Source: meydan.tv

82 yaşlı Balakən sakini: Prokurorluq məmurlara vəkillik eləməsin, vətəndaşları da nəzərə alsın...

“Prokurorluq nəyin necə olduğunu bilir, sadəcə, “Azərişıq”ın hərəkətlərinə göz yumur”

Balakən sakini Əli Dibirov deyir ki, ailəsinə dəymiş 400 min manatdan artıq ziyanı ödəməmək üçün saxta sənəd ortaya atılıb. Söhbət Əli Dibirovla “Azərişıq” ASC-nin Balakən Rayon Elektrik İdarəsi arasında imzalandığı iddia olunan müqavilədən gedir.

“O sənədi mən imzalamışamsa, niyə mənə vermirlər?”

Əli Dibirovun 82 yaşı var. O, Meydan TV-yə danışır ki, yaşına baxmayaraq, yaddaşı korlanmayıb. Bir çox hadisə var ki, uzun illər öncə baş versə də, onları dəqiqliyilə xatırlayır. Onun sözlərinə görə, Balakən rayon Elektrik İdarəsilə belə bir müqavilə imzalasaydı, yadında qalardı: “Adətən müqavilə bir nüsxə imzalanmır. Tərəflərin hamısında olmalıdır. Əgər belə bir sənəd doğrudan da mövcud olsaydı, məndə də bir nüsxəsi olardı. Təxminən 15 gün əvvəl müstəntiqlər gəlib bizi, qonşuları sorğu-sual edəndə o sənədi göstərdilər. Dedim ki, imza mənim imzama bənzəyir, amma mən belə müqavilə imzalamamışam. Biz o sənədin şəklini çəkmək istədik, icazə vermədilər. Əgər mənim imzaladığım sənəddirsə, niyə icazə vermirlər?”

FHN hesab edib ki, yanğının səbəbkarı Elektrik İdarəsinin səhlənkarlığıdır

Əli Dibirovun qızına məxsus 14 hissədən ibarət böyük bir obyektdə 2017-ci ilin iyulunda yanğın baş verib. O obyektin bütün hissələri, o cümlədən çörəkbişirmə sexi, mağaza və s. tamamilə kül olub. Həmin vaxt qonşuluqdakı evlərdə də elektrik avadanlıqları sıradan çıxıb. Baş verənlərlə əlaqədar araşdırma aparan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları belə nəticəyə gəlib ki, istər yanğına, istərsə də evlərdə avadanlıqların sıradan çıxmasına səbəb elektrik xətlərindəki qısaqapanma olub. İstintaqı aparanlar Balakən Rayon Elektrik İdarəsi əməkdaşlarının əməlində Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinin tərkibinin olduğunu müəyyənləşdirib. Lakin bu maddə ilə cinayət işinin istintaqını aparmaq prokurorluğun səlahiyyətində olduğundan iş materialları da Balakən Rayon Prokurorluğuna göndərilib.

“Prokurorluq uzun müddət materialları saxladı, yoxlamanı yekunlaşdırmadı. Bir ilə yaxın keçəndən sonra biz prokurorluğun hərəkətsizliyindən şikayətlər verdik, məsələni ictimailəşdirdik. Bundan sonra hərəkətə keçdilər. Hadisənin üstündən xeyli vaxt keçəndə guya “Azərişıq” prokurorluğa bir müqavilə göndərdi. Guya mən bir neçə il əvvəl müqavilə imzalamışam ki, transformatordan sonrakı hissədə elektrik xətlərində baş verə biləcək hər hansı hadisəyə cavabdehəm. Əgər doğrudan da belə sənəd vardısa, niyə dərhal təqdim eləmirdilər, neçə il gözləyirdilər?“, - Əli Dibirov belə deyir.

“Bu yaşımda mənə əziyyət verirlər”

Prokurorluq sözügedən müqavilə əsasında cinayət işi başlanmasını rədd edib. Lakin yanğın nəticəsində Dibirovlar ailəsinə və digər şəxslərə ziyan dəydiyinə görə Baş Prokurorluqda 5 iyul 2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb. Bu maddə ilə istintaqın aparılması üçün iş materialları Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinə göndərilib.

“Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri gəlib yenə bizi sorğu-sual elədilər. Üçüncü dəfədir ki, eyni prosesi keçirirlər. “Azərişıq”ın səhlənkarlığı var, amma onlar boyunlarına almaq istəmirlər. Bu da başadüşüləndir. Çünki bizim ailəyə dəyən 400 min manatdan artıq ziyanı, qonşuların sıradan çıxan avadanlıqlarına görə ziyanı bu halda, onlar ödəməlidir. Prokurorluq da nəyin necə olduğunu yaxşı bilir. Sadəcə, hansısa səbəblərdən, bəlkə də nəyinsə müqabilində onların hərəkətlərinə göz yumur”, - 82 yaşlı Balakən sakini əlavə edib.

Əli Dibirov prokurorluğun hərəkətlərindən məhkəməyə şikayət etmək niyyətindədir: “Bu yaşımda mənə əziyyət verirlər. Bir müddət əvvəl Baş Prokurorluğa şikayətimizə cavab gəlib ki, “narazısınızsa, məhkəməyə şikayət edin”. Olmaz ki, siz özünüz əməkdaşlarınızın hərəkətlərinə, verdikləri qərarlara nəzarət edəsiz?! Qərar verəndə məmurlara vəkillik eləməsinlər, vətəndaşları da nəzərə alsınlar”.

Prokurorluq: “Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb”

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəis müavini Fəqan Mahmudov Dibirovlar ailəsinin şikayətinə cavab olaraq bildirib ki, Balakən Rayon Prokurorluğunda ətraflı araşdırma aparılıb. Baş vermiş yanğınla əlaqədar “Azərişıq” ASC-nin Balakən Rayon Elektrik İdarəsinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi aşkarlanmayıb. Ona görə də onlar haqqında cinayət işi başlanması rədd edilib.

Prokurorluğun cinayət işi başlanmasının rədd olunması haqda qərarında iddia olunur ki, Dibirovlara məxsus, yanğın baş verən ticarət obyektində daxili elektrik xətləri normativlərə uyğun çəkilməyib: “Daxili elektrik xətlərinin çəkilməsi layihələndirilməyib, ixtisaslı mühəndis və ya usta tərəfindən həyata keçirilməyib, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb”.

Sənəd

Sənəd

Source: Meydan Tv

Sənəd

Sənəd

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zx1zey

Most Viewed