AZAL-ın ''açıq səması''

Avropaya pəncərə nə zaman açılacaq?

Aviasiya sahəsində açıq səma anlayışı. Azərbaycan səmasını xarici aviaşirkətlər üçün qapalı saxlamaq məqsədi ilə bir zamanlar ictimaiyəti bu anlayışla qorxudub, az qala milli təhlükəsizlik məsələsi səviyyəsinə qədər qaldırmışdılar.

Əslində isə səmasını açıq elan edən ölkələrin vətəndaşları bunun müsbət tərəflərini birbaşa olaraq öz üzərilərində hiss edirlər. Açıq səma haqqında müqavilə, sənədi imzalayan tərəflərin biri-birilərinin aviaşirkətlərinə xüsusi icazə tələb edilmədən ölkəyə uçuşlar təşkil etməsini nəzərdə tutur.

Hazırda baş verən proseslər isə göstərir ki, Azərbaycan vətəndaşları Avropa ölkələrinə ucuz qiymətlərlə uçuş şansını itirmək üzrədirlər. Artıq uzun müddətdir ki, Avropa İttifaqı Azərbaycana aviasiya müqaviləsi təklif edib. Tərəflər dəfələrlə danışıqların davam etdyini bildirsələr də, prosesin hansı mərhələdə olması barədə məlumat vermirlər. Bundan bir nəticə çıxarmaq olar ki, danışıqlar nəticə vermir.

Təsadüfi deyil ki, bir müddət bundan əvvəl Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas jurnalistlərlə söhbətində Aİ-nin danışıqları birtərəfli qaydada dayandıra biləcəyi ehtimalının nəzəri cəhətdən mümkün olduğunu bildirmişdi:

“Nəzəri cəhətdən danışıqların nəticəsizliyi səbəbindən Avropa İttifaqı birtərəfli qaydada prosesi dayandıra bilər. Amma hazırda biz bu variant barədə düşünmək belə istəmirik”, - K.Yankauskas deyib.

O qeyd edib ki, 2019-cu ilin fevralında Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat məsələləri müzakirə ediləcək və bu danışıqların mərkəzində aviasiya haqqında saziş olacaq.

“Azərbaycan regionda nəqliyyat mərkəzi olmaq istəyir. Amma aviasiyasız bu mümkün deyil”, - diplomat bildirib.

Dolayısı yolla, avropalı diplomat Avropa İttifaqının səbrinin limitsiz olmadığını və nə zamansa üz döndərə biləcəyini deyib.

Aviasiya müqaviləsini Avropa İttifaqı Azərbaycana ilk dəfə 2013-cü ildə təklif edib. Bir müddət danışıqlar getsə də, sonradan dayandırılıb.

Növbəti dəfə danışıqlar 2017-ci ildə bərpa edilib və bu günə qədər davam etdirilir. Bu zaman ərzində Cənubi Qafqazın digər iki dövləti olan Gürcüstan və Ermənistan Avropa İttifaqı ilə bu müqaviləni imzalayıblar və hazırda həmin ölkələrin vətəndaşları müqavilənin üstünlüklərindən yetərincə bəhrələnirlər və Avropanın bir çox şəhərinə ucuz qiymətlərlə uçurlar.

Mətbuatda və sosial şəbəkələrdə yazılanlara görə hər ötən il Gürcüstanın aeroportlarından istifadə edən Azərbaycan vətəndaşlarının sayı artır ki, bunun da səbəblərini anlamaq elə də çətin deyil.

Aviasiya müqaviləsi ətrafında söz-söhbətlər barədə bir müddət əvvəl “Turan” agentliyinin təhlili yazısında qeyd edilmişdi ki, sənəd səmada monopoliyanı rədd edir, şirkətlərə sərbəst və əlavə şərtlər olmadan uçuş təşkil etmək imkanı yaradır. Bundan başqa, Avropa milli aviadaşıyıcıya (bizim halda söhbət AZAL-dan gedir – müəllif) dövlət tərəfindən verilən subsidiyaların zaman keçdikcə azaldılması və son nəticədə dayandırılmasını istəyir.

Əsas şərtlərdən biri də milli aviadaşıyıcının və aeroportun eyni əldə cəmləşməməsidir. Agentliyin yazdığına görə, Azərbaycan belə bir hal yaşanan yeganə Avropa ölkəsidir. Aeroportun müstəqil qurum kimi formalaşdırılması aviaşirkətlər üçün əlavə imkanların yaradılması deməkdir. Belə olan halda aeroport çoxlu sayda aviaşirkətin cəlb edilməsində özü maraqlı olur.

Bütün bunlara AZAL statistik rəqəmlərlə cavab verməyi xoşlayır.

Belə ki, dekabrın 26-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti Azərbaycanın hava məkanından istifadə edilməsi baxımından rekord göstərici qeydə alındığını bəyan edib.

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə etmişdir. Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olub. Sutka ərzində rekord say 500 reys təşkil edib. Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınıb”.

AZAL-ın məlumatına görə, hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur.

Digər bir məlumata görə isə 2018-ci ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 4,1 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 9 faiz çoxdur.

Əslində elan edilən rəqəmlərin yoxlanılması imkanı olmadığından onların düz və ya səhv olması barədə fikir yürütmək mümkün deyil. Amma Bakıya hansı aviaşirkətlərin uçduqlarını nəzərə alsaq, təxmin etmək olar ki, sərnişinlərin və uçuşların saylarında rekordlar Fars körfəzi və ərəb ölkələrindən olan sərnişindaşınmanın hesabına qeydə alınır. Bu istiqamət Azərbaycan vətəndaşları üçün elə də populyar olmadığından demək olar ki, rekord sayda göstəricilərin də Azərbaycan vətəndaşlarına aidiyyatı yoxdur.

Belə başa düşmək olar ki, bu göstəricilər AZAL-ın uğurlu marketinq siyasətinin deyil, ümumi olaraq Azərbaycanın turizm strategiyasının nəticəsidir. Belə ki, adıçəkilən ölkələrin vətəndaşları üçün viza proseduru həddən artıq sadələşdirilib və onlar Azərbaycan vizasını Bakıda aeroportda ala bilərlər. Qısası, ümumi turizm hədəfi olmasaydı, AZAL da bu ölkələrin loukoster şirkətlərini Azərbaycana buraxmazdı və bu statistika da əldə edilməzdi. Bunun sübutunu biz Avropa istiqamətində olan uçuşlarda görürük.

Ölkəyə uçuşlar təşkil edən aviaşirkətlərin sayı hər il azalmaqda davam edir və hazırda demək olar ki, minimuma enib. “KLM”, “Avstriya hava yolları”, “British airways” və digərləri Bakı istiqamətindən imtina ediblər.

Bir neçə il bundan əvvəl prezident İlham Əliyevin tənqidindən sonra hökumətyönlü media AZAL-ı kəskin tənqid etməyə başladı. Əsas mövzu Bakıdan uçuşlar üçün biletlərin baha qiymətə olması, digər şirkətlərin Azərbaycan səmasına buraxılmaması idi. Əvəzində AZAL bir sıra media orqanlarında reklamçı rolunda çıxış etməyə başladı, müxtəlif kampaniyalar keçirdi, tənqidçi blogerlər üçün xarici ölkələrə press turlar təşkil etdi. Media və sosial şəbəkələrdə tənqid nəzərəçarpacaq dərəcədə azaldı. Kampaniya xarakteri daşıyan proses bitdi və AZAL rahat nəfəs alaraq, monopolis siyasətini davam etdirdi.

2018-ci ilin noyabr ayında isə AZAL prezidenti Cahangir Əsgərov şirkətin açıq səma ilə bağlı müqavilədən qorxmadığını bəyan etdi. Audit şirkəti olan “KPMG” Azərbaycanın nümayəndələri Fərid Baxşıyev və Andrey İvanovla Cahangir Əsgərovun görüşü barədə AZAL-n mətbuat xidmətinin məlumatında deyilir:  

“Cahangir Əsgərovun sözlərinə görə, belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə “Open Skies” müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. “Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir”,- deyə “AZAL”ın prezidenti bildirmişdir”.

Prosesdə kənar müşahidəçi qismində deyə bilərik ki, sözdə bir çox şeyləri bəyan etmək olar. Amma reallıq AZAL prezidentinin dediklərinin əksini göstərir. Avropaya Bakıdan birbaşa üçüş edən hazırda yalnız “Lufthansa” və loukoster olan “Wizzair” şirkətidir. Bəyanatın boş söz olmayıb, real işə söykəndiyini sübut etməyin isə tək bir yolu var – Avropa İttifaqı ilə aviasiya sazişi ətrafında danışıqları qısa müddətdə bitirib, sənədi imzalamaq. Əks təqdirdə Azərbaycan səmasını Avropa şirkətlərinin təyyarə mühərriklərinin səsi deyil, Cahangir Əsgərovun boş bəyanatları silkələyəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ojwwek

Most Viewed