AXCP fəalı sərbəst buraxılıb (yenilənib)

Ancaq bu gün səhərdən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin qarşısında gözləyirik, bizə dedilər ki, burda belə bir adam yoxdur.

Source: Foto: arxiv

***


21.15.


Arzuman Qurbanov 1 saat əvvəl sərbəst buraxılıb və ona Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi iğtişaş) ilə saxladıqlarını bildiriblər.


Bu barədə Meydan TV-yə Arzuman Qurbanov özü məlumat verib.


Arzuman Qurbanov bildirib ki, saxlanılarkən onunla sərt danışılsa da, əli qandallansa da, fiziki təzyiq olmayıb:


“Mənə dedilər ki, sən adamları mitinqə çağırmısan, bu isə kütləvi iğtişaşa çağırışdır. Cavab verdim ki, 19 oktyabr aksiyasının icazəsiz olduğunu bilmirdim və izahat yazdım. Ondan sonra söylədilər ki, sosial şəbəkələrdə hakimiyyətə qarşı sərt ifadələr yazırsan, dayandırmalısan, bildirdim ki, mən bəyənmədiyim siyasətdən yazıram, polis olanda da haqsızlığa qarşı çıxmışam. Onlar mənim keçmiş polis zabiti olduğumu bilirdilər, bəlkə ona görə əl qaldırmadılar. Mən keçmiş polis zabiti olmuşam, 1991-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı müharibəyə görə Belarusdan vətənə qayıtdım və 1993-cü ilə qədər Kəlbəcərdə polis kimi döyüşdüm. Bir il sonra atəşkəs sazişi imzalandı, ardınca təqaüdə çıxdım”.


Arzuman Qurbanov ölkədən çıxışına qadağa qoyulduğunu bildirib:


“Mənə dedilər ki, mitinqə çağırış etdiyin üçün ölkədən çıxışına qadağa qoyulub. Telefon nömrələrimi götürdülər, bazar ertəsi araşdıracaqlarını və ləğv edəcəklərinə vəd etdilər”.

***


“Arzuman Qurbanovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilsə də, qurumdan təkzib olunur”

Noyabrın 8-də Sınıq Körpüdə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağstafa rayon şöbəsinin fəalı Arzuman Qurbanov DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə gətirilib.

Bu barədə Meydan TV-yə AXCP Qazax Rayon Təşkilatının fəalı Fəzail Əliyev məlumat verib.

Fəzail Əliyevin sözlərinə görə, Arzuman Qurbanov fəallığına görə saxlanılıb:

“Məsələ ondadır ki, Arzuman bəy yalnız rayonda deyil, sosial şəbəkədə fəaldır, hakimiyyəti tənqid edən yazıları ilə seçilir. Həm də son etiraz aksiyalarında da fəallıq göstərib. Yəqin elə buna görə saxlayıblar”.

Arzuman Qurbanovun həyat yoldaşı Səltənət Sadıxova dünən 102 ilə əlaqə saxlayıb. S.Sadıxovanın Meydan TV-yə dediyinə görə, Qazax Rayon Polis İdarəsindən ona deyiblər ki, yoldaşını Bakıya DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə aparıblar:

“102-dən mənimlə danışan polis zabiti dedi ki, Arzuman Qurbanov keçmiş polis işçisi olub, ona görə onunla çox normal davranılıb və DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.

Ancaq bu gün səhərdən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin qarşısında gözləyirik, bizə dedilər ki, burda belə bir adam yoxdur. Hazırda çıxılmaz durumdayıq, bilmirik kimə müraciət edək. Mən yenə saat 6-da bura gələcəm”.

Ana səhifəSiyasətAXCP fəalı sərbəst buraxılıb (yenilənib)