300 itin sahibi haqqında qərar gələn həftə veriləcək

“Sahibsiz itlərin saxlanılması icra hakimiyyətinin işidir”

Xəzər rayon Məhkəməsində icra başçısı Gülağa İslamovun Mərdəkan qəsəbəsində həyətyanı sahəsində 300-ə qədər sahibsiz it saxlayan Eldar Mansurova qarşı iddiasına baxılıb.

Hakim Əkrəm Qəhrəmanovun sədrliyilə keçirilən məhkəmədə Xəzər Rayon icra Hakimiyyətinin nümayəndəsi vəsatət qaldıraraq, qonşular, Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşından ibarət beş nəfərin şahid qismində dindirilməsini xahiş edib. Vəsatət təmin olunub.

İcra başçısının nümayəndəsi iddia ərizəsi barədə məlumat verərək bildirib ki, E.Mansurova məxsus ərazidə 300-ə qədər itin saxlanması ətrafda yaşayanlarda narazılıq yaradır.

Nümayəndə E.Mansurova məxsus yaşayış sahəsindən sahibsiz itlərin çıxarılıb Sahibsiz Heyvanların Qayğı Mərkəzi göndərilməsini, onun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

E.Mansurov isə iddianın əsassız olduğunu bildirib: "Sanitariya qaydasını pozmamışıq. Yalandır. Sahibsiz itlərin saxlanılması icra hakimiyyətinin işidir. Onlar vəzifələrini icra etmirlər deyə, biz onların işini görürük".

Sahibsiz itlərin ianələr hesabına saxlandığını deyən E.Mansurov əlavə edib ki, problemin həlli, onlar üçün ərazi ayrılması məqsədilə keçmiş Baş nazir Artur Rəsizadədən tutmuş, Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova və Xəzər rayon Icra Hakimiyyətinə, Mərdəkan Bələdiyyəsinə qədər bir çox dövlət orqanına müraciət edib. Müraciətlər nəticəsiz qalıb. İcra hakimiyyəti cavab verib ki, balanslarında bu məqsədlə ayırmağa torpaq yoxdur.

Daha sonra şahidlər dindirilib. Xəzər rayon Gigiyena və Epidemiologiya İdarəsinin nümayəndəsi E.Cəfərov 2 ünvanında çoxsaylı sahibsiz itlərin saxlanması ilə əlaqədar şikayətlər gəldiyini, akt tərtib olunduğunu bildirib.

Qonşular itlərin məhvində maraqlı olmadıqlarını, lakin başqa yerə köçürülməsini istədiklərini bildiriblər. Onların sözlərinə görə, çoxsaylı itlərə görə ərazidə səs-küy, pis qoxu olur.
Şahidlərin dindirilməsi başa çatdıqdan sonra hakim müşavirəyə gedib. Bildirilib ki, qərar oktyabrın 1-də elan olunacaq.

İt saxladığına görə məhkəməyə verilən E.Mansurov keçmiş polis zabitidir. Ondan məhkəməyə şikayət edən Xəzər rayonunun icra başçısı Gülağa İslamov iddia ərizəsində yazır ki, Mərdəkan sakini olan bir qrup şəxs icra hakimiyyətinə E.Mansurovun qəsəbədə, R. Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması haqda məlumat verib. İcra başçısının sözlərinə görə, sakinlərin şikayəti araşdırılıb, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Mərdəkan bələdiyyəsi və s. 10-a qədər orqanın əməkdaşları E.Mansurovun həyətinə baxış keçirib. G.İslamov iddia edir ki, baxış zamanı həmin ərazidə kəskin qoxu və səs-küy gəldiyi məlum olub. Araşdırmalardan sonra E. Mansurova barəsində inzibati xəta protokolu tərtib olunub, ondan sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub.

"Xahiş edirik, araşdırma aparılıb, qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edəsiniz”, - icra başçısının iddia ərizəsində tələb belədir.

Meydan TV sözügedən ünvandan reportaj hazırlayıb.

Məhkəməyə verilən ev sahibi Eldar Mansurovun oğlu Fərid Mansurov Azərbaycan Heyvanların Müdafiəsi İctimai Biriyinin heyvan haqları üzrə inzibatçısıdır. Sığınacaq onun təşəbbüsü ilə üç il əvvəl açılıb. Yaralı itlər bu sığınacağa gətirilir, müalicə olunur və sahibləndirilir. Şikayətlər isə itlərin sayı çoxaldıqca başlayıb.

Sığınacağın qonşuluğunda yaşayan sakinlər itlərin ayrı yerə köçürülməsini istəyirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/d7mepl

Most Viewed