həmin gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş ərizəyə baxdı, mahiyyəti üzrə ilk qərarını elan etdi.

Söhbət 1992-1993-cü illərdə Azərbaycan Daxili Qoşunlarının komandanı olmuş Fəhmin Hacıyevin şikayətindən gedirdi. O, 1994-cü ildə həbs edilmişdi. Özünü günahsız hesab etsə də, məhkəmənin hökmü ilə 1992-ci ilin fevralında Qarabağda – Xocalı şəhərinin işğalı zamanı vəzifə səlahiyyətlərini aşmaqda və bir neçə hərbi cinayətlərdə suçlu bilinərək 15 il azadlıqdan məhrum edilmişdi.

Həbsdə olan keçmiş komandirin vəkili Qənirə İsgəndərova 2003-cü ilin yanvarında Avropa Məhkəməsinə şikayət etmiş, onun ədalətsiz mühakimə olunduğunu iddia etmişdi. Həmin vaxt Azərbaycan dövlətinin F.Hacıyevə 17 milyon manat təzminat ödəməsi istənilirdi. Şikayət icraata qəbul edildikdən sonra F.Hacıyev azadlığa buraxılmışdı.

AİHM şikayətə baxdı, Fəhmin Hacıyevin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıdı. Dövlətin üzərinə vəzifə qoyuldu ki, F.Hacıyevə mənəvi ziyana görə üç min, məhkəmə xərclərinə və digər məsrəflərə görə iki min beş yüz avro ödəsin….

…İlk qərar çıxana qədər Azərbaycandan AİHM-ə ümumilikdə 1500-dən artıq şikayət göndərilmişdi. Ancaq həmin şikayətlərin əksəriyyəti müraciət kriteriyalarına uyğun olmadığından icraata qəbul olunmamışdı. Cəmi 20 şikayət icraata götürülmüş, nömrə verilmişdi. Sonrakı illərdə isə Azərbaycandan göndərilən və icraata götürülən şikayətlərin sayında artım tendensiyası müşahidə edilməyə başladı.


2007-2011-ci illər…

2007-ci ildə Azərbaycandan göndərilən, baxılmasını gözləyən işlərin sayı 979-a çatmışdı. Həmin il Türkiyədən göndərilmiş 9150, Rusiyadan göndərilmiş 20300, Ukraynadan göndərilmiş 5800 şikayət baxılmasını gözləyirdi. 2007-ci ildə Azərbaycanla bağlı 7 qərar elan edildi. Həmin qərarlarda iddia edilən pozuntular tanındı – qərarların 3-də ədalətli məhkəmə araşdırması, 2-də toplaşmaq, effektiv müdafiə vasitələrinə malik olmaq, mülkiyyət hüquqlarının pozuntusu tanındı. 3 qərarda isə işgəncəyə məruz qalmamaq hüququnun pozulduğu vurğulandı.

Həmin il AİHM Ermənistana qarşı 5, Gürcüstana qarşı isə 13 qərar çıxarmışdı.

2008-ci ildə Azərbaycandan göndərilən, baxılmasını gözləyən şikayətlərin sayı artıq 1051-ə çatmışdı. Həmin il baxılmasını gözləyən Ermənistandan göndərilən şikayətlərin sayı 800, Gürcüstanın göstəricisi isə 2022 olmuşdu. Bu kateqoriya üzrə rekordçular Türkiyə (11000 şikayət) və Rusiya (27 250) idi. Ukrayna da onlardan geri qalmırdı – 8250 şikayət.

AİHM 2008 və 2009-cu illərdə Azərbaycanla bağlı 7 qərar qəbul etdi. Həmin qərarlarda iddia edilən pozuntular tanınmışdı, ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüquqları ən çox pozulan hüquqlar idi.

2010-cu ildə Azərbaycandan baxılmasını gözləyən şikayətlərin sayı 1254-ə, Gürcüstandan 2812-ə, Ermənistandan isə 923-ə qədər artdı. Lider ölkələr Rusiya, Türkiyə, Ukrayna idi. Ruminiya və İtaliya da bu sıraya qoşulmuşdu.

2010-11-ci illərdə AİHM Azərbaycana qarşı ümumilikdə 25 qərar qəbul etdi. İddia edilən pozuntular – azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, mülkiyyət və seçki hüquqlarının pozuntusu tanındı. Həmin illərdə AİHM Ermənistana qarşı 7, Gürcüstana qarşı 7 qərar qəbul etdi. Bu ölkələrdə pozulan hüquqlar ədalətli məhkəmə araşdırması hüququ idi…


AİHM-ə şikayətlər, qərarlar…

Ümumiyyətlə, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı mahiyyəti üzrə azı 220 qərar qəbul edib. Hazırda Azərbaycanla bağlı çıxarılmış məhz bu sayda qərar AİHM-in icra departamentinin nəzarəti altındadır. Bu günə qədər icra edilmiş hesab edilən qərarların sayı cəmi 37-dir. Həmin departament 37 qərarın icra edilməsi barədə yekun qərar verib.

AİHM yurisdiksiyasını qəbul edəndən bəri Azərbaycandan məhkəməyə cəmi 5 min 631 şikayət göndərilib. AİHM onlardan 3 min 246-nı qəbuledilməz sayıb. 356 şikayət üzrə (bəzən bir neçə şikayət üzrə bir qərar qəbul olunub) mahiyyəti üzrə qərarlar çıxarıb.

İndiyə kimi Gürcüstandan 6 min 108 (mahiyyəti üzrə 90 qərar), Ermənistandan isə 3 min 583 şikayət (106 qərar) göndərilib.

AİHM-ə tarixi boyunca isə cəmi 889 min 51 şikayət göndərilib. Həmin şikayətlərin 792 mindən çoxu qəbuledilməz sayılıb.

AİHM tarixində ən çox qərar Türkiyəyə qarşı qəbul edilib – 3532 qərar. Rusiyaya qarşı 2501, İtaliyaya qarşı 2396, Rumıniyaya qarşı 1434, Ukraynaya qarşı 1304, Polşaya qarşı 1166, Fransaya qarşı 1013 qərar qəbul olunub. AİHM Gürcüstan əleyhinə cəmi 90, Ermənistana qarşı isə 103 qərar qəbul edib. Ən az qərar Monako (3), Andorra (8) və Lixtenşteynə qarşı (9) çıxarılıb.


Azərbaycanda hansı hüquqlar daha çox pozulur (AİHM qərarlarının işığında)?

Burda ilk sırada ədalətli məhkəmə araşdırması hüququ gəlir. AİHM-in Azərbaycanla bağlı qərarlarında bu hüququn pozuntusu 85 dəfə tanınıb. Sonrakı sırada azadlıq və toxunulmazlıq hüququnun pozuntusu gəlir – 54 işdə. İşgəncəyə məruz qalmamaq hüququnun pozuntusu 31 qərarda tanınıb.

AİHM Azərbaycanla bağlı qərarlarında 32 dəfə mülkiyyət, 30 dəfə birləşmək, 8 dəfə effektiv müdafiə vasitələrinə malik olmaq, 7 dəfə yaşamaq, 5 dəfə ifadə azadlığı, 3 dəfə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusunu təsbit edib.

Elə hüquqular var ki, AİHM yurisdiksiyasına daxil olmasının 20 illiyi belə tamam olmasa da, Azərbaycan həmin pozuntular üzrə “lider” ölkələr sırasındadır. Hətta bəzi pozuntular üzrə birincidir.

Bu sırada seçki hüququnun pozuntusu daha qabarıq nəzərə çarpır. AİHM yurisdiksiyasına daxil olan ölkələrdən heç biri bu hüququ Azərbaycan qədər pozmayıb. AİHM indiyə kimi 23 qərarında Azərbaycanda bu hüquqa müdaxilə edildiyini təsdiqləyib. Bu hüququn pozuntusu üzrə Azərbaycan AİHM birincisidir.

Azərbaycanı 17 pozuntu ilə İtaliya, 11 pozuntu ilə Türkiyə müşayiət edir.

Azərbaycan birləşmək, toplaşmaq hüququnun pozuntusuna görə də öndə gələn ölkələr sırasındadır. Bu kateqoriyada ən çox pozuntuya yol verən ölkə Türkiyədir. AİHM 95 işdə Türkiyənin toplaşmaq, birləşmək hüququnu pozduğunu təsbit edib. İkinci sırada Rusiya gəlir. Bu hüququn pozuntusu üzrə şimal qonşuya qarşı 35 qərar çıxarılıb. AİHM 30 qərarında Azərbaycanda toplaşmaq, birləşmək hüququnun pozuntusunu tanıyıb.


10 min vətəndaşa düşən şikayət sayı…

Hər 10 min vətəndaşa düşən şikayət nisbətinə baxanda, Azərbaycanın durumunun o qədər də pis olmadığı nəzərə çarpır.

2015-ci ildə hər 10 min nəfərə düşən şikayət sayı 0.28 olub. Bu göstərici 2016-cı ildə 0.34, 2017-ci ildə 0.69, 2018-ci ildə isə 0.32 olub.

Hazırda bu kriteriya üzrə öndə gələn dövlətlər Moldova və Monteneqrodur. Monteneqroda son 4 ildə hər 10 min vətəndaşdan azı 2.5 nəfəri AİHM-ə şikayət edib. 2018-ci ildə isə hər 10 min nəfərə 5.11 şikayət göndərilib.

Moldovada hər 10 vətəndaşın payına 2,29 AİHM-ə şikayət düşür. Qonşu Gürcüstanda bu kriteriya üzrə stabillik nəzərə çarpır. Son 4 ilin göstəricisi: 2015-ci ildə 0,18, 2016-cı ildə 0,20, 2017-ci ildə 0,24, 2018-ci ildə isə hər 10 min vətəndaşa 0,27 şikayət…

Şikayətlərin dostca həlli kriteriyası üzrə Azərbaycana aid göstəricilər digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Hökumət, ümumiyyətlə, tərəflər şikayətlərin dostca çözülməsində maraqlı görünmürlər.

2016-cı ildə Azərbaycandan göndərilən şikayətlərdən 9-da tərəflər mübahisəni dostca cözüblər. 2017-ci ildə tərəflər 4 işdə qarşılıqlı razılığa gəliblər. 2018-ci ildə belə razılaşma olmayıb.

Şikayətləri dostca cözən ölkələr sırasında Macarıstan, Rumıniya, Türkiyə öndə gəlir. Rumıniya 691, Macarıstan 456, Türkiyə isə 205 işdə ərizəçilərlə qərardan əvvəl razılığa gəlib.


AİHM qərarlarının icra edilməməsi – rəqibsiz lider Azərbaycan…

AİHM qərarlarının icrasına görə, Azərbaycan məhkəmənin yurisdiksiyasını qəbul etmiş ölkələr sırasında ən pis göstəricilərə malik olanıdır. Azərbaycan qərarları icra etməyən ölkələrin sıralamasında 1-ci pillədədir. Azərbaycan indiyə kimi AİHM-in qəbul etdiyi qərarların cəmi 10,14 faizini icra edib. Qərarların 89,86 faizi icra edilməsini gözləyir.

İkinci pillədə Ukrayna gəlir – bu ölkə, qərarların 36,67 faizini icra edib. 3-cü sıradakı Rusiya isə AİHM-in bu ölkəyə qarşı qərarlarının 38,35 faizini icra edib. Ermənistan AİHM qərarlarının 37, Gürcüstan isə 33 faizini icra etməyib. Türkiyə qərarların 68 faizinə məsuliyyətli yanaşıb, onları icra edib.

AİHM qərarlarının icrasına ən çox diqqət göstərən ölkələr Estoniya və Böyük Britaniyadır. Estoniya qərarların 98, Böyük Britaniya isə 97 faizini icra edib.


Təzminatların məbləği – 8 ilə 3 milyon avrodan artıq…

AİHM-in son 7-8 ildə təyin etdiyi təzminatların ümumi məbləği milyardlarla (avro) ölçülür.

Məhkəmə 2011-ci ildə 72 milyon, 2012-ci ildə 176 milyon, 2013-cü ildə 135 milyon avro təzminat müəyyən edib. Təkcə 2014-cü ildə isə AİHM ölkələrin üzərinə ümumilikdə 2 milyard avro təzminat ödəmək yükü qoyub.

Bütün ölkələr üzrə təzminatın məbləği 2015-ci ildə 53, 2016-cı ildə 82, 2017-ci ildə isə 60 milyon avro olub.

Qeyd olunan məbləğlərlə müqayisədə AİHM-in Azərbaycan üçün müəyyən etdiyi təzminat yükü iri görünmür. Azərbaycan 2011-ci ildə 310, 2012-ci ildə 308, 2013-cü ildə 293, 2014-cü ildə 289, 2015-ci ildə isə 311 min avro cərimələnib.

Azərbaycan ən çox 2016-17-ci illərdə cərimələnib. 2016-cı ildə AİHM qərarları ilə Azərbaycan dövlətinin üzərinə ərizəçilərə ümumilikdə 815 min, 2017-ci ildə isə 817 min avro təzminat ödəmək vəzifəsi qoyulub. 2018-ci ildə bu məbləğ 186 min, 2019-cu ilin ilk 6 ayında isə 146 min avro olub.


Baxılmasını gözləyən şikayətlər – Azərbaycan liderlər sırasındadır

Hazırda AİHM-də on minlərlə şikayət baxılmasını gözləyir. 2019-cu il oktyabrın sonuna olan bilgilərə görə, baxılmasını gözləyən şikayətlərin cəmi sayı 60150-dir. Bu şikayətlərin 75 faizə qədəri 5 ölkənin payına düşür.

Rusiyadan göndərilmiş 14 min 600 şikayət baxılmasını gözləyir ki, bu göstərici AİHM-dəki şikayətlərin ümumilikdə 24 faizindən çoxdur. Sonrakı pillədə 8700 şikayətlə (14 faizdən çox) Türkiyə dayanır. AİHM-də baxılmasını gözləyən şikayətlərin 14 faizi (8650 şikayət) Ukraynanın, 13 faizi (7950 şikayət) Rumıniyanın, 5 faizi (3200 şikayət) İtaliyanın payına düşür.

Gözləyən şikayətlərin sayı baxımından Azəbaycan 6-cı sırada gəlir – 2 min 200 şikayət. Bu, AİHM-in şikayət yükünün 3.7 faizi deməkdir. Bu şikayətlərin 500-dən çoxu hazırda hökumətlə kommunikasiya edilir. Azərbaycanı gözləyən şikayətlərin sayı üzrə 2,9 faizlə Ermənistan izləyir.

Ana səhifəXəbərlərAzərbaycanın Avropa Məhkəməsi tarixçəsi