”Aliment ödəmir, kiçik oğlunun üzünü də görməyib”

Ağsu sakini məhkəmə qərarının icra olunmamasından narazıdır

Source:
Validə Zahidova
Validə Zahidova


Ağsu sakini məhkəmə qərarının icra olunmamasından narazıdır

“Qızım Rüxsarə Zahidova dörd ildir ki, həyat yoldaşından rəsmi qaydada boşanıb. Bu evlilikdən iki azyaşlı oğlu var. Keçmiş həyat yoldaşı Ağsu Rayon Məhkəməsinin qərarını saymır, uşaqlarına aliment ödəmək istəmir”.

Bu sözləri Meydan TV-yə Çaparlı kənd sakini Validə Zahidova deyir. Onun sözlərinə görə, Hacıyev Anar Vəli oğlu övladları ilə maraqlanmadığı üçün, 7 və 8 yaşlarında olan hər iki uşaq onun himayəsindədir:

“Arada söz-söhbət olub, dəfələrlə demişik. Amma bu adamın heç vecinə deyil. İkinci uşağının üzünü hələ görməyib. Bu, necə atadır? Həyat yolaşım Qarabağ döyüşlərində güllə yarası almışdı, amma yaşayırdı. Güllə yanından girib, sinəsində qalmışdı. Bir müddət sonra qəlpə boğazında göyərmə verdi. Həkimlər əməliyyat edən vaxt öldü. Deməyim odur ki, vəziyyətim çətindir. İmkanım olsa, onlardan pul tələb etmərəm”.

Validə Zahidova deyir ki, Ağsu Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Anar Hacıyev hər ay iki uşağa görə 160 manat aliment ödəməli olduğu halda bundan boyun qaçırır:

“Hər uşağa görə 80 manat kəsilib. Bakıda fəhlə işləyir, amma uşaqlarına kömək etmir. Qızım boşanandan sonra onun dalınca düşmüşəm, kirayələrdə qalmışam. “Azqranata”da işləyir, aldığı 180 manat maaşın 70-ni kirayəyə veririk. Qalan pulla da dilənirik, yaşamırıq”.

Validə Zahidova bildirib ki, qızı mələsə ilə bağlı artıq Ağsu Ryon Prokurorluğuna şikayət məktubu yazıb.

Rüxsarə Zahidovanın keçmiş qayınanası Lyuba Hacıyeva isə Meydan TV-yə deyir ki, gəlini heç bir əsas olmadan oğlundan boşanıb. Hətta məhkəmə onlara barışmaq üçün üç ay vaxt verəndə belə, buna etiraz edib:

“Mən anlamıram, boşanmağı özü istədi. Oğlumun varını-yoxunu xərcləyib yedilər, pulu qurtaran kimi özü onu boşadı. Anar onu ovcunun içində saxlayırdı. İndi bizdən nə tələb edir? Ağsuda yaşayanda Anar bir gün gəldi ki, evlənmək istəyirəm. Mən də dedim ki, səni evləndirməyə pulum yoxdur. O da dedi ki, toyumu özüm edəcəyəm. Sonradan öyrəndim ki, Rüxsarə beşaylıq hamilədir. Ona görə də qız tərəf özləri tələsik toy etdilər ki, rayon yerində biabır olmasınlar. Oğlum üçüncü qrup əlildir. Uşaqlıqda keçirdiyi xəstəlikdən sonra sağ qolu işləmir, qaldıra bilmir. Sol qolu ilə birtəhər fəhləlik edir. Fəhlə işi də daimi deyil. Pulu olanda uşaqlarına göndərir. Əlilliyinə görə dövlətdən 50 manat təqaüd alır. Pensiya kartını onlara verib, pulu onlar götürür. Daha nə istəyirlər? Oğlumla mən Bakıda kirayədə yaşayırıq. Ağsuda evim var idi, oğlum 12 min manata satıb, Rüxsarəyə yedizdirdi. Oğlum indi heç nəsiz, lüt qalıb. Saxlaya bilmir, bir uşağı bizə versin. Niyə vermir? O özü Anarla evlənmək istəyib. Toyu da özü edib. Amma indi Anarı bəyənmir. Oğlumun hər şeyi olanda yaxşı idi, pul qurtarandan sonra təpik vurub, qovdu. Rüxsarə istəyir ki, mənim oğlum onun anasını, qardaşını, bütün ailəsini saxlasın. Amma onu görməyəcək. Mən qıza dedim ki, iki uşağınız var, barışın. Razılaşmadı, dedi ki, yox, mən onu sevmirəm”.

Vəkil Elçin Sadıqov Meydan TV-yə açıqlamasında bildirib ki, ata uşağına aliment ödəməkdən imtina etdiyi təqdirdə, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Alimentdən yayınma halının qarşısının alınması ilə bağlı qanunvericilikdə hüquqi prosedurlar mövcuddur. Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər. Şikayətçi aliment qətnaməsinin icra olunması ilə bağlı Ədliyyə Nazirliyinin icra xidmətinə şikayət etməlidir, bundan sonra müvafiq tədbirlər görüləcək. Məhkəmənin qərarı varsa, bütün hallarda icra olunmalıdır. Sadəcə olaraq, bəzən elə hallar yaranır ki, atanın imkanı olmur. Xarici ölkələrdə bununla bağlı aliment fondları yaradılır. Həmin alimentlər müvafiq ianələr və dövlət hesabına ödənilir. Ancaq bizdə bu yoxdur”.

Ana səhifəBölgə”Aliment ödəmir, kiçik oğlunun üzünü də görməyib”