Azərbaycanda əhali koronavirus əleyhinə vaksinin vurulmasına razıdırmı?

İkinci üstünlük (17,6 faiz) Oksford Universitenin istehsalı olan AstraZeneca vaksinlərinə verilib.

Foto: Meydan TV


Sorğunun nəticələri: "Respondentlərin 26,8 faizi müsbət, 40,8 faizi isə mənfi cavablandırıb"

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti koronavirus infeksiyasına görə vaksin vurulmasının könüllü olmasını dəstəkləyir.

İqtisadçı Samir Əliyevin keçirdiyi sorğunun nəticələri belə deyir.

Sorğuda 250 nəfər iştirak edib. Onlar Azərbaycanda yanvarın 18-dən başlayan vaksinləşməyə münasibət bildiriblər. Sorğuda iştirak edənlərin hamısının yaşı 20-dən yuxarı olub və təxminən yarısı (47,2 faiz) 30-40 yaş qrupunun payına düşüb. Sorğu iştirakçılarının 0,8 faizi isə risk qrupu (65+) təmsilçiləri olub.

Samir Əliyev deyir ki, sorğu iştirakçıları arasında kişilər aktivlik təşkil edib. Cavab verənlərin 80,8 faizi bu cinsin payına düşüb: “​“Könüllü olaraq vaksin vurdurmağa gedəcəksinizmi?” sualına respondentlərin cəmi 26,8 faizi müsbət cavab verib. Respondentlərin 40,8 faizi isə mənfi cavablandırıb. Təxminən 1/3 respondent hələ qərar vermədiyini bildirib. Qadınların 43,3, kişilərin isə 26,2 faizi hələ gözlədiklərini göstəriblər”.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (72,8 faiz) vaksinləşmənin könüllü olmasını dəstəkləyib.

Rəyi soruşulanların cəmi 13,2 faizi məcburi vaksinləşmə tərəfdarı olub.

Samir Əliyev deyir ki, vaksinlərin istehsalçılarına gəlincə, respondentlərin yarısı (49,2 faiz) Pfizer-BioNTech vaksinlərini seçiblər.

Samir Əliyev
Samir Əliyev

İkinci üstünlük (17,6 faiz) Oksford Universitenin istehsalı olan AstraZeneca vaksinlərinə verilib. Hazırda Azərbaycanda tətbiq edilən CoronaVac vaksinini 13,2 faiz respondent dəstəkləyib.

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlanıb.

Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev də peyvənd olunublar.

Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu prosesdə birinci mərhələ fevralın 1-də başa çatmalıdır.

Peyvəndlər birinci mərhələdə risk qrupuna aid şəxslərə vurulmalıdır. Söhbət səhiyyə işçilərindən, 65 yaşdan yuxarı şəxslərdən və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.

İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda olanlara (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), ən az bir xroniki xəstəliyi olan 50 yaş, daha yuxarı şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır.

Rəsmi açıqlamaya görə, Azərbaycan əvvəlcə "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alacaq. Bu prosesin mərhələlərlə həyata keçirildiyi qeyd edilib.

Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.

İndiyədək Azərbaycanda ümumilikdə 228028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217617 nəfərin sağaldığı, 3044 nəfərin vəfat etdiyi açıqlanıb. Ən son açıqlanan məlumata görə, aktiv xəstə sayı 7367 nəfərdir.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Ana səhifəSosialAzərbaycanda əhali koronavirus əleyhinə vaksinin vurulmasına razıdırmı?