Aslan İsmayılov: Ölkənin əmlakını dədə malı kimi satanlar məni ittiham edir

“Siz israr edib, bu işə baxmaq istəsəniz, mən məhkəmə zalını tərk edəcəm”

Foto: Meydan TV


“Siz israr edib, bu işə baxmaq istəsəniz, mən məhkəmə zalını tərk edəcəm”

Avqustun 27-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə keçmiş vəkil, “Viza” hüquq şirkətinin rəhbəri Aslan İsmayılovun haqqındakı cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hüquqşünas Cinayət Məcəlləsinin 221-ci maddəsilə – xuliqanlıqda ittiham olunur.

Məhkəmədə A.İsmayılov yazılı etiraz verib. Bildirib ki, onun haqqında cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxıla, ədalətli, obyektiv qərar çıxarıla bilməz. Hüquqşünasın sözlərinə görə, qanun da buna yol vermir. Səbəb isə budur ki, cinayət işində Binəqədi Rayon Məhkəməsində baş verdiyi iddia olunan xuliqanlıq hadisəsindən söhbət gedir. A.İsmayılov söyləyir ki, Binəqədi Rayon Məhkəməsi bu işdə maraqlı tərəf ola-ola burada necə obyektiv qərar çıxarıla bilər?

“Siz israr edib, bu işə baxmaq istəsəniz, mən məhkəmə zalını tərk edəcəm. Öz xoşumla burada qalmayacağam. Burada teatr qurulub. Mən oyuncaq rolunda iştirak etmək istəmirəm”, – deyə A.İsmayılov bildirib.

A.İsmayılov prokuror Fərahim Hüseynliyə də etiraz edib: “Zakir Qaralovun sifarişi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımdakı cinayət işini quraşdırıb. Məni öldürə də bilərsiz, asıb-kəsə də bilərsiz, amma əmin olun ki, bir gün mütləq bunların hesabını verəcəksiniz. Naxşıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov da sizin kimi idi. Ancaq indi haqsızlıq elədiyi adamlardan imdad diləyir. Sizin üçün də o günlərdən mütləq olacaq”.

Hüquqşünasın etirazı təmin olunmayıb. Hakim məhkəməni davam etdirəndə A.İsmayılov zalı tərk etmək istəyib. Qapıda onu məhkəmə nəzarətçiləri saxlayıb. Hüquqşünas məcburi şəkildə zalda saxlanmasına etiraz edib. Başqa yolu olmadığını görüncə, bildirib ki, ifadə verməyəcək, sualları cavablandırmayacaq.

A.İsmayılov dövlət hesabına ona təyin olunmuş vəkil Vahid Məmmədovun xidmətindən də imtina edib.

Məhkəmədə prokuror ittihamı elan edib. Orada qeyd olunub ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin köməkçisi gəlib A.İsmayılova onun Hafiz Hacıyevə qarşı iddiasına baxılmasından imtina qərarı çıxarılması barədə məlumat verib. Bundan əsəbiləşən A.İsmayılov əxlaq, birgəyaşayış normalarına zidd hərəkətlər etməyə başlayıb. İttihama görə, hüquqşünas əvvəlcə məhkəmə binasının daxilində səs-küy salıb, qapını vurub, divarın malasını töküb, daha sonra məhkəmənin həyətinə çıxıb və qışqırmaqda davam edib, hakimi təhqir edib.

A.İsmayılov ittihama münasibət bildirməkdən imtina edərək susub: “Mən bu məhkəmədə heç bir qisimdə iştirak etmək istəmirəm. Sizə də yazığım gəlir”.

Dövlət Əmlak Komitəsinin nümayəndəsi A.İsmayılova qarşı mülki iddia qaldıraraq, komitənin sərəncamında olan binaya 130 manat ziyan dəydiyini bildirib və hüquqşünasdan bu məbləği istədiklərini deyib.

“Ölkənin əmlaklarını dədə malı kimi satanlar, oğrular, cinayətkarlar indi gəlib məni qanunsuzluqda ittiham edirlər. Özləri milyonları oğurlayırlar, ölkəyə ziyan vururlar, elə bilirlər, hamı onlar kimidir. Gedin, Kərəm Həsənova çatdırın”, – A.İsmayılov komitənin nümayəndəsinə deyib.

A.İsmayılovun məhkəməsi sentyabrın 3-nə qədər təxirə salınıb.

Ana səhifəXəbərlərAslan İsmayılov: Ölkənin əmlakını dədə malı kimi satanlar məni ittiham edir