Azərbaycanda futbol klubları niyə dağılır?

Pul çoxaldıqca, AFFA-nın idaretmə sistemində xaos yarandı, intriqalar böyüdü

Source:


Pul çoxaldıqca, AFFA-nın idaretmə sistemində xaos yarandı, intriqalar böyüdü

Futbol üzrə Azərbaycan çempionatında 2015/2016 mövsümü başa çatdı. İndi hər kəsi bir sual düşündürür: Növbəti mövsüm çempionatda neçə komanda iştirak edəcək, çempionat, ümumiyyətlə, baş tutacaqmı?


Maliyyə vəsaiti ayırmaq istəyənlər niyə yoxa çıxıb?

2015/2016 mövsümündə çempionatda 10 komanda iştirak edib. Əsasnaməyə görə mövsüm başa çatdıqdan sonra sonuncu pilləni tutacaq komanda elitanı tərk edir, onun yerini isə birinci dəstənin qalibi tutur. Qaydalara görə, çempionatı Lənkəranın “Xəzər Lənkəran” komandası tərk etməlidir, onu isə birinci dəstənin qalibi – Neftçalanın “Neftçala” klubu əvəz etməlidir. Ancaq ötən il də birinci dəstədə qalib olan “Neftçala” elitada oynaya bilməyəcək. Çünki AFFA-nın lisenziyalaşdırma qrupu bu komandaya lisenziya verməyib. “Neftçala” 2 ildir ki, elitada oynamaq üçün lisenziya ala bilmir. Lisenziya UEFA-nın tələbidir və komandalar elitada çıxış etmək üçün minimum şərtləri ödəməlidirlər – stadiona, sponsora sahib olmalıdır. Hər bir komanda elitada oynamaq üçün maliyyə təminatı verməlidir ki, çempionatın gedişində hər hansı bir problem yaranmasın. Ancaq “Neftçala” bu minimum şərtləri ödəyə bilməyib. Lisenziya üçün tələb olunan şərtləri isə ödəyə bilməyən təkcə “Neftçala” deyil. Lisenziyalaşdırma qrupuna “Neftçala” ilə yanaşı “Bakı” FK, “Xəzər Lənkəran” FK, “Qaradağ Lökbatan” FK, “Şərurspor” FK, “Turan Tovuz” FK və “Zaqatala” FK da müraciət etmişdi. Ancaq bu klublara da lisenziya verilməyib. Əsas səbəb də maliyyə təminatının olmamasıdır.

Maraqlı sual yaranır: Azərbaycanda neft pullarının dövr etdiyi bir vaxtda futbol klublarına maliyyə vəsaiti ayırmaq istəyənlər niyə yoxa çıxıb? Axı böyük biznesmenlər, oliqarxlar bu işdə maraqlı olmalıdılar. Çünki onların hər birinə neftdən pay düşür. Üstəlik, onların biznesdə “qara işlər”lə məşğul olduğu da bəllidir. Elə oliqarxlara, biznesmenlərə də “qara işlər”ini sığortalamaq üçün futbola yatırım etməyin özü də yaxşı sığorta vasitəsidir.


Mənsimovun məşhur frazası xatırlandı: “Tüpürüm sizin futbola”

Mübariz Mənsimov
Mübariz Mənsimov

Necə olur ki, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov “Xəzər Lənkəran”ın elitada çıxış etməsi üçün 1-2 milyon ayıra bilmir? Yaxud da, “Nurgün Motors”un sahibi Nuru Əliyevin  “Rəvan”ın elitada simvolik iştirakı üçün tələb olunan 500 min dolları yoxdur? Hələ bu harasıdır, futbol kluarlarında gəzən söz-söhbətlərə görə, avrokubok oyunlarından sonra “Qəbələ” də dağılacaq.  Fövqəladə hallar naziri Kəmaləddin Heyədrovun oğlu Tale Heydərovun prezidenti olduğu klubda böyük infrastruktur işləri görülüb. Qəbələdə müasir stadionlar tikilib, Futbol Akademiytası inşa edilib. İndi necə olur ki, Heydərov birdən-birə bütün bu layihələrdən imtina edir? Neftin ucuzlaşması, maliyyə vəziyyətinin pisləşməsi səbəbdir. Amma əsas səbəb də deyil. Əsas səbəb AFFA prezidenti Rövnəq Abdullayevin qurumda tətbiq etdiyi idarəetmə sistemidir. AFFA-da iki qrup mövcuddur. Bir qrupa AFFA prezidenti Rövnəq Abdullayev, digərinə isə qurumun vitse-prezidenti Elşad Nəsirov rəhbərlik edir. Abdullayevin qurumdakı sağ əli Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Nəsirovun adamı isə AFFA-nın baş katibi Elxan Məmmədovdur. Bu iki qrup arasında gedən qarşıdurmada zərbə klublara dəyir. Xüsusən də Rövnəq Abdullayevin qrupunun oynadığı “oyun” futbol təsərrüfatına böyük zərər vurur. Bir neçə həftə əvvəl Mübariz Mənsimov “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması ilə bağlı qərar qəbul etdi. Bundan sonra mətbuatda və sosial şəbəkələrdə “Palmali” şefinin 2013-cü ildə Azərbaycan kubokunun finalında keçirilən “Neftçi” – Xəzər Lənkəran” oyunundan sonra dediyi “tüpürüm sizin futbola” frazası bir daha xatırlandı.

Həmin oyunda Rövnəq Abdullayevin yaxın qohumu Sadıq Sadıqovun prezidenti olduğu (hazırda Cüdo Federasiyasında vitse-prezidentdir) “Neftçi”nin mühafizəçiləri və rəsmiləri “Xəzər Lənkəran”ın futbolçularını döymüşdülər. Özü də final oyununu izləmək üçün Mənsimovun Türkiyədən Azərbaycana gələn mötəbər qonaqlarının gözləri qarşısında. İndi söz-söhbət gəzir ki, Mənsimov elə o vaxtdan futbola maliyyə ayırmamaq barədə qərar qəbul edib və artıq bu qərarını gerçəkləşdirib. Mənsimov Rövnəq Abdullayevin idarəçiliyi dövründə futbol təsərrüfatından didərgin salınan nə birinci, nə də sonuncu şəxsdir.


Təzyiq altında və pulsuz olan Fuad Musayev Ramiz Mirzəyevə…

Klubların dağılmasında maliyyənin yox, idaretmənin əsas rol oynadığını sübut etmək üçün AFFA-nın əvvəlki prezidentlərinin də dövrünə qısa səyahət edək. AFFA-nın ilk prezidenti Fuad Musayev 2003-cü ilə qədər bu vəzifədə qalıb. Fuad Musayevin Azərbaycan hakimiyyətində sevilmədiyi hər kəsə bəlli idi. Ona böyük təzyiqlər vardı. Üstəlik, həmin ərəfələrdə Azərbaycana neft pullarının axını başlamadığından, futbol təsərrüfatında da kasıblıq idi. Ancaq buna baxmayaraq, 2003-cü ildə zorla istefaya göndərilən Fuad Musayev xələfi Ramiz Mirzəyevə 14 komandalı çempionat təhvil vermişdi.


O da Abdullayevə 14 komanda vermişdi

Ramiz Mirzəyev isə AFFA prezidenti postunda 2007-ci ilə – dünyasını dəyişənə qədər işlədi. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçildi. Mirzəyevdən də Abdullayevə 14 komandalı çempionat qaldı.

Rövnəq Abdullayevin gəlişi ilə futbol təsərrüfatına ağlasığmaz miqdarda vəsait axmağa başladı. Təbii ki, neftdən gələn gəlirlərin hesabına. Pul çoxaldıqca, AFFA-nın idaretmə sistemində xaos yarandı, intriqalar böyüdü. İntriqalar böyüdükcə, Rövnəq Abdullayevin komandasının incitdiyi klublar çoxladı. İnciklik artdıqca, çempionatımızda komandaların sayı azalmağa başladı. Abdullayevin AFFA-ya gəlişindən cəmisi bir il sonra – 2009/2010 mövsümündə elitada komandaların sayı 14-dən 12-yə endi.

2013/2014 mövsümündə isə çempionatda cəmisi 10 komanda qaldı. Artıq hər kəs futbol təsərrüfatından başını götürüb qaçırdı. Budur, 2015/2016 mövsümü bitib, 2016/2017 mövsümündə elitada şıxış etmək üçün 10 komandanı da tapmaq mümkün deyil.


Tahir Süleymanov: “Bunun kökündə yarıtmaz idarəçilik , futbolda təsadüfi adamların cəmləşməsi və yaltaqlıq dayanır”.

AFFA-nın idaretmə sisteminin iflic vəziyyətdə olması şəksizdi. Durumu nizamlamaq üçün qurumda ciddi kadr dəyişiklikləri aparılmalıdır. Aparılmasa, Azərbaycanda, ümumiyyətlə, futbol üzrə çempionat keçirmək mümkün olmayacaq. Futbol eksperti, “Neftçi”nin keçmiş vitse-prezidenti, AFFA-nın ilk prezidenti Fuad Musayevə müxalifətdə olan Tahir Süleymanov Meydan TV-yə verdiyi açıqlamada durumu belə şərh etdi:

Tahir Süleymanov
Tahir Süleymanov

“90-cı illərlə indini müqyisə etmək doğru olmaz. Paralelliklər aparmaq olar. O vaxt ölkədə anarxiya, müharibə hökm sürürdü.   1992-ci ildə çempionatda 26 komanda iştirak etdi. Bu, AFFA-nın əməyi yox, SSRİ-dən qalma komandalar idi. O dövrdə gənc olmağıma baxmayaraq, bu sayda komandanın güclülər dəstəsinə buraxılmasına qarşı çıxdım. Niyə? SSRİ-dən qalma 5-6 ustalardan ibarət klubumuz vardı. Və əlavə 20-30 komanda. Səviyyə fərqi çox kəskin seçilirdi. “Neftçi” və digər 5 kluba ən yaxşı halda 6 klubu qoşub 12 komanda ilə çempionata başlamaq lazım idi. Belədə səviyyəni qoruyub saxlamaq və 1-ci, 2-ci və hətta 3-cü liqa da yaratmaq olardı. Təəssüf  ki, belə olmadı. Bütün klubları bir yerə cəmlədilər. 5-6 sanballı klub 20 klubu arxasınca apara bilməzdi. Əksi baş verdi , çoxluq səviyyəli azlığı “yedi”. Bunun nəticəsi olaraq 90-cı illərin axırına yaxın bölgələrdə klublar dağılmağa başladı. Artıq 10-15 klub tapmaq mümkün deyildi. O illərdə də futbol idarəçiliyinə etirazlar həddindən artıq çox idi. Bütün bunlarla yanaşı, şərait çox ağır idi. Bölgələrdə elektrik, qaz, su yox dərəcəsində idi. Oyunlardan sonra  yuyunmağa belə isti su tapılmırdı. Müharibə olduğu üçün isə millimiz, ümumiyyətlə, rəsmi oyunları ölkə xaricində – Trabzonda  keçirirdi. Yalnız neftdən gələn gəlirlər – milyonlar yox, milyardlar fonunda 2004/2005 mövsümündə 18 komanda formalaşdı. Son 10-12 il bir daha onu sübut etdi ki, maliyyə nə qədər  önəmli olsa da , əsas idarəçilikdir. Futboldan anlayışı olmayan insanlar AFFA-ya axın etdi. Fuad Musayev özünə hörmət edən şəxsiyyət idi  və futboldan gedti. Amma həmin dönəmdə millilərdən tutmuş komitələrə qədər futbola “qulluq” edənlər bu gün də AFFA-da “çalışırlar”. Sanki hər şeyi “analiz” edib Fuad Musayevə yaltaqlıq edənlərin 90% -ni AFFA-da saxladılar. Yaltaqlar üçün rəhbərin kim olması və futbolun inkişafı önəmli deyil. Sözünü deyə bilən, inkişafa meylli futbol adamlarının demək olar ki, hamısı kənardadır. 90-cı illərdə futbolda inkişaf olmamasına görə  pulsuzluğu, şəraiti önə çəkə bilirdilərsə, indi heç kim heç bir bəhanə gətirə bilməz. Necə ola bilər ki, vəsait olmayanda da futbol inkişaf etməsin, milyardlar olanda da? Bunun kökündə yarıtmaz idarəçilik , futbolda təsadüfi adamların cəmləşməsi və yaltaqlıq dayanır”.

Ana səhifəAnalitikaAzərbaycanda futbol klubları niyə dağılır?