”Azərbaycanda narazıların sayı kifayət qədər çoxdur”

Arif Hacılı: ”Yaranmış vəziyyət ölkədə normal idarəçilik sisteminin mövcud olmamasındandır”

Source:
Mitinq
Mitinq


Arif Hacılı: ”Yaranmış vəziyyət ölkədə normal idarəçilik sisteminin mövcud olmamasındandır”


Prezident İlham Əliyev

fevralın 6-da Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişiklikləri ləğv etməsi müzakirə predmetinə çevrildi. Rəsmi məlumatda qərarın ləğvinə əsas səbəbin yerlərdən daxil olan müraciətlər göstərilib.

Bundan əvvəl prezident bloger Mehman Hüseynov haqda cinayət işinin xitam verilməsi barədə tövsiyə vermişdi, eyni zamanda, 11 min manat müavinət ala bilməyən şəhid anaları ilə görüşmüşdü, onların problemlərinin həlli haqda sərəncam imzalamışdı.

Son bir ayda baş verənlər bir sıra sualları gündəmə gətirib. Sosial şəbəkələrdə hakimiyyət doğrudanmı ictimai rəyi nəzərə alır, yoxsa “padşah yaxşı, ətrafı pis” fikrinin ictimai rəyə təlqin olunması sual edilir. Nəhayət, xüsusilə vurğulanır ki, ictimai rəyin nəzərə alınması prezidentin aşağı düşən reytinqinin qaldırılması məqsədi daşıyır. Bir sıra ekspertlər ictimai rəy deyəndə, nə üçün “Formula-1” yarışının vaxtının uzadılmasına qarşı olan münasibətin, yaxud siyasi motivlərlə həbs olunanlar və onlara verilən işgəncənin etiraz doğurmasının nəzərə alınmadığını sual edirlər. Çünki qeyd olunanlarla bağlı da yerli və xarici hüquq müdafiəçiləri, siyasi xadimlər, ictimai fəallar prezident qarşısında məsələ qaldırıblar.



“Padşah yaxşı, ətrafı pisdir” fikri ictimai rəyə təlqin olunur

Real Partiyasının Məclis rəhbəri Azər Qasımlı deyilən ehtimalları bölüşür:

“Doğrudan da “padşah yaxşı, ətrafı pisdir” fikri ictimai rəyə təlqin olunur. Ancaq bununla bərabər prezident özü də reytinqin çox aşağı olduğunu anlayır, əsas məsələ bundan ibarətdir. Düzdür, əvvəlllər də ölkə başçısının reytinqi aşağı olub, amma son aylar ciddi eniş var. 19 yanvar mitinqi və sosial şəbəkələrdəki fəallıq da bunları təsdiqləyir. Bunlar xüsusi indikatorlardır”.

Azər Qasımlı
Azər Qasımlı

Onun fikrincə, hakimiyyət bu cür davam edərsə, siyasi həyatın daha da canlanacağını anlayır, ona görə atılan addımlar ölkədəki problemlərin həlli, yaxud sistemin dəyişməsi istəyi ilə deyil, Əliyevin reytinqini qaldırmaq məqsədi daşıyır.

Hökumətlə prezident arasında problem yaranırsa, bu, ilk növbədə ölkə başçısının problemidir

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov bu məsələni şərh etməyin çətin olduğunu bildirib.

Onun fikrincə, əgər hakimiyyət görüntü yaradırsa, bu, ən azı sadəlöhv insanlara ünvanlıb.

“Çünki Konstitusiyada göstərilir ki, icra hakimiyyətinə prezident başçılıq edir. Baş nazir faktiki koordinatordur, yəni Rusiyadan fərqli olaraq hökumətin başçısı deyil. Rusiyada Baş nazirin müstəqil olaraq sərəncamlar vermək, insanları vəzifəyə təyin etmək və çıxartmaq hüquqları var”.

R.Mirqədirov xatırladıb ki, Azərbaycanda bu hüquqlar müstəsna olaraq prezidentə aiddir.

“Əgər hökumətlə prezident arasında problem yaranırsa, bu, ilk növbədə ölkə başçısının problemidir. Çünki hökuməti o təşkil edir. Hər bir naziri ayrı-ayrılıqda prezident təsdiq edir. Yalnız Baş nazir prezidentin təqdimatı ilə parlament tərəfindən təsdiq olunur. Ona görə də hökumətlə prezident arasında problemlərin olması mümkünsüzdür. Əksinə, prezident öz hökumətindən narazı ola bilər, bu halda onun hökuməti yenidən təşkil etmək üçün ciddi rıçaqları var”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi icmalçı güman edir ki, prezidentin ətrafında mühafizəkarlar və islahatçıların olması, onun isə bunların fövqündə olması görüntüsü yarada bilərlər. Bununla belə qeyd edib ki, ciddi təhlilçilərin bu tezisi qəbul etməsi inandırıcı deyil:

“Ola bilər prezidentin əhali arasında nüfuzunu qaldırmaq üçün piar addımlar ata bilərlər. Bu isə siyasi mübarizədə təəccüblü deyil, normaldır. Yəni prezident insanların qayğıları haqda düşünən müstəqil fiqurdur. Siyasi xadimlər öz reytinqləri barədə düşünməlidirlər”.

R.Mirqədirov hesab edir ki, Azərbaycanda hazırda etiraz potensialı yüksəkdir, narazıların sayı kifayət qədər çoxdur.

“Narazıların birinci hissəsi siyasi aktiv olanlardır, onlar prosesləri uzun müddətdir izləyir, mövcud problemlərin kökünü görürlər və sistemin dəyişməsinin vacibliyini həmişə deyirlər. Sistem dəyişməsə, yuxarıda duranların yerinə başqa insanlar da gətirilsə, ciddi keyfiyyət dəyişikliyi olmayacaq”.

Onun fikrincə, digər hissə kütlənin mütləq əksəriyyətini təşkil edir, onlar hadisələrin səbəbini fərdlərə bağlayırlar.

“Belə olanda da kütlənin əhval-ruhiyyəsi ilə manipulyasiya etmək mümkün olur. Kimlərdənsə pis, kimlərdənsə yaxşı müstəntiq obrazı yaradırlar. Məsələn, keçmiş Baş nazir Artur Rasizadə haqda heç kim pozitiv fikir işlədə bilməzdi. Ancaq o 20 ildən çox Baş nazir oldu. Əslində Rasizadə özünün çox əcaib bəyanatları ilə yadda qaldı, məsələn, duzlu xiyar açıqlaması ilə bütün nifrəti özünə cəmləşdirdi. Bu tip manipulyasiyalardan istifadə olunurdu”.

R.Mirqədirov hesab edir ki, cəmiyyətin düşüncə səviyyəsi gərək yüksək olmalıdır ki, belə oyunların iştirakçısına, qurbanına və subyektinə çevrilməsin:

“Amma real olaraq prezidentlə ətrafı arasında ciddi problemin olduğunu düşünmək sadəlövhlükdür”.

İdarəetmədən uzaq şəxs Baş nazir kimi məsul vəzifəyə gətirilməsəydi məsuliyyətsiz qərarlar verilməzdi

Müsavat Partiyasının başqanı Arif Hacılı yaranmış vəziyyəti ölkədə normal idarəçilik sisteminin mövcud olmaması ilə izah edir.

Onun sözlərinə görə, yalnız cəmiyyətdəki əhval-ruhiyyəyə, təpkilərə uyğun olaraq qərarlar qəbul edilir.

“Bu qərarlar ictimaiyyət tərəfindən açıq narazılıqla qarşılananda müəyyən korrektələr olur. Əgər normal idarəçilik sistemi mövcud olsaydı, əvvəla belə qərarlar verilməzdi, siyasi fəallar həbs olunmazdı, sonra da onlar barədə qərarların dəyişdirilməsinə ehtiyac yaranmazdı”.

A.Hacılı eyni zamanda vurğulayıb ki, iqtisadiyyatdan, idarəetmədən uzaq şəxs Baş nazir kimi məsul vəzifəyə gətirilməsəydi mənasız və məsuliyyətsiz qərarlar verilməzdi və son nəticədə həmin qərarın da ləğvinə ehtiyac qalmazdı.

Arif Hacılı
Arif Hacılı

Ancaq Müsavat başqanı müəyyən addımların müsbət qiymətləndirməyin mümkünlüyünü də vurğulayıb:

“Hakimiyyət xalqın iradəsi ilə hesablaşmağa borcludur. Mövcud hakimiyyətin davranışlarında xalqın iradəsi ilə hesablaşma qığılcımlarının görünməsi, çox xırda da olsa cəmiyyətin iradəsinə uyğun müəyyən addımların atılması müsbətdir. Görünür, hakimiyyət dairələri cəmiyyətdəki narazılığın miqyasından xəbərdardır. Xalqın iradəsi ilə hesablaşmamağın acı nəticələri ola biləcəkləri barədə düşündükləri üçün öz fəaliyyətlərində müəyyən redaktələr etmək məcburiyyətində qalıblar”.

Arif Hacılı hakimiyyətin xalqın iradəsi ilə hesablaşmağın davamlı, yoxsa müvəqqəti olacağı haqda suala belə cavab verdi:

“Bu, cəmiyyətin davranışarından asılıdır. Əgər xalq daha qətiyyətli mövqe tutsa, bu Vətəni və dövləti özününkü hesab edib hüquq və azadlıqları uğrunda fasiləsiz mübarizə aparsa, hakimiyyət də xalqın iradəsi ilə hesablaşmaq məcburiyyətində qalacaq”.

Ana səhifəXəbərlər”Azərbaycanda narazıların sayı kifayət qədər çoxdur”