Azərbaycan Talışların İctimai Şurası

Source: Azərbaycan Talışların İctimai Şurası

Caption: Azərbaycan Talışların İctimai Şurası

ATİŞ: Azərbaycan hökuməti talışları xalq olaraq tanımır

Article was updated on :  15 September 2021

ATİŞ: Azərbaycan hökuməti talışları xalq olaraq tanımır

Hesabat: "“Talış” adı qadağan olunub"

“Talışlar xalq olaraq Azərbaycan hökuməti tərəfindən tanınmır. Hökumət talışlara münasibətdə faktiki olaraq onları tezliklə assimilyasiya etmək siyasəti yürüdür. “Talış” adı qadağa altındadır. Ölkədə talış adında heç bir QHT qeydə alınmır. “Talış” sözü Azərbaycan parlamentində və səlahiyyətli şəxslərin nitqlərində tələffüz edilmir”.

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) tərəfindən Avropa Şurası (AŞ) üçün hazırlanmış hesabatda belə deyilir.

Həmin hesabat 2016-2021-ci illər ərzində “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”nin Azərbaycan Respublikasında talış xalqına münasibətdə həyata keçirilməsi (əslində keçirilməməsi) vəziyyətini özündə əks etdirir.

Hesabatda bildirilir ki, talış ictimai və mədəniyyət xadimləri ölkə müstəqillik qazandıqdan sonra daim “separatçı” damğası ilə təqib və təziq altında olublar. Ölkədə talış dilində radio və televiziya yoxdur: "Üstəlik, talışlar ana dilində təhsil hüquqlarından məhrumdur. Talış toplumunun özunuidarəetmə hüququ yoxdur. Talış regionunda icra hakimiyyəti başçıları talış millətindən olmayan şəxslərdir. Hətta çox hallarda Talış regionundan faktiki təyinat alan deputatlar belə talış millətinə aidiyyatı olmayan şəxslər olur”.

Qeyd olunur ki, Azərbaycanda hətta talışların sayı da düzgün elan olunmur: "Məsələn, rəsmi statistikada onların sayı 112 min nəfər göstərilir".

Hesabat müəllifləri bildirirlər ki, müstəqil ekspertlər talışların sayının bundan ən azı 10 dəfə çox, 1-2 milyon atasında olduğunu düşünürlər.

Bu il Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişinin Azərbaycan Respublikası (AR) tərəfindən ratifikasiya edilməsinin 20 ili tamam olur.

Sazişin giriş hissəsində qeyd olunur ki, əsas qayə insan haqları və əsas azadlıqlarının müdafiəsidir: “Eyni zamanda, imzalayan dövlətlər müvafiq ərazilərində milli azlıqların mövcudluğunu müdafiə etmək öhdəliyi götürürlər. Eyni zamanda, iştirakçı dövlətlər hüququn aliliyi, dövlətlərin ərazi bütövlüyünə hörmət və milli süverenlik prinsipləri çərçivəsində milli azlıqlara mənsub şəхslərin hüquq və azadlıqlarının müdafiəsini də təmin etməlidir. Ancaq bu prinsiplər Azərbaycanda talışlara münasibətdə icra edilmir”.

Hesabatda bildirilir ki, respublika əhalisinin azı 20 faizini təşkil edən talış xalqının adı ən son nə zaman parlamentdə səsləndirilib, bilinmir: “Bunu xatırlamırıq. Eyni zamanda, bütün dünya coğrafiyaşünasları tərəfindən “Talış” adlandırılan tariхi ərazi məqsədli şəkildə başqa cür adlandırılır. Milli azlıqlara mənsub şəхslərin hüquq və azadlıqlarının müdafiəsindən isə yalnız sözügedən hüquqların mövcud olması müqabilində söhbət gedə bilər. Bu hüquqları Azərbaycanda hətta kağız üzərində belə görmək istəmirlər. Yoxsa, Azərbaycan Avropa Şurasına üzv olduğu zaman öhdəlik kimi götürdüyü “Milli azlıqların müdafiəsi haqqında" Qanunu qəbul edərdi”.

Azərbaycan Talışlarının İctimai Şurası 2019-cu ilin dekabrında yaranıb.

Təşkilatın yaydığı bəyanatda deyilirdi:

“Etnomüxtəliflik ölkəmizin multikultural zənginliyini, assimilasiyanı deyil, xalqlarımızın inteqrasiyasını şərtləndirən başlıca amildir! Bu da ilk növbədə, qarşılıqlı tanınmadan və qarşılıqlı olaraq hüquqlarımıza hörmətdən keçir. Azərbaycan Respublikası bizim hamımızın dövləti, ana vətənimizdir! Ona görə, Azərbaycan hökumətindən də gözləntilərmiz xalqımıza qarşı sivil münasibətin nümayiş etdirilməsilə bağlıdır. Məhz, belə bir situasiyanı formalaşdırmaq üçün, ATİŞ Azərbaycan Respublikası Konstitusiyasının 44, 45 və 58-ci maddələrini əsas götürərək, öz fəaliyyətinə başlamasını məmnuniyyətlə, ölkə ictimaiyyətinə bəyan edir”.

Azərbaycan prezidenti İlham Əliyev isə ölkədə yaşayan xalqlarla bağlı deyib:

“Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar. Milli azlıqların qorunması Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən əsas istiqamətlərindən biridir. Azərbaycanda digər xalqların və millətlərin də azad və firavan yaşaması üçün hər cür şərait yaradılmışdır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti, dövlət-din münasibətləri bütün dünyada nümunə kimi qəbul olunur”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  15 September 2021
Featured in:  
Shortlink:   http://mtv.re/lm099p

Most Viewed