None

Source: 

AZAL Paşayevlərin biznesini qanadlandırır

Nə AZAL, nə də Bakı Beynəlxalq Hava Limanı reklam çarxının hazırlanması üçün satınalma müsabiqəsi elan etməyib

«Azərbaycan Hava Yolları» QSC bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq hava limanı üçün reklam çarxının hazırlanmasını «Nargis Magazine» və «Olive Media» şirkətlərinə tapşırmışdı. Dövlət mülkiyyətində olan aviaşirkətin hakim ailənin üzvlərinə məxsus media və reklam şirkətləri ilə işbirliyində olması qanun pozuntusu deyil. İşin qanunla uzlaşmayan tərəfi odur ki, tərəflərin xidmət müqaviləsini “qanunu yan keçməklə” bağladıqları ehtimal olunurdu.

“Tender keçirmək yada düşməyib”

Nə AZAL, nə də Bakı Beynəlxalq Hava Limanı bu reklam çarxının hazırlanmasından ötrü xüsusi satınalma müsabiqəsi elan etmişdi. Tərəflər arasında müqavilənin dəyəri də açıqlanmır. Meydan TV bu məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinə, eləcə də «Nargis Magazine» və «Olive Media» şirkətlərinin direktoru Ülviyyə Mahmudovaya müraciət etsə də, suallara cavab ala bilməyib.

Suallar isə çətin deyildi: 

- Videoçarxın hazırlanması üçün sifarişi hansı təşkilat verib? Onun hazırlanmasının məqsədi nədir və hansı auditoriyaya hesablanıb?

- Müqavilənin əsas icraçısı hansı şirkətdir? Onun icrasına başqa kommersiya təşkilatları da cəlb olunubmu?

- Tərəflər arasında bağlanmış müqavilənin dəyəri nə qədərdir? Müqavilə bağlanarkən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri gözlənilibmi?

Suallar cavabsız qoyulduğundan bu yaradıcılıq məhsulunun “Nargis Magazine”-in AZAL-la ilk, yoxsa növbəti əməkdaşlığın nəticəsi olduğunu ayırd etmək mümkün olmayıb. 

AZAL və Bakı Hava Limanı bu ilin avqust ayından başlayaraq sayı 30-u aşan satınalma müsabiqələri (tender və kotirovka sorğusu) təşkil edib. Qəbələ, Gəncə, Naxçıvan, Lənkəran, Zaqatala və Yevlaxdakı hava limanları hələlik bu prosesə qoşulmayıb. Bunadək aviaşirkət mal və xidmətləri “Dövlət satınalmaları haqqında” qanunun tələblərini gözləmədən əldə edirdi.

Başqa sözlə, nə alırdısa, təchizatçı tərəfi özü bildiyi kimi seçirdi. Hesablama Palatasının aviaşirkətdə apardığı yoxlamalardan sonra vəziyyət bir qədər dəyişib. Düzdür, AZAL Bakı hava limanı ərazisində daşınmaz əmlakın müsabiqəli şəkildə istifadə olunması, yerüstü xidmətlərin göstərilməsi və təyyarədə sərnişinlərə qida xidmətlərinin təqdim edilməsindən ötrü bir müsabiqə də belə olsun keçirməyib. Müstəqil jurnalist təhqiqatları ilə müəyyən olunub ki, AZAL bu işləri onun prezidenti Cahangir Əsgərovun ailə üzvlərinin payçı olduqları “Silk Way Holding” şirkətlər qrupuna daxil olan kommersiya təşkilatlarına həvalə edib. Hesablama Palatasının AZAL-a olan ən ciddi iradı da məhz bununla bağlı idi. Lakin istənilən halda, “buz yerindən tərpənib”.    

“Reklam çarxı neçəyədir? ”

İndiyədək elan edilən müsabiqələrin 28-nin başa çatdığı və müqavilələrin bağlandığı  açıqlanıb.  AZAL-ın bu satınalmaları 706 manatdan başlayır və 50 min manata çatır. Aviaşirkət və onun strukturuna daxil olan Bakı aeroportu elektrik kabelləri, lampalar, təsərrüfat və tikinti malları, dəftərxana ləvazimatı, kompüter və s. alınmasına 277,6 min manat, 19,2 min ABŞ dolları və 915 avro ödəyib. Onların arasında “Nargis Magazine” dərgisinin “Olive Media” reklam şirkəti ilə birgə hazırladıqları “Azərbaycan Hava Yolları” QSC-nin təqdimat video-çarxı yoxdur.

“Azerbaijan Airlines Commercial by Nargis Magazine” adlı reklam çarxı  AZAL-ın “Azerbaijan Airlines” Youtube kanalında yerləşdirilib. Onun təqdimatında deyilir ki, "Nargis Magazine" və Olive Media komandası “Azərbaycan Hava Yolları” üçün maraqlı reklam çarxı hazırlamışdır. Jurnalın baş redaktoru Ülviyyə Mahmudovanın rəhbərliyi ilə və ssenarisi əsasında çəkilmiş video çarxı diqqətinizə çatdırırıq”.

Maliyyə Nazirliyinin 2013-cü ilin may ayında qəbul etdiyi “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” qərarında  deyilir:

“Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5 (beş) min manat müəyyən edilsin”. 

Bundan başqa, nazirliyin qərarında o da tələb olunur ki, dövlət satınalmaları zamanı satın alınan xidmətlərin ümumi qiyməti 10,0 (on) min manatdan çox olduğu hallarda bu barədə bildiriş həmçinin, beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.

Bu, o deməkdir ki, AZAL videoçarxın satın alınması üçün 5 min manatın tələb olunduğunu hesablamıışdısa, işi görəcək şirkətin və ya fərdi sahibkarın seçilməsindən ötrü mütləq xüsusi prosedur – kotirovkalar sorğusu təşkil etməli idi. 

Meydan TV AZAL üçün hazırlanmış video-çarxın ehtimal olunan qiymətini müəyyən etməyə çalışıb. Ekspertlər bu intellektual məhsula fərqli qiymət - 5 min manatdan 50 min manatadək - qoyublar. 

“Bumeranq Yaradıcılıq Mətbəxi”nin kreativ direktoru İlkin Yusif çəkilişdə iştirak edən yaradıcı heyətin və digər şəxslərin qonorarını, istifadə olunan 3D qrafikanı və texnikanı nəzərə alaraq istehsal məsrəflərini, ən azı, 10 min manat qiymətləndirir. Amma onu da əlavə edir ki, işin neçəyə satılması tərəflər arasında bağlanan müqavilə ilə müəyyən olunur. Gənc film ustası Əziz Elxanoğlu bu çəkilişin büdcəsini 6-7 min manat qiymətləndirir. PR-menecer Afət Yaqubova da çəkilişin yüksək keyfiyyətini diqqətə alaraq onun AZAL-a aşağısı 50 min manata başa gəldiyini təxmin edir.   

Ülviyyə Mahmudova

Ülviyyə Mahmudova

“Mədəniyyət və Turizm Nazirliyinin işini Nərgiz Paşayevanın qızı görür”

AZAL Ülviyyə Mahmudovaya aid olan şirkətlərə xüsusi imtiyazlar verən yeganə dövlət təşkilatı deyil. Bakıda təşkil olunan konsert və teatr tamaşalarına bilet satışından gəlir də bu xanıma məxsus olan şirkətə çatır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə elektron xidmət növlərinin siyahısı  təsdiq edilib. Siyahıda göstərilir ki, Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışını nazirliyin özü təşkil edir. Lakin hökumətin bu qərarı qəbul etməsindən 5 il keçməsinə baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyinin internet resursundakı elektron xidmətlər bölməsində belə bir xidmət yoxdur. Dövlət Xidmətləri Portalında qeyd olunur ki, dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda keçirilən mədəni tədbirlərə biletləri Mədəniyyət və Turizm Nazirliyi satır. Lakin elə buradaca göstərilir ki, xidmət elektronlaşmayıb.

Təsdiq olunmuş elektron xidmətin reqlamentinə əməl olunsaydı, vətəndaşlar elektron bileti aşağıdakı qaydada əldə edəcəkdilər:

“İstifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanının "Elektron bilet satışı" bölməsində qeydiyyatdan keçərək sistemə daxil olur. Açılan pəncərənin axtarış bölməsində gediləcək mədəni tədbiri, oturacağın sırasını müəyyən edir, onu işarələyir, "qeydə alınsın" düyməsi sıxılır, "ödənilməsi" düyməsi sıxır və növbəti pəncərədə ödəniş kartının sahibinin, adı və soyadı, kartın nömrəsi, bitmə tarixi, 3 rəqəmli CVV2/CVC2 kodu qeyd olunmaqla, ödəniş aparılır”.

Lakin nazirlik bu xidməti ictimaiyyətə məlum olmayan səbəblərdən təqdim etmir. Əvəzində bu işləri “UR Stayl” MMC artıq neçə ildir ki, icra edir. Şirkətin fəaliyyəti “ASAN Xidmət” mərkəzlərinə də inteqrasiya olunub. Bildirilir ki, mədəniyyət tədbirlərinə (teatr və konsert) biletlərin satışı xidməti “URStyle” şirkəti tərəfindən həyata keçirilir. Şirkətə bilet satışını təşkil etmək üçün Bakıda 1, 2, 3 və 4 saylı və Sumqayıt “ASAN Xidmət” mərkəzlərində lazımi şərait yaradılıb. Şirkətin sosial şəbəkələrdəki səhifəsində onun Bakı şəhərində təşkil olunan mədəni-kütləvi tədbirlərə bilet satışı üzrə vahid sistemin yönəldicisi olduğu vurğulanır. Bundan başqa, elektron bilet satışı üzrə iticket.az portalını da bu şirkətin idarə etdiyini ehtimal etmək olar. Hər halda bu internet səhifəsi “UR Stayl” MMC-nin direktoru Ziya Vilayət oğlu Məmmədovun adına qeydə alınıb.    

“Biznes isə genişlənir”

Artan “dövlət dəstəyi” fonunda Ülviyyə Mahmudovanın biznesi inkişaf etməkdədir. Vergilər Nazirliyi iyulun 7-də «150 Bar and Grill» və «Ay Qonşu» MMC-ləri qeydə alıb. Bu haqda məlumat bugünlərdə «Vergilər» qəzetində açıqlanıb. Qurulan hər iki yeni şirkət bundan öncə açılmış eyniadlı restoranların yönəldilməsi ilə məşğul olacaq. Hər iki şirkətə Ülviyyə Mahmudova özü rəhbərlik edir. 

«150 Bar and Grill» restoranı 7 ildir müştərilərə xidmət göstərir. Onun yaxınlığındakı «Ay Qonşu» restoranı isə bu il açılıb. Geniş sahələri olan bu iaşə obyektlərinin dizayn və tərtibatından görünür ki, onlar sahibəsinə ucuz başa gəlməyib. 

Restoranlar Bakıda, İzmir küçəsində yerləşsələr də, Səid Rüstəmov küçəsi, ev 25 ünvanında qeydiyyatdadırlar. Bu evdə 2013-cü ildə təsis edilmiş «Kofoso» şirkəti də qeydə alınıb. Həmin şirkətin direktoru Natali Səfərovadır. Bu xanım həm də Ülviyyə Mahmudovanın təsisçisi olduğu və 2013-cü ildən fəaliyyət göstərən «Nargis» xeyriyyə fondunun maliyyə direktorudur.

Media 2015-ci ildə Türkiyənin şirkətlər reyestrinə istinadən yazırdı ki, Ülviyyə Rəhmanovanın (keçmiş həyat yoldaşının soyadıdır) İstanbulda «Nargis Restaurant İşletmeciligi Gida ve Turizm Sanayi Ticaret Limited» şirkəti də var. 

“Biznesə daha bir neçə şirkət daxildir”

Azərbaycanın kommersiya təşkilatlarının reyestr məlumatlarına görə isə xanım Mahmudova həm də  «Robinson and Friday», «Olive ADS», «Karvansaray 2010», «Olive Project» və «Yan» MMC-lərə təsisçi və ya direktor kimi aidiyyatı var. Bu şirkətlərin çoxu Əliyar Əliyev küçəsi, 26 nömrəli evdə qeydiyyatdan keçib. Bu binadakı eyni mənzildə daha üç şirkət («Stepo Group» MMC, «Karvan Trading Group» MMC və «A and J Services» MMC) var. Amma araşdırma gedişində onların Ülviyyə Mahmudovaya bağlayan tellərin hüquqi ünvandan başqa daha nələrin olduğunu aşkar etmək mümkün olmayıb. 

“Atelyenin direktoru komitə sədrinin qızıdır  ”

«Jan» şirkəti eksklüziv geyimlərin tikiş atelyesidir. Onu bir neçə təsisçisi olduğu bildirilir. Atelyeyə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova rəhbərlik edir. Ü.Mahmudovanı K.İbrahimova ilə müxtəlif moda sərgilərində  birlikdə görmək olur. Dizayner Kəmalə İbrahimovanın özünün isə şəxsi «DeCamie Boutique» atelyesi var.  

Ülviyyə Mahmudova biznesdəkı bacarıqlarını və uğurlarını gizlətmir, yeri gəldikcə sosial şəbəkələrdə, nəzarətində olan media resurslarında paylaşır.

Azərbaycan Vergilər Nazirliyi yanında Kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası

Azərbaycan Vergilər Nazirliyi yanında Kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/4qhlvz

Most Viewed