Yadigar Sadıqlı

Source: Meydan TV

Caption: Yadigar Sadıqlı

Adnan Menderesin təyyarə qəzası

Qəzada 8 heyət üzvündən beşi, 16 sərnişindən doqquzu həlak oldu

1957-ci ilin sonlarında Demokrat Partiya (DP) iqtidarı üçün həyəcan siqnalı ola biləcək, sonralar “dokuz subay olayı” adını alacaq hadisə baş verdi. Ordu daxilində hökuməti devirmək məqsədilə bir qəsdin olması barədə informasiya daxil oldu. Bu məlumatı qəsdçilərdən biri olan binbaşı (mayor) Samet Kuşçu ötürmüşdü.

Amma qəsdçilərin də çox geniş əlaqələri var idi. Hətta müdafiə naziri Şemi Erginlə də rabitə qurmuşdular. Onlar Erginə çevrilişə rəhbərlik etməyi təklif etdilər, o isə imtina etsə də bunu hökumətə duyurmadı. Hökumət xəbər tutduqda isə əksinə, öz yavəri Adnan Çelikoğlu vasitəsilə qəsdçiləri xəbərdar etdi. Dekabrın 26-da Samet Kuşçu da daxil olmaqla doqquz hərbçi, o cümlədən qəsdçilərin lideri, yarbay (polkovnik-leytenant) Faruk Güverntürk həbs edildilər.

Orduya nəzarəti gücləndirmək istəyən Adnan Menderes yanvar ayında müdafiə nazirini dəyişdi. Şemi Erginin yerinə Baş nazirin daha çox etibar etdiyi uşaqlıq dostu Ethem Menderes (qohumluq əlaqələri yox idi) təyin edildi.

Doqquz zabit üzərində məhkəmə may ayında başladı. Donosdan vaxtında xəbər tutan qəsdçilər özlərinin əleyhinə olacaq sənədləri məhv etdiklərindən istintaqın əlində Samet Kuşçunun şifahi iddialarından başqa bir şey demək olar ki, yox idi. Altı ay davam edən məhkəmə səkkiz hərbçiyə bəraət verdi, qəsd barədə xəbər verən Samet Kuşçunu isə “ordunu üsyana təhrik etmək” ittihamı ilə iki il həbsə məhkum etdi.

Özü Osmanlı dönəmində “İttihad və Tərəqqi”nin gizli təşkilatlarından birinin üzvü olan prezident Celal Bayar bu hadisədən xeyli təlaşa düşdü və daha ciddi araşdırılmasını istədi. Amma Baş nazir Adnan Menderes silahlı qüvvələrlə münasibətləri korlamaqdan çəkinirdi. Orduda isə hökumətdən narazılıq getdikcə artır, onu devirmək istəyən şəbəkə genişlənirdi. Sonralar Cəlal Bayar yazacaqdı: “Doqquz subay olayı yaxşı dəyərləndirilsəydi, 27 may çevrilişi olmayacaqdı”.

***

Türkiyə iqtisadiyyatındakı mənfi meyllər 1958-ci ilin yayında iki məcburi qərarın alınması ilə nəticələndi. Avqustun 4-də dolların kursu 2,80 lirədən 9 lirəyə qaldırıldı. Bu, milli valyutanın qiymətinin dövlət tərəfindən təyin edildiyi bütün dövrlər ərzində ən yüksək faizli (221%) devalvasiya idi.

Elə həmin gün alınan başqa bir qərarla isə Menderes hökuməti defolt elan etdi, yəni xarici borcların ödənməsi üzrə öhdəlikləri yerinə yetirə bilməyəcəyini açıqladı. Bu, Osmanlı dövründə 1875-ci ildə elan olunan moratoriumdan sonra ikinci, cümhuriyyət tarixində isə yeganə analoji hadisədir. Aparılan dnışırlardan sonra xarici borcların ödənməsini 1971-ci ilə qədər uzatmaq razılığına gəlindi.

DP iqtidarının son illərində iqtisadi göstəricilər aşağı olmaqda davam etdi. İqtisadi artım 1958-ci ildə 4,5%, 1959-cu ildə isə 4,1% oldu. Həmin illərdə inflyasiya göstəriciləri isə müvafiq olaraq 15,7% və 22,6% oldular. Qiymətlət artdı, əhalinin həyat səviyyəsi aşağı düşdü. Adnan Menderesin Baş nazir olduğu 10 il ərzində dövriyyədə olan lirənin sayı dörd dəfəyə yaxın artdı – 900 milyondan 3,4 milyarda çatdı.

1957-ci ildə Türkiyənin büdcəsinin gəlirləri və xərcləri arasındakı saldo 196,2 milyon lirəyə bərabər idi. Bir il sonra yəqin ki, devalvasiyanın təsirindən defisit azalaraq 154,9 milyona düşdü. Amma 1959-cu ildə iki dəfədən də çox artaraq 341,9 milyona çatdı.

İqtidar 1958-ci ilin avqustunda adığı qərarların Türkiyə iqtisadiyyatının sağlamlaşdırılmasına xidmət edəcəyini umurdu. Amma bu, əgər həqiqətən də baş verəcəkdisə, daha çox vaxt tələb edirdi. Sonrakı hadisələr göstərdi ki, DP-nin o qədər vaxtı qalmayıb. Həmin dövrdə isə 4 avqust qərarları hökumətdən narazılığın daha da artmasına gətirib çıxardı.

***

1957-ci il seçkilərindən sonra iqtidar-müxalifət münasibətləri gərginləşməkdə davam edir. Nümayişlərə, toplantılara qoyulan qadağalar üzündən ölkədə siyasi çəkişmənin mövcud olduğu yeganə yer parlament qalmışdı. Dekabrda isə onun da daxili nizamnaməsi müxalifətin səsini boğacaq şəkildə dəyişdirildi. İstanbul universitetinin hüquq professoru Hüseyin Nail Kubalının dəyişiklikləri konstitusiyaya zidd adlandırması işdən çıxarılması ilə nəticələndi.

1958-ci ilin iyulundə Bağdadda baş verən bir hadisə Türkiyədə geniş rezonans doğurdu. İyulun 14-də hərbi çevriliş nəticəsində İraq monarxiyası devrildi, gənc kral II Faysal başda olmaqla bir çox hökumət nümayəndəsi qətlə yetirildi. Respublika elan olundu və general Əbdülkərim Qasım hakimiyyəti ələ keçirdi.

Türkiyədə çoxdan havada dolaşan hərbi çevriliş şayiələri İraq hadisələrindən sonra daha da aktuallaşdı. Bu söz-söhbətlərdən xəbərdar olan Adnan Menderes senyabrın 6-da Balıkəsirdə söylədiyi nitqində belə düşünənləri ölümlə hədələdi: “İdam sehpalarında can verenlerden ders alsalar ya...”. Ertəsi gün müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri İsmet İnönüdən cavab gəldi: “sehpalar kurulursa, nasıl işleyeceğini kimse bilemez”.

1958-ci ilin payızı iqtidar-müxalifət münasibətlərinin həddindən artıq kəskinləşdiyi bir dövr oldu. Müxalifət düşərgəsində təmərküzləşmə gedirdi. Köylü Partiyası və Cümhurriyətçi Millət Partiyası birləşdi, Cümhuriyyətçi Köylü Millət Partiyası (CKMP) yarandı. Hürriyyət Partiyası isə CHP-yə birləşmək məsələsini müzakirə etmək üçün fövqəladə qurultay çağırdı. Nümayəndələrdən 175-i təklifin lehinə, 5-i əleyhinə səs verdi. Hürriyyətçilərn əksəriyyəti CHP-yə birləşdi, kiçik qisim DP-yə döndü. Fuat Köprülü və bir neçə digər şəxslər isə müstəqil qaldılar.

İqtidar müxalifətin birləşməsinə “Vətən cəbhəsi”ni yaratmaqla cavab verdi. Bu ideya SSRİ-də alternativsiz seçkilər zamanı irəli sürülən “kommunistlərlə bitərəflərin ittifaqı” düsturunu xatırladırdı. Vətən cəbhəsi DP üzvləri ilə bitərəflərin yaratdığı blok sayılırdı. Dövlət radiosu da bu məqsədə alət edildi. Vətən cəbhəsinə qoşulanların adları günboyu bir neçə dəfə radioda oxunurdu. Heç kəsin tanımadığı adamların adlarını oxumaq və buna qulaq asmaq olduqca cansıxıcı məşğuliyyət idi.

Əvvəlki dövrlərdə iqtidar-müxalifət çəkişməsində o qədər də yer almayan prezident Celal Bayar bu dəfə kənarda qalmadı. Noyabrın 28-də Çorumda söylədiyi nitqində “millətin rifah və asayişinə əngəl ola biləcək hər hansı bir durum ortaya çıxdıqda, millətin əzm və iradəsinin o əngəli bir qarışqa kimi ayağının altında əzməyə müqtədir olduğunu” söyləyərək müxalifətə hədə-qorxu gəldi. Bu nitq müxalifətin kəskin etirazına səbəb oldu.

Düşmənçilik əhval-ruhiyyəsi cəmiyyətə də sirayət etdi. Xüsusən insanların bir-birini daha yaxşı tanıdıqları kiçik yaşayış məntəqələrində DP və CHP tərəfdarları eyni çayxanaya getmir, hətta bir-birlərinə qız alıb-verməkdən imtina edirdilər. Türkiyə vətəndaş qarşıdurması astanasında idi. Amma bu zaman baş verən bir hadisə gərginliyi keçici olaraq azaltdı.

***

Kiprin taleyi haqqında müzakirələr 1959-cu il fevralın 11-də Sürix razılaşmasının imzalanması ilə nəticələndi. Sənəddə Kiprin konstitusyası, adanın əsas əhalisi olan yunanların və türklərin hüquqları əksini tapır və təminat altına alınırdı. Bundan səkkiz gün sonra Londonda imzalanacaq razılaşma isə Kiprin müstəqilliyinin elanı tarixini təyin edəcəkdi.

Adnan Menderesin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti fevralın 17-də Londona uçdu. Amma təyyarənin enəcəyi Hitrou hava limanı sıx duman üzündən bağlı idi. Dispetçer təyyarəni Londondan 47 km aralıda olan Qatvik hava limanına yönləndirdi. Burada da duman nisbətən seyrək olsa da, görünüş ciddi şəkildə məhdud idi.

Qatvikə yaxınlaşarkən, ehtimal ki, pilotaj xətası üzündən təyyarə tələb olunan zamandan daha tez aşağı hündürlüyə keçdi və hava limanının yaxınlığındakı meşəlikdə ağacların zirvəsi ilə toqquşdu. Yerə çırpılan təyyarə 250 metrə qədər süründü və hissələrə parçalanaraq dayandı.

Qəzada 8 heyət üzvündən beşi, 16 sərnişindən doqquzu həlak oldu. Ölənlər arasında mətbuat və turizm naziri Ali Server Somuncuoğlu, millət vəkili Kemal Zeytinoğlu, Anadolu Ajansının genel müdiri Şerif Arzık, Türk Hava Yollarının genel müdiri Abdullah Parla və başqaları vardı. Baş nazir Adnan Menderes isə əsasən üz nahiyəsini əhatə edən sıyrıqlarla və şokla qurtuldu. O, təcili şəkildə London Clinic xəstəxanasına yerləşdirildi. Kipr haqqında London razılaşmasını da iki gün sonra elə burada imzaladı.

Geriyə dönərkən Adnan Menderesi əvvəlcə İstanbulda, sonra da Ankara dəmiryolu stansiyasında böyük bir izdiham qarşıladı. Ankarada qarşılayanlar arasında CHP sədri İsmet İnönü və baş katibi Kasım Gülek də vardı. Onlar Baş nazirə “keçmiş olsun” diləklərini bildirdilər və həlak olan yoldaşlarından dolayı başsağlığı verdilər.

Bir çoxu bu hadisəyə ölkədə düşmənçilik həddinə çatan gərginliyi, iqtidar-müxalifət münasibətlərini yumşaltmaq üçün fürsət kimi baxırdılar. Adnan Menderesə cavab nəzakəti olaraq CHP-nin ofisinə baş çəkib bir stəkan qəhvə içmək təkif olunurdu. Amma bu, baş vermədi. Ehtimal olunur ki, Celal Bayar təklifin əleyhinə çıxıb. Prezident hələ də anlaşmaq əvəzinə “qarışqa kimi əzmək” tərəfdarı idi.

Əvəzində Demokrat Partiya üzvləri Menderesin xilas olmasından siyasi məqsədlər üçün istifadə etməyi qərara aldılar. Baş nazirin qəzadan sağ qurtulmasına möcüzəvi, dini anlamlar verildi, onun “Allahın sevimli bəndəsi” olması təbliğ edildi. Nəticədə, siyasi gərginlik yenidən artmağa başladı və Türkiyə qəti şəkildə hərbi çevrilişə aparan yola qədəm qoydu.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9l9tps

Most Viewed