ANS telekanalının yayımı dayandırılıb (Yenilənib)

MTRŞ: “ANS-in yayımı müvəqqəti dayandırılır”

Source:

MTRŞ: “ANS-in yayımı müvəqqəti dayandırılır”


Meydan TV əməkdaşı ANS-in binasında olub. Ona içəridə yoxlama aparıldığı bildirilib və hadisə yerinə gələn jurnalistlər kanalın həyətindən çıxarılıb.  Adının açıqlanmasını istəməyən ANS əməkdaşının Meydan TV-yə verdiyi məlumata görəsə, kanal tamamilə boşaldılıb, gecə növbəsinin işçiləri ofisin həyətində xəbər gözləyirlər. Kanalın məsul şəxsləri işçilərə yayımın qeyri-müəyyən müddətə təxirə salındığını deyib. ANS-in rəhbərləri Vahid Mustafayev və Mirşahin Ağayev hazırda iş yerində deyillər. İşçilər onların prokurorluqda olduğunu güman edirlər.

***

ANS Televizyasının və radiosunun yayımının dayandırıldığı bildirilir. APA-ya ANS-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib. Ancaq bu barədə rəsmi açıqlama verilməyib.

Bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti Müşfiq Əmirov Meydan TV-yə deyib ki, Bakıda deyil, dəqiq məlumatı yoxdur.

ANS-in sözçüsü Mais Məmmədov isə ANS haqda xəbərə görə özünü pis hiss etdiyini, ancaq rəsmi məlumatı olmadığını deyib.

Son məlumata görə, hazırda dövlət qurumlarının əməkdaşları ANS-in yerləşdiyi binadadırlar.

Milli Televiziya və Radio Şurası (MTRŞ) da ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb.

Şuradan APA-ya daxil olan məlumatda bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.

Ana səhifəXəbərlərANS telekanalının yayımı dayandırılıb (Yenilənib)