Azərbaycan-Gürcüstan sərhədində minalanmış sahə uğrunda siyasi və literal münaqişə

Hər iki tərəf minanın təmizlənməsində istəkli görünmür

Source:
Azərbaycan-Gürcüstan sərhədi
Azərbaycan-Gürcüstan sərhədi


Hər iki tərəf minanın təmizlənməsində istəkli görünmür

Maşınla Tbilisidən bir saatlıq məsafədə yerləşən, böyük hissəsi Gürcüstan ərazisinə düşən minalanmış ərazi var. 25 ildən artıqdır ki, Gürcüstanın bu hissəsinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən effektiv şəkildə nəzarət olunur.

Beynəlxalq yardım agentliyi minaları təmizləmək istəyir. Bütün dünyada mina təmizləmə əməliyyatları ilə tanınan məşhur ingilis xeyriyyə təşkilatı “Halo Trust” 2005-ci ildən bəri ərazini minalardan təmizləməyə icazə almaq üçün Tbilisiyə müraciət edib. Maliyyə xərcləri üçün milyonlarla dollar ayrılıb. Ancaq nə Gürcüstan, nə də Azərbaycan bu işin tamamlanmasında istəkli görünür.

“HALO Trust” təşkilatının məlumatına görə, 1991-ci ildən etibarən Qırmızı Körpü kimi tanınan sərhəd keçid məntəqəsinin yaxınlığında yerləşdirilən minalar 13 nəfər yerli sakinin ölümünə səbəb olub. Yeraltı partlayıcılar rayonun 4400 sakini üçün daimi qorxu qaynağıdır.

Azərbaycan minaları qonşu Ermənistanla mübahisəli Dağlıq Qarabağ bölgəsi uğrunda müharibənin kəskin dövründə yerləşdirib. O dövrdə Gürcüstan birləşmiş paramilitar qrupların ölkənin böyük hissəsinə nəzarət etdiyi funksiyası olmayan bir dövlət idi.

Qarabağ müharibəsi 1994-cü ildə atəşkəs ilə başa çatdı. Azərbaycanın 2016-cı ildə öz tərəfini minalardan təmizləmə işini yekunlaşdırmasına baxmayaraq, Gürcüstan tərəfi minalanmış olaraq qalır.

2013-cü ildə 25 yaşlı çoban Sərxan Musayev piyada əleyhinə minaların üzərindən keçərkən ayağını itirib.

“Mən öləcəyimi düşünürdüm,” – Musayev “Eurasianet”ə bildirib.

“Yeganə düşündüyüm öldürülən qonşum Abdullah idi”.

Bu gün Musayev anası ilə birlikdə Qaçağan kəndində kiçik bir taxta evdə yaşayır. Şəxsi təsərrüfatları və hökumətdən aldıqları kiçik bir təqaüdə güvənsələr də, şəraitləri pisdir:

“Heç kim məni görməyə gəlmədi. Mən sadəcə bir televiziya kanalına danışdığımı xatırlayıram. Qırmızı Xaç mənə protez ayaq verdi və Gürcüstan hökuməti məni ayda sadəcə 100 lari ilə (38 dollar) təmin edir”.

Lakin Musayev Tbilisiyə deyil, Bakıya qəzəb duyur:

“Onlar özlərini kim hesab edir?” – deyə o çətinliklə gizlətdiyi qəzəbini büruzə verir: “Bura Gürcüstan ərazisidir!”

“JAM News” bu ilin əvvəlində Gürcüstanın Müdafiə Nazirliyinin adı açıqlanmayan keçmiş rəsmisinə istinadən bildirdi ki, Azərbaycan sadəcə bölgədəki minaları saxlamır, həm də bəzən əsgərləri sərhədi keçərək onları yoxlamaları üçün göndərir.

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü hələ də davam edir” – deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev (bir neçə gün öncə Hikmət Hacıyevin vəzifəsi dəyişib-red.) “Eurasianet”-ə bildirib:

“Bu sahə üç ölkənin sərhədlərinin kəsişməsində yerləşir və məsələ milli təhlükəsizlik tələbləri baxımından nəzərə alınır. Azərbaycan və Gürcüstan arasında bütün məsələlər dostluq və qarşılıqlı anlaşma şəraitində müzakirə olunub”.

Gürcüstan Xarici İşlər Nazirliyi şərh istəklərinə cavab verməyib.

Minalanmış ərazi 2.2 kvadrat kilometrlik sahəni əhatə edir. “HALO Trust” üç il müddətində minaların təmizlənməsinin 3 milyon dollara başa gələcəyini təxmin edir:

“Biz bu minalardan qorxuruq, onlar təhlükəlidir” – Qaçağanda kiçik bir məktəbin direktoru olan Hüseyn Hüseynov bildirib: “Biz uşaqlarımızın təhlükəsiz oynaya bilməsi və yaralanmaqdan qorxmayaraq təpələri ziyarət edə bilməsi üçün şərait yaradılmasını istəyirik”.

2016-cı ildə yerli sakinlər sərhəddən 800 metr uzaqlıqda nəqliyyat vasitəsi əleyhinə minalar aşkar edib. Valideynlər uşaqlarının yeri qazaraq partlayıcılarla oynayacaqlarından qorxurlar.

Minalar da müxtəlifdir. Məktəbin işçilərinin dediyinə görə, 2018-ci ilin yanvar ayında baş verən yanğın təxminən 28 minanın partlamasına səbəb olub. Heç kim yaralanmayıb. Ancaq bu hadisə əksəriyyəti etnik azərbaycanlılardan ibarət olan yerli sakinlərin Azərbaycanın düşməni Ermənistana işarə etməsinin qarşısını almadı.

“Bu yanğın Ermənistan tərəfindən başladıldı ” – məktəbin müəllimi İden Namazov dedi:

“Şübhə etmirəm ki, onlar bunu öz məqsədlərinə görə qurublar”.

Buna baxmayaraq, o, minalı sahəyə ehtiyac olub-olmadığını sorğulayır: “Minalar heç kimi qorumur. Əgər onlar bizi ermənilərdən müdafiə etmək üçün yerləşdirilibsə, bu, uğursuz olub. Çünki buna görə aramızda ölən və ya yaralananlar var”.

Yerli rəhbərlik dəstək verməyə uyğun mövqedə deyil. Hökumətin Qaçağandakı rəsmi nümayəndəsi Exmidzian Əliyev (Ekhmidzhian Aliyev) zəif işıqlandırılmış və tavanı su sızdıran çökmüş bir ofisdə oturur.

“Buradakı insanlar azərbaycanlıları onları yerləşdirməkdə, həmçinin Gürcüstanı da bunu təmizləməməkdə günahlandırır,” – o, “Eurasinet”ə bildirib:

“Nəhayət, qarşılaşa biləcəkləri təhlükələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdan başqa bu vəziyyətlə bağlı edə biləcəyim çox şey yoxdur”.

Əliyevin sözlərinə görə, minalar həmçinin yerli fermerlərin dolanışığına təhlükə yaradır. Onun qurumuna minalanmış sahədə mal-qaranın tələf olmasına səbəb olan 60-dan çox qəza xəbəri daxil olub.

Donor brifinqində deyilir ki, Azərbaycan xarici müdaxilələrə qarşı düşmənçilik edir. 2015-ci ilin avqustunda “HALO Trust” təşkilatı minalı sahələrin araşdırılması üçün Gürcüstan Müdafiə Nazirliyindən icazə aldıqdan sonra Azərbaycan təşkilatı əməliyyatdan imtina etməyə məcbur edib.

Şahidlərin dediklərinə və “Eurasinet” in izlədiyi brifinqə əsasən, “HALO Trust” işçiləri sərhəddən təxminən 50 metr məsafədə yerləşən minalı əraziyə yaxınlaşdıqda Azərbaycan əsgərləri tanklar və ağır artilleriya ilə hərəkətə keçib. Azərbaycanlılar hətta “HALO Trust” qrupunun Gürcüstan Xarici İşlər Nazirliyi və sərhəd polisi əməkdaşları ilə birlikdə hərəkət etməsinə baxmayaraq, onların ərazini tərk etməsini tələb edib.

Azərbaycan bu ittihamları rədd edir:

“Onlar həqiqəti əks etdirmir,” – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hacıyev bildirib.

İddia edilən hadisənin baş verməsindən bu yana Gürcüstan Müdafiə Nazirliyi sərhəd yaxınlığında bütün işlərini dayandırıb.

“Əgər minaları təmizləmək üçün icazə verilməsə, maliyyəşmə müddətindən dolayı “HALO” 2018-ci ilin sonunda Gürcüstanı tərk etməyə məcburdur,” – təşkilatın proqram meneceri İrakli Çitanava “Eurasianet”ə deyib.

Təşkilat ərazini tərk etdikdən sonra proqramın yenidən başladılmasının dəyərinin donorlara mane olacağını deyir.

Gecikməyə səbəb aydın deyil. Azərbaycanın qarşı çıxması ilə bağlı xəbər yayılıb. Bəzi mənbələr bunu “HALO” təşkilatının Azərbaycanın erməni qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərməsi ilə əlaqələndirir.

Eyni zamanda “HALO” donorlara Gürcüstan hökumətindən kifayət qədər dəstək almaması ilə bağlı şikayət edir. Ola bilsin ki, həqiqətən gürcülər minalanmış sahənin saxlanılmasında maraqlıdır.

“Minalar sərhədi daha təhlükəsiz edir” – deyə adının anonim saxlanılmasını istəyən yerli sərhəd polisinə yaxın mənbədən “Eurasianet”ə bildirilib.

Bu, Gürcüstanın qonşusu və müttəfiqi ilə olan yeganə sərhəd mübahisəsi deyil. 1996-cı ildə iki ölkə David Gareja Monastrı ətrafındakı sərhədi ayırmaq və demarkasiya etmək haqqında razılıq əldə edib. 2007-ci ilə qədər sərhədin yüzdə 70-i haqqında razılaşma əldə edilib. Ancaq o vaxtdan bəri az irəliləyiş olub.

Azərbaycan Qırmızı Körpüyə bitişik ərazidə yerləşdiyi üçün və monastırın ətrafında yerləşən təpənin strateji hündürlüyünə görə ərazinin hərbi əhəmiyyətli hesab edir. Yaxınlıqdakı qədim mağaralar da daxil olmaqla ərazinin ümumi sahəsi təxminən 25 kvadrat kilometrdir.

Məsələ ilə bağlı gərginliklər bəzən alovlanır. 2012-ci ildə Azərbaycan sərhədçiləri monastır kompleksinə turistlərin və keşişlərin daxil olmasına izin verməyib. Bu müdaxilə diplomatik böhrana gətirib çıxarıb və iki ölkə prezidenti Çikaqoda keçirilən NATO sammiti çərçivəsində məsələni müzakirə edib. Nəticədə gürcü keşişlərin geri qaytarılmasına icazə verilməsi haqqında razılıq əldə edilib.

Tbilisidə fəaliyyət göstərən azərbaycanlı jurnalist Əfqan Muxtarlının 2017-ci ildə oğurlanmasından sonra Azərbaycanın Gürcüstanın suverenliyinə qarşı təcavüzü yenidən həssas mövzuya çevrilib.

Gürcüstan enerjiyə görə Azərbaycandan asılıdır. (Azərbaycan Gürcüstanın təbii qaz ehtiyatının 90 faizini təmin edir). Bəzi hökumət tənqidçiləri Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR”-ın və ölkənin gürcü dilindəki adı Sakartvelonu birləşdirərək, Gürcüstanı “Sokartvelo” adlandırırlar.



Meydan TV “Eurasianet”-in İlqar Məmmədov haqqında

yazdığı

 məqaləni tərcümə edib.

Ana səhifəXəbərlərAzərbaycan-Gürcüstan sərhədində minalanmış sahə uğrunda siyasi və literal münaqişə