Meydan TV

Source: Foto: Meydan TV

Caption: Meydan TV

Azərbaycanda bloklanmış saytlara giriş imkanı yaradan resurslar da bağlana bilər

Ali Məhkəmənin Plenumu işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib

Azərbaycan ərazisində girişi əngəllənən internet resurlarına – Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzeti, Turan TV və “Azərbaycan saatı” proqramının saytlarına daxil olmaq üçün istifadə edilən başqa saytlar da bloklana bilər. Ali Məhkəmənin Plenumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlavə kassasiya şikayəti əsasında bu barədə qərar çıxarıb. Nazirlik tələb edir ki, ölkə ərazisində bloklanmış saytlara girişin mümkün olmaması üçün buna imkan verən başqa internet resursları da bloklansın.

Əslində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi hələ 2017-ci ilin aprelində 5 saytın bloklanması üçün məhkəməyə müraciətində bu məsələni qoymuşdu. İddia tələblərindən biri də bu idi ki, həmin saytlara girişə imkan yaradan internet resurslarına da giriş məhdudlaşdırılsın. Lakin o zaman Səbail Rayon Məhkəməsi bu hissədə iddianı təmin etməmiş, yalnız beş saytın bloklanmasıyla kifayətlənmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlamışdı.

Üstündən üç il keçəndən sonra nazirlik bu məsələni yenidən gündəmə gətirərək, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verib. Plenum da nazirliyin şikayəti əsasında əvvəlki qərarı ləğv edərək, iddianın tam təmin olunması məsələsinə baxılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə göndərib.

Lakin Plenumun iclası və çıxarılan qərar barədə işinə baxılan saytların rəhbərlərinə, onları məhkəmələrdə təmsil edən vəkillərə heç bir məlumat verilməyib. Ona görə də Plenumun iclasında onların heç biri iştirak etməyib.

Bloklanmış saytlardan bir neçəsi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Həmin şikayətlər üzrə Strasburqdan Azərbaycan hökumətinə artıq sorğular göndərilib.

Meydan TV də daxil olmaqla, sözügedən 5 sayta giriş Azərbaycanda 2017-ci il martın 27-dən məhdudlaşdırılıb. Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Səbail Rayon Məhkəməsində iddia qaldıraraq, həm 5 saytın, həm də bloklanmış saytlara girişə imkan verən digər internet resurslarına ölkə ərazisində girişin məhdudlaşdırılması barədə qərar çıxarılmasını istəyib. İddia ərizəsində göstərib ki, martın 27-də Baş prokuror Zakir Qaralov naziriliyə məktub göndərərək, bu beş saytda ölkənin təhlükəsizliyinə, dövlətçilik maraqlarına zidd materiallar yayımlandığını yazıb. Baş prokuror həmin materialları da konkret göstərib. Nazirlik də sözügedən məqalələri iddia ərizəsinə əlavə edib. Məhkəmədə məlum olub ki, söhbət hökumətinin sosial-iqtisadi siyasətinin tənqid olunduğu məqalələrdən, xarici mediada Azərbaycan iqtidarı barədə yayımlanmış yazıların, hesabatların tərcüməsindən, müxalifətin mitinqləri haqda materiallardan gedir. O da üzə çıxıb ki, iddia ərizəsinə əlavə olunmuş materiallar arasında martın 27-dən xeyli sonra yayımlanmış materiallar da var. Belə olan halda, Baş prokurorun martın 27-də həmin materialdan necə şikayətçi olması isə aydınlaşdırılmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ep9ncr

Most Viewed