Nardaran hadisələri İran mətbuatında

İran mətbiatı Nardaran hadisələrini geniş işıqlandırıb. Həm rəsmi, həm də özəl xəbər saytlarındakı məqalələrin hamısında demək olar ki, eyni münasibət sərgilənib. Belə ki, bütün saytlarda xəbərlər şiələrə qarşı "səlib yürüşü" kimi təqdim edilir. Mehrnews, zeytunnews, shiasay.com, pajvak.com, tnews.ir, press.tv, jazzservices.net və digər geniş oxucu kütləsinə malik sayt və qəzetlər hadisə barədə ətraflı reportajlar yayınlayıb.

Bu media orqanları şiələrin Azərbaycanda təqib olunmasına hələ 2010-cu ildə hicabın məktəblərdə qadağası ilə başlandığını göstərərək, "hicab aksiyası" barədə də geniş məlumat verirlər. O da qeyd olunur ki, şiələrə qarşı ikinci hücum Həmədaninin Azərbaycan səfərindən sonra başlayıb.

Saytlar Azərbaycandakı "bəzi" dairələrin "Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadəyə Həmədaninin əlini öpməsini bağışlamadığını vurğulayır. Bütün məqalələrdə Tale Bağırzadə “Hojatülislam” kimi təqdim edilir. Onun adı çəkilən bütün xəbərlərdə adının önündə bu titul yazılıb. “Hojatülislam” İranın dini mədrəsələrində oxuduqdan sonra alınan dini rütbədir.

Xəbərlərdə Nardaran hadisəsi zamanı dünyasını dəyişmiş kənd sakinləri şəhid kimi təqdim olunur. Bildirilir ki, 8 nəfər şiə şəhid edilib, onlarla şiə yaralıdır. Bütün məscidlərdə onlar üçün dualar oxunub, namaz qılınıb.

Azərbaycandan İran mollalarına müraciət olub

İran mediası yazır ki, cümə xütbəsini bu məsələyə həsr edən Təbrizin və Tehranın imam cümələri (hansı ki, Xamneyinin səlahiyyətli nümayəndələri sayılırlar) 8 nəfər şəhidə görə xəbərdarlıq yayıblar.

Təbrizin imam cüməsi Ayətulla Müctehid Şəbistəri cümə xütbəsində Təbriz əhalisinə hadisə ilə bağlı bunları deyib: " Azərbaycan xalqı ilə polis arasında qarşıdurma olub. Hal-hazırda Nardaran xalqı mühasirədədir. Bu, müsəlman vətəndaşları olan bir ölkəyə yaraşmaz. Biz namaz qılanlar bu hadisəni qınayırıq. Azərbaycan dövlətindən tələb edirik ki, müsəlmanları tutmaq əvəzinə Azərbaycan müsəlmanları ilə barışığa getsin".

Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli isə cümə xütbəsində deyib ki, Azərbaycandan İran din adamlarına xeyli müraciətlər var:

"Din adamları imanlı xalqın müraciət yeri olduğu üçün bununla bağlı bizə oradakı azərilərdən, həm də İran azərilərindən xeyli müraciət edilib. İnsanlar narahatdır. Biz ümid edirik ki, Azərbaycan höküməti vəziyyətin daha da pisləşməsinə imkan verməyəcək".

İran mətbuatı polisləri “ölü” adlandırıb

Nardaran hadisələri ilə bağlı xəbərlərdə diqqət çəkən məqamlardan biri də hadisələr zamanı dünyasını dəyişən polislər haqqında "qarşı tərəf polislərdən ölü düzəltdi " ifadəsidir. Eyni mətndə Nardaran şiələri "şəhid" , polisi "ölü" kimi təqdim edilir. Amma saytların bir çoxunda cümlə bu formada qurulub: "Qarşı tərəf polisdən ölü düzəldərək, vəziyyəti daha da gərginləşdirməyə nail oldu".

Kimləri qarşı tərəf olaraq nəzərdə tutduqlarını isə bir neçə sayt açıqlayıb. Onlar göstərib ki, Azərbaycan silahlı qüvvələrinin içində olan vəhhabilər polislərin ölümünə səbəb olublar ki, şiələrə qarşı münasibət pisləşsin. Bu da hökümət və dindarlar arasında xaos yaratmağa xidmət edir.