AXCP: Əli Kərimlinin “Whatsapp” və “Telegram” hesabları ələ keçirilib

“Baş verənlər dövlət səviyyəsində kiber cinayətkarlıqdır”

Source: Meydan TV


“Baş verənlər dövlət səviyyəsində kiber cinayətkarlıqdır”

AXCP sədri Əli Kərimlinin “Whatsapp” və “Telegram” hesablarının hakimiyyətin hakerləri tərəfindən ələ keçirildiyi bildirilir.

Partiyanın bununla bağlı yaydığı bəyanatda deyilir ki, bundan ötrü “Azercell” mobil operatorunun “xidmət”indən yararlanıblar.

“Sözügedən mobil operator Əli Kərimliyə məxsus hesablara giriş kodlarını hakerlərə göndərib. Mesajlar tələb olunmadığı halda Əli Kərimliyə də göndərilib. Əli Kərimli bu kodları tələb edə bilməzdi çünki hesablara girmək üçün internet imkanı yox idi”.

Bəyanatda daha sonra deyilir ki, hakimyyət orqanları davamlı olaraq AXCP üzvlərinin “Facebook” hesablarına hücumlar təşkil edirlər.

“Hakimiyyət hakerləri bir neçə cəbhə üzvünün hesabına eyni hücumları edib və bəzi hesabları ələ keçiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, bütün bu qanunsuz əməllərin məsuliyyəti siyasi hakimiyyətin üzərinə düşür. Bəyan edirik ki, baş verənlər dövlət səviyyəsində kiber cinayətkarlıqdır”.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə isə, “Azad Söz” internet kanalı ilə əməkdaşlıq edən reportyor Teymur Kərimov Əli Kərimlidən müsahibə götürdükdən sonra döyülüb.

“Aprelin 20-də, gündüz o, həmkarı ilə birlikdə Əli Kərimlinin evində siyasətçi ilə müsahibəni videoya çəkib. 15:30-da binadan çıxarkən 99 MA 741 dövlət nömrə nişanlı qara avtomobil onların arxasınca düşüb”.

Məlumata görə, reportyorlar müxalifətçi Tofiq Yaqublunun işi üzrə prosesin keçirildiyi Apellyasiya Məhkəməsinə yola düşüblər.

“İçərisində bir neçə nəfər olan avtomobil də buraya gəlib. Jurnalistlər maşının içərisindəki şəxslərin onların şəklini çəkdiyini görüblər. Bunu məhkəmə binası qarşısında olan digər jurnalistlər də görüblər”.

Teymur Kərimov danışıb ki, məhkəmədən qayıtdıqdan sonra 9-cu mədəndən (Sabunçü rayonu) bir qadın ona zəng edərək, ağır vəziyyətləri barədə reportaj hazırlamağını xahiş edib.

“Mən oraya gəldikdə isə iki maşınla 4 nəfər gəldi və orada çəkiliş aparmamağı tələb etdilər. Mətbuat işçisi olduğumu bildirdim. Amma onlar çıxıb getməyi əmr etdilər, imtina etdikdə isə məni döyməyə başladılar və kameramı və noutbukumu əlimdən aldılar. Onlar kameranı sındırıb içərisində Əli Kərimli ilə müsahibə olan kartı götürdülər. Bu insanların kim olduğunu dəqiq bilmirəm, amma mənə hücum faktı ilə bağlı bu gün məhkəməyə şikayət verəcəyəm”, – Teymur Kərimov bildirib.

“Azad Söz” internet resursu bir neçə il əvvəl Avropada siyasi sığınacaq almış siyasi mühacir Tural Sadıqlı tərəfindən təsis edilib.

Ana səhifəXəbərlərAXCP: Əli Kərimlinin “Whatsapp” və “Telegram” hesabları ələ keçirilib