Azərbaycan hökuməti UEFA-ya “hə” dedi

Bundan əlavə, UEFA-nın qərarında qeyd olunub ki, pandemiya ilə əlaqədar AÇ-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.

Source: Specify Source


Bakıda bu yay çox “isti” keçəcək

Koronavirus pandemiyası ortaya çıxandan insanların həyatı dəyişdi. Demək olar ki, pandemiyanın təsirinə məruz qalmayan hansısa bir sahə yoxdur. İdman, xüsusilə də, futbol koronavirusa “yoluxan” sahələrdən biridir. Ötən ilin yayında keçirilməli olan futbol üzrə Avropa çempionatı məhz pandemiyaya görə təxirə salındı. Yarışı keçirməli olan UEFA AÇ-2020 üçün yeni tarix müəyyənləşdirib. Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir və yarışa ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Hə, UEFA Avropa çempionatını keçirməkdə qərarlıdır. Amma hər şey o qədər də asan deyil.


UEFA azarkeşlərə “yaşıl işıq” yandırıb, amma…

UEFA bir neçə gün əvvəl koronavirus pandemiyası dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib. Bu barədə qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Yeni qaydalara əsasən, futbol oyunlarında azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

UEFA hələ ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi. Amma əksər ölkələrdə ümumiyyətlə, arenalara azarkeş buraxılmırdı və matçlar boş tribunalar qarşısında keçirilirdi. Bu dəfə isə qitənin ali futbol qurumu azarkeşlərlə bağlı məhduduyyəti tamamilə aradan qaldıran qərar qəbul edib. Yəni artıq azarkeşlərin stadionlara buraxılıb-buraxılmaması məsələsində qərarı yerli hökumətlər verəcək. UEFA azarkeşlərin stadionlara girişinə öz tərəfindən “yaşıl işıq” yandırıb.

UEFA, koronavirus “rüzgar”ının hələ də əsməsinə baxmayaraq, azarkeşlərin stadionlara geri dönməsi üçün çalışmağa, səy göstərməyə məcburdur. Bunun da sadə bir səbəbi var: Avropada əksər futbol klublarının əsas gəlir yerlərindən biri azarkeşlərdir. Azarkeş yoxdursa, futbolu kimin üçün oynayırsan? Azarkeş yoxdursa, qazanc da yoxdur. Elə buna görə də, pandemiya başlayandan Avropada tanınmış klublardan tutmuş, sıradan komandalara qədər, əksəriyyəti ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bir neçə gün əvvəl İsveçrənin “Syon” klubunun prezidenti Kristian Konstantin ölkəsinin mətbuatına üsyan dolu açıqlama vermişdi. Klub prezidenti koronavirus pandemiyasının futbol klublarına vurduğu zərərdən danışmışdı:

“Barselona” klubunun belə, bir milyard borcu var. Sunami gəlir, kimsə fərqində deyil. Artıq edə biləcəyimiz bir şey yoxdur. Futbol batır, hər kəs bir həll yolu var kimi davranır.

Növbəti mövsümdə futbol olacaq? Azarkeşlər yox, sponsorlar bu sahədən qaçır. Böyük fəlakətlə üz-üzəyik, hər şey parça-parça olmaq üzrədir”.

Elə təkcə bu açıqlama koronavirusun futbolu hansı vəziyyətə saldığını göstərir.


İspaniya və İrlandiya geri çəkilir

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, futbol üzrə Çempionlar Liqası, Avropa Liqasının oyunları keçirilir. Azarkeşsiz olsa da. İndi əsas məsələ keçən ildən təxirə salınan Avropa çempionatıdır. AÇ-2020-yə Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməlidir. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də, 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

AÇ-2020-yə ev sahibliyi edəcək ölkələrin futbol federasiyalarından bəziləri artıq oyunlarda azarkeşlərin iştirakı ilə bağlı tələbə münasibətlərini bildiriblər. Məsələn, İspaniya Futbol Federasiyası AÇ-2020-nin Bilbao şəhərində nəzərdə tutulan oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsini mümkün saymır. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yerli hökumətin tələbinə əsasən, iyunun 14-dək Bask bölgəsinin sakinlərinin minimum 60 faizi peyvənd olunacağı və yoluxma nisbəti 2 faizdən artıq olmayacağı təqdirdə stadiona tamaşaçılar buraxıla bilər.

Federasiyanın açıqlamasında bu şərtlərin yerinə yetirilmədiyi bildirilib. İspaniya Futbol Federasiyasının UEFA-nın çıxaracağı qərara görə məsuliyyət daşımayacağı qeyd olunub.

İspaniya ilə yanaşı, İrlandiya da AÇ-2020-yə ev sahibliyi hüququnu itirə bilər. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. İrlandiya Futbol Assosiasiyası Dublində keçirilməli olan oyunlarda azarkeşlərin iştirakını təmin etməklə bağlı UEFA-ya zəmanət verə bilməyib. UEFA Dublinlə bağlı son qərarı aprelin 19-da verəcək.


Bakı AÇ-2020-nin oyunlarını keçirməyə hazırdır!

Bəs Bakı? Azərbaycanın paytaxtı AÇ-2020-nin oyunlarını keçirməyə hazırdır? Artıq bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AÇ-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında qərar qəbul edilib. AFFA-nın rəsmi saytı bu barədə məlumat da yayıb:

“Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AÇ-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra – 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul

olunub

.

Bundan əlavə, UEFA-nın qərarında qeyd olunub ki, pandemiya ilə əlaqədar AÇ-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə). Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub”.

Belə… İndi qalır Bakıyla yanaşı, daha hansı şəhərlərin Avropa çempionatının oyunlarını keçirməyə razılıq verəcəyini gözləmək. Ola bilər ki, Dublin, Bilbao kimi şəhərlər oyunlara ev sahibliyi etməkdən imtina etsin, əvəzində Bakıda baş tutacaq AÇ-2020-nin matçlarının sayı artsın.

Ana səhifəSosialAzərbaycan hökuməti UEFA-ya “hə” dedi